“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Hansı ölüm yaxşıdı
Ölümlərin içində?
Bir dinclik tapmayıb
Yorulub ölmək?
Yoxsa
Onun gözlərinə, baxışlarına
Vurulub ölmək?
Ürəyimin içindədi,
Əlimin çölündə yoxdu,
İlahi, məni başa sal,
İlahi, bilim dəə, yoxdu.
Ayağımdan çəkildi yol,
Yıxıldım ürəyin üstə.
Mən onun məhəbbətinə
Tutuldum, heç nəyin üstə.
Kimsən, kiminləsən,
Kimə aidsən?
Səni sevmək istəyirəm,
Müsaitsən?
Sevgi nədir ki, guya?
Bir şeyin ki axırı
Əvvəlindən bəllidi.
Amma, yenə
Bu darısqal dünyamızın içində
Bir qırıq təsəllidi.
Ömür bölüşməli yaşımız deyil,
Gəl ürək bölüşək,
Gəl söz bölüşək.
-Bir hüzün var ürəyimdə,
Bilmirsən,
Azalmaz, yüz bölüşək.
Hə, nə deyirsən?
Bir sən, bir də mən varam
Bu tapmaca oyunumda,
Əllərimi gizlətmişəm qoynumda,
Taparsanmı itirsəm?