“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir. Layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat Yusif Vəzir Çəmənzəminliyə həsr olunub.

XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixinin ən parlaq nümayəndələrindən biri olan Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub.

İlk təhsilini Şuşada Molla Mehdinin məktəbində alıb. 1896-ci ildə Şuşa realnı məktəbinə daxil olub. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı aylıq yumoristik jurnal çıxarıb.

1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur “Məlik Məmməd” nağılını qələmə alır. O, “Çəmənzəminli” təxəllüsündən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.


1912-ci ildə Kiyevdə, 1919-cu ildə İstanbulda müxtəlif vəzifələrdə çalışıb. Bu dövrlər ərzində də ədəbi yaradıcılığını uğurla davam etdirib.

Vətəninə qayıdan Yusif “Bakı işçisi” nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyir, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyir.

1938-ci ildə Yusif Vəzir Özbəkistanın Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunub.

1940-cı ildə həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilib.

Mənbə: https://culture.gov.az/