Mayın 5-də Azərbaycanda Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyevin irsinin təbliği” beynəlxalq layihəsi çərçivəsində nəşr olunmuş “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində çıxış edən Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, “Heydər Əliyev. Həyatının 100 anı” kitabının Redaksiya Heyətinin sədri, müəllif Emil Nəsirli qeyd edib ki, Heydər Əliyev mənalı bir ömür yaşayıb. Onun istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olub. Azərbaycanın müstəqil və qüdrətli bir ölkəyə çevrilməsinin bünövrəsini məhz Heydər Əliyev qoyub. O, daim Vətənini, onun gələcəyini düşünürdü. Onu da qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun xalqımıza qazandırdığı tarixi qələbə də Ulu Öndərin ideyalarının təntənəsi, onun arzularının həyata keçməsi deməkdir. Ölkəmizin Qələbə qazanmasında, işğal altında olan torpaqlarımızın azad olunmasında vaxtilə Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı C.Naxçıvanski adına Hərbi Məktəbin yetirmələrinin xüsusi rolu olub.

Emil Nəsirli vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Yaxın 20 illik tariximiz bir daha sübut edir ki, Prezident İlham Əliyev atasının başladığı işləri çox böyük uğurla davam etdirərək ona da başucalığı gətirib. Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. 2020-ci ildə torpaqlarımız işğaldan azad edildi. Biz qalib xalq olaraq Ulu Öndərin 100 illik yubileyini qeyd edirik. Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında olan xidmətləri haqqında nə qədər danışsaq azdır. Məhz onun hakimiyyəti illərində Azərbaycan dövləti öz sosial-iqtisadi inkişafını əldə edib.

Bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ümummilli Liderə həsr olunmuş bu kitabda Ulu Öndərin həyatımızın bütün sahələrini əhatə edən zəngin elmi-nəzəri irsinin araşdırılmasına geniş yer ayrılıb və bu məsələlər ardıcıllıqla təhlil olunub. Respublikamızda və dünyada görkəmli ictimai-siyasi, dövlət və elm xadimlərinin Heydər Əliyevə və onun zəngin irsinə həsr etdikləri fundamental nəşrlərin və elmi əsərlərin gənc nəsillərə çatdırılması məsələləri də burada ümumiləşdirilib.

Tədbirdə təqdimatı keçirilən kitabın videoslaydı təqdim olunub.

Sonra Əməkdar incəsənət xadimi, dosent Fəxriyyə Xələfova, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Sevinc Haciyeva Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Onlar qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixində rolundan, demokratik, hