“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətən oğulsuz olmasın” adlı kitab nəşr olunub.
Kitabın redaktoru və “Ön söz” müəllifi “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlıdır.
Bu barədə AZƏRTAC-a müəllif özü məlumat verib.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabda Ümummilli Liderin Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazi ilə görüşü zamanı çıxışları, Mirvarid Dilbazinin ona həsr etdiyi şeirlər toplanıb.
Müəllif yeni nəşri sədri olduğu birliyin Ulu Öndərin 100 illiyinə və “Heydər Əliyev İli”nə töhfəsi kimi dəyərləndirib. “Ön söz”də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi, həm də Moskvada fəaliyyət göstərdiyi dövrdə ədəbiyyatımızın inkişafında rolu, xidmətləri, qayğısı, söz və sənət adamlarına diqqəti önə çəkilib.
Mirvarid Dilbazi Ümummilli Liderin həmişə diqqətində olub, onun poeziyasındakı hiss və duyğuların saflığını görüşlərdə xüsusi vurğulayıb. Təsadüfi deyil ki, ağbirçək Xalq şairi ona səmimi və ərkyana “oğlum” deyə müraciət edirdi.
Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan Yazıçılar Birliyinin bütün qurultaylarında iştirakı və proqram əhəmiyyətli nitqləri ədəbiyyata qayğının mükəmməl sübutu kimi kitabda qeyd olunub.
Kitabda toplanan Mirvarid Dilbazinin Heydər Əliyev şəxsiyyətinə həsr etdiyi şeirlər Azərbaycan ədəbiyyatı tarixində qiymətli söz inciləri kimi yadda qalacaq.
Mənbə: https://azertag.az/