Müsahibimiz gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü Şəfa Vəlidir.
– Özünü təqdim edəndə ən birinci cümlə hansı olur?
– “Mən Şəfa Vəliyəm”. Və xüsusi qeyd edirəm ki, “Vəli” təxəllüs deyil. Soyadım Vəliyevadır. Ustad dediyim Əkbər Qoşalı DGTYB nəşrlərində “-yeva”ya lüzum görməyəndən sonra yazılarımın sonunda qısaca “Şəfa Vəli” yazmağı seçdim. İkinci cümlə isə belə olur: “Şair, yazıçı, redaktor, müasir dövrdə “dolanmaq” üçün lazım gəlsə, korrektor”.
– Ədəbiyyat adamının qazancı nədir?
– Əvvəlcə, ədəbiyyatın özünün insanlığın qazancı olduğunu vurğulamaq istəyirəm. Çünki ədəbiyyatın təməlində xəyal etmək, ardınca da bu xəyal barədə düşünmək dayanır. Bir anlıq təsəvvür edəndə ki, bəşər xəyaldan da, düşünməkdən də yoxsul ola bilərdi, adamın ürəyi sıxılır. Onda bizim axırımız nə olardı? Və ən pisi də məhz bu suala ünvan tapa bilməzdik. Bu pəncərədən baxsaq, ədəbiyyat adamları olduqca varlıdırlar. Yaza bilməyim, yaza bilməyimin dərkində olmağım mənə özgüvən verir, lazımlılıq hissi yaşadır. Bütün hissləri dəriniylə yaşamaq fərqliliyi belə, bir məqamda intihara “hələlik” deməyə səbəb ola bilir. Və bütün bunları, sadəcə, fəlsəfi təsir bağışlamaq üçün demirəm. Ədəbiyyat adamının özünü faş etməsi an məsələsidir. Ki, o bircə anın hökmünün nəyə qadir olduğunu hamı bilir. Məhz həmin anlarda özünü faş etməyən ədəbiyyat adamı mənimçün güclü deyil, sirlidir. Bunları bir kənara qoyaq, keçək “qazanc” sözünün maddi mənasına. Burda ümumi danışmayacağam; kiminsə gəlirindən danışmağı, o gəliri hesablamağı tərbiyəsizlik sayıram. Konkret olaraq, özümdən danışacağam. Ədəbiyyatdan bir yazar kimi, 1 manat da qazanmıram. Günahı çox yerdə axtarmışam; işsizlikdə, cəmiyyətin sosial qaydalarında, nəşriyyat sisteminin olmamasında və sair və ilaxır. Açığını deyim ki, hər bir “günahkar”ın günahını sübut etməkçün, ən azı, 2 arqument gətirə bilərəm. Lakin indi – 2023-cü ilin yanvar ayı üçün düşüncəm budur: “Kimdən işim keçir (keçə bilər)?” prinsipi ən böyük günahkardır. Mənə işi düşməyən (düşməyəcəyini də düşünən) bir naşir niyə mənim kitabımı çap eləsin ki?! Cümləmi bitirmə şəklim ona haqq verdiyimi göstərə bilər, amma bu prinsipə qəti şəkildə üsyan edirəm. Ədəbiyyatı da “işim keçər”ə bağlamağı bacardılar ha, “yazaraq dolanmaq” ümidinin xatirələrin içində büzüşməkdən başqa çarəsi qalırmı? Digər yandan, etiraf etməliyəm ki, daimi olmasa da, hərdən-birdən əlimə gələn qazanc yenə ədəbiyyata olan inam sayəsindədir. Ədəbiyyatın dünyanı xilas edəcəyinə inananlar məhz ədəbiyyatdan istifadə edərək öz həqiqətlərini dünyaya çatdırmaq istəyirlər. Mənsə bu ürəyi gözəl, ümidi gözəl insanların kitablarını redaktə edirəm.
– Redaktə yaradıcılığa mane olurmu?
– “Hə” də desəm, “yox” da desəm, yalançı olacağam. Bəzən əlimdəki bir hekayəni, romanı redaktə edərkən özümə söz verirəm: “Bunu bitirim, müəllifə göndərim, oturub filan yarımçıq hekayəmi bitirəcəyəm”. Amma bir də başqa bir əsərin redaktəsinə başlayanadək o hekayə yadıma düşmür. Bu məqamda, redaktə mənə yazmaq üçün mane olmur. Başqa istiqamətdən baxanda isə belə qənaətə gəlmək olar: “Yadıma düşdüyü an o yarımçıq hekayəni bitirmək imkanımı əlimdən alan redaktədir”. Məsələn: Əli Rzazadənin “Uzaqdakı otaq” hekayəsini redaktə edəndən bu yana, “düymə-düymə” oynayan uşaqlarla bağlı bir hekayə yazmaq istəyirəm. Hələ hekayənin adına kompüterimdə fayl da açmamışam. Pıçıltıyla deyirəm bunu: Əli müəllimin hekayə, esse və şeirlərdən ibarət olan “Onun hekayəsi” kitabının nəşr tarixi 2022-ci ilin aprelinə aiddir. Bax, hekayə indi düşdü yadıma, indi də sənə müsahibə verirəm (gülür).
– Bildiyim qədər, detektiv əsərlər redaktə etmisən. Bu janr elədir ki, mütləqlik qorunmalıdır. Amma sənin qələmin bədiiliyə meyillidir. Mütləqlik yaradıcılığına nə qatır? Yaxud nəyi oğurlayır?
