Mayın 7-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov və yazıçı-dramaturq Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” ikihissəli musiqili komediyası 85-ci dəfə oynanılacaq.

Bu barədə AZƏRTAC-a teatrdan məlumat verilib.

Yaranma tarixçəsi qəribə olan bu tamaşa illər öncə görkəmli teatr və kino aktyoru, Xalq artisti Hacıbaba Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanırdı. Lakin tamaşanın premyerasından 1 il öncə – 2006-cı ildə aktyorun 74 yaşında qəfil dünyasını dəyişməsi bütün planları dəyişir və 2007-ci ildə “Mən dəyərəm min cavana” onu sevənlərə təskinlik olaraq nümayiş olunur.

Gözlənilməz və maraqlı situasiyalarla zəngin səhnə əsərinin ilk təqdimatından 16 il keçməsinə baxmayaraq, yenə də öz aktuallığını itirməyib və çox böyük maraqla baxılır.

Quruluşçu rejissoru Yusif Əkbərov olan tamaşada rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nadir Xasiyev, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, aktyorlar Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Eleonora Mustafayeva, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Eleonora Abbasova, Murad Əliyev, Əli Kərimov ifa edəcəklər.

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

Mənbə: https://azertag.az/