Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Gör nə vaxtdı görüşmürük əzizim,
Nə var, nə yox, söylə halın necədi?
Sənsiz keçən günlərimi sel yuyur
Mənsiz keçən qeylü-qalın necədi?
İncələnib ürəyimin telləri,
Həsrətimin ayağı yalın qalıb.
Səndə mənim nəyim qalıb biımirəm,
Məndə sənin bir ovuc gülün qalıb.
Ətrin qalıb hər qurumuş ləçəkdə,
Xatirələr dağıdıb didir məni.
Dur qarşıla, qapında dayanmışam,
Son görüşdü, bir azca dindir məni.
Nə sehrdi bu qurumuş güllərdən,
Əl götürüb ayrıla biləmmirəm.
Bu nə sevda, bu nə əzab,nə dərddi,
Nə yaşaya billəm, nə öləmmirəm.
Baxışlarım qonağındı hər gecə,
Ümidlərim od tutub yanır indi.
Mənim ürəyimdə qoyduğun sevgi..
Tək sənin başına dolanır indi.