Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin gənci” mükafatçısı, Prezident təqaüdçüsü
Düşünürsən gecələr,
Soyuğu,
yalnızlığı.
Pəncərədən içəri
Dolur gecə sazağı.
Kimsə yoxdur otaqda,
Yalnızlıq içindəsən.
Narahat çarpayıda
Qıvrılır sakit bədən.
Dəli bir düşüncə var
Ürəyinin içində.
İllərdi gələn nəfəs
Dolaşırmı köksündə?
Axı, bu itən nəfəs
Hara gedir, görəsən?
Gecə pozur sükutu,
O, danışır, deyəsən:
“Bax, səmaya, dolanır,
Yerdə, göydə fırlanır.
Ürək durmur yerində,
O dayanmır, çırpınır.
Gözlər dikilib yola,
Kimi isə gözləyir.
Yola baxırsa gözlər,
Bəs niyə kədərlidir?
Yetdi zaman bu anda,
Qaraltı var uzaqda.
Bu son nəfəs, bu son söz:
“Nə gördüm ki, həyatda?”.