Keçən il pandemiya səbəbindən ləğv edilən 25-ci Şanxay Beynəlxalq Film Festivalı cari il iyunun 9-dan 18-dək keçiriləcək.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, pandemiya səbəbindən 2022-ci ildə qəbul edilən festivalın təşkil edilməsinin ləğvi qərarından bu günə kimi təşkilatçılar dünyanın 128 ölkə və regionundan təxminən 8,8 minə yaxın film layihələri qəbul ediblər.
Qeyd edək ki, Şanxay Beynəlxalq Film Festivalı 1993-cü ildən təşkil olunur. Müxtəlif vaxtlarda festivalın münsiflər heyətinin üzvləri Oliver Stoun, Karen Şahnazarov və bir çox başqa tanınmış kinematoqrafçılar olublar. Bu festival çoxdan regional tədbir olmaqdan çıxaraq təkcə Asiyadan deyil, dünya kinosundan da bir çox ulduzları özünə cəlb edir. Bu illər ərzində festival Çin kinematoqrafiyasının inkişafının şahidi olub, eyni zamanda beynəlxalq mübadilə və mədəni əməkdaşlıq platformasına çevrilib.