Qafqaz Əvəzoğlu

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, AJB Şərqi Zəngəzur Jurnalistlər Təşkilatının sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri

Deməyin Əlağa dönüb dumana,
Sarıldı hardasa bir dağa, getdi.
Deyin hopa-hopa ürəyimizə,
Döndü didəmizdə bulağa, getdi!

Məni aqil olan tez düşər başa –
Söylərdi dərdini divara-daşa.
Axır dərdləriylə verib baş-başa,
Eylədi canını sadağa, getdi!

Keçirib göynəkdən hər gələn dərdi,
Balatək oxşayıb əzizləyərdi…
Hardasa “Dilqəmi” inildəyərdi,
Dönərdi bir gövrək uşağa, getdi!

Deyərdi, a Qafqaz, könlüm çağlamır,
Bir yanım tikandı, bir yanım mamır…
Onsuz da bu dünya qonaq saxlamır,
Bir gün də görərsən Əlağa getdi!