– İnsan gördüyü işdən nəsə öyrənir: ən inkar edilməz mütləqlik budur. Qaldı bədiiliyə, bircə cümlə ilə fikrimi ifadə etməyə çalışacağam. Ədəbi əsərin hər biri – janrından asılı olmayaraq, bədii olmağa məcburdur. “525-ci qəzet”də yayımlanan “Ədəbiyyatla bağlı kim nə düşünür?” adlı silsiləmin 3-cü yazısında bu haqda bir az “söylənmişəm”, hətta Adam Hallın təsvirindəki bədii zənginlikdən misal da çəkmişəm. Qaldı ki, müasirlərimiz olan detektiv yazıçılara, əksəriyyətinin bir problemi var: sona tez çatmaq. Hərdən redaktə prosesində bu sonun gəlişini məhz bədiiliklə “gecikdirirəm”. Uğurlu da alınır. Yəni mütləqlik mənim yaradıcılığıma təmkin qatır, mən də onu bədiiliklə bəzəyirəm. Detektiv janrı sevirəm. Amma oxumağı… Nə vaxtsa detektiv janrda nəsə yaza biləcəyəmmi, bilmirəm. Hərçənd, “Azərbaycanın ən gözəl oxucularından biri” dediyim Vəfa xanım Məmmədova “Xətir üçün” hekayəmi oxuyandan sonra yazmışdı ki: “Səndən roman gözləyirəm”. Onun bu əminliyindən sonra özümü roman yazmaqda gecikmiş kimi hiss etməyə başlamışam.
– Səncə, yazılarında demək istədiyini oxucu anlayıbmı?
– Burda, ən birinci, oxucu amilinin ədəbiyyatın mövcudiyyəti üçün önəmini müzakirə etmək yerinə düşər. Bəribaşdan deyim ki, müzakirəmiz açıq qalacaq. “Oxucu olmasa, ədəbiyyat yaşamaz” fikri də doğrudur, “oxucusuz da ədəbiyyat mövcuddur” fikri də. Yəni oxucunun olmasını bilmək yazan üçün xoşbəxtlikdir, növbəti əsərə başlamaq həvəsidir, özünütənqid vasitəsidir. Amma heç kimin oxumayacağını bilsəm belə, yazmaqdan əl çəkə bilmərəm. 5-ci ilə keçir ki, hekayələr kitabımın çap olunması arzusunun başını tumarlayıram. Və bu o demək deyil ki, çap olunub oxucuya çatmırsa, mənim hekayələrim mövcud deyil, yaxud bundan sonra hekayə yazmamalıyam. Qaldı ki, demək istədiyimin oxucuya çatmasına, bundan, yəqin ki, heç vaxt əmin olmayacağam. Bir dəfə bir şairin şeirləri haqqında yazı yazmışdım. Oxuyandan sonra heyrətlə demişdi: “Heç mən özüm bilmirdim ki, şeirim bu mənaya gələ bilər”. Onda anladım ki, müəllif nə yazır-yazsın, oxucu öz gördüyünü görəcək, öz anladığını anlayacaq. Bizimki, bir növ, istinad vermək, istiqamət təyin etməkdir. Yolçu (oxucu) o cığırda nə tapacaq, hansı gülü xoşlayacaq, hansı otu ayağıyla əzəcək, biz bunu bilə bilmərik.
– Real həyatdan götürdüyün obrazlarla üz-üzə gələndə hansı hissləri keçirirsən?
– Demək olar ki, əsərlərimdəki obrazların 90%-i real həyatdan götürülüb. Və onlarla üz-üzə gələndə susmalı olduğumu hiss edirəm. Ağzımı açsam, özümü faş edəcəyəm, sanki… “Bankın dördüncü mərtəbəsi”ndəki milliyyətcə rus olan xadimə ilə hər axşam rastlaşırdım, salamlaşırdım və su dolu vedrəni daşımaqda, ayaqaltını çırpmaqda dəfələrlə ona kömək etmişdim. Elə də çox söhbət etməmişdim, amma daxilindəki hiyləgərliyi “görürdüm”. Hekayə “Ruzigar” qəzetində çıxdı, həmin qadının əri oxudu və üz-üzə gələndə mənə dedi: “Mən də səni sakit qız bilirdim”. Və sakitcə başını sinəsinə əyib gözlərini yumdu. Bildim ki, arvadına heç nə deməyəcək… Əslində, o kişinin o andakı susqunluğu elə bir hekayə idi… “Günəş məktəbə gəlir” hekayəsinin qəhrəmanı bacımdır. Müəllim Rüstəm Əhmədov hazırda Şamaxıda yaşayır və hekayəni oxuyub. Mənə heç nə deməyib, amma hekayə çap olunandan, bir neçə həftə sonra feysbukda mənə dostluq atdı. Bildim ki, kövrəltmişəm onu. “Xətir üçün”dəki obrazların əksəriyyəti realdır və çoxu kənddəki keçmiş qonşularımızdır. Usum obrazının ağacları eşitmək, hiss etmək qabiliyyəti olduğunu da özümdən uydurmamışam; əsl adı Rüstəm olan, hamımızın Usum dediyi odunçu mənim sinif yoldaşım olub və bu günədək onun qədər təbiətlə iç-içə yaşaya bilən insana rast gəlməmişəm. Bircə, icazənlə, “Vampirin essesi”ndəki müəllimin adını çəkməyim. Tez rəhmətə gedib. Uşaqlarının gözlərindəki kədərdən utanıram…
Şahanə MÜŞFİQ
Mənbə: https://525.az/