Azərbaycanın Mədəniyyət və Portalının Baş redaktor müavini
Bir gün hardansa təəssüf dolu bir “AH” səsi eşidilər… Qulaqlara cingildəyən bu səs böyük bir peşmanlığın dərinliyindən gələr. Həyatının ən gözəl çağında itirdiyi əməyin, qırıldığı qəlbinin səsi qarışar bu “AH”lara və minlərlə qəlbi titrədər. Həyəcan dolu xatirələr, başgicəlləndirən xəyallar, sevgi dənizinə baş vuran o ülvi hisslər, həyatın axarına buraxar özünü. Elə bağırmaq istəyər ki, bəzən, amma heç pıçıltısı da, duyulmaz… Necə kövrələr, amma bir damla yaş da gəlməz gözlərindən. Sükuta qərq olar bəzən. Nədənsə ovsunlanar, nədənsə geri çəkilər. Üzündə, gözündə bir ümid olar, bəlkə də, nə vaxtsa gözündəki yaşlar səbəbini xoşbəxtliklə əvəz edər deyə… Hər dəfəsində əlinin tərsi ilə sildiyi yaşları, indi heç bir müqavimət göstərmədən süzülməsinə vəsilə olur. Sanki bir həyat cücərdir yaşlar ilə. Sus, yox sus… qoy danışsın o qəlbin sahibi… Danış, İntizar, danış… Nə danışım axı?! Həyatımdakı boşluğun verdiyi hansı olaydan danışım?! Mən ki şeirlərimlə danışmağı daha çox sevirəm… Bu necə mi olur? Öz həyatımı nağıl edərəm, sonra bu nağılı şeirimin hər misrasında yaşayıb-yaşatmağa çalışaram. Düşünürəm ki, yaşamasam, yaşada bilmərəm. Yəqin, o üzdən bu qədər qəlbə yaxınam. Bir az mən susaram, bir az mən əvəzdən qələm danışar… O məndən təcrübəlidir. Həyat haqqında danışmağa. Onu yazdıran mənim hisslərimi, məni də susmağa vadar edən Qələmimdir. Bu həyatın bumeranqıdır. Mən kənardan nə qədər güclü görünsəm də, sevginin əsiriyəm. Bu əsarət məni duyğulandırır və nəticədə bu duyğu dolu şeirlər yaranır. Mənim qələmim elə mənim özümdən danışır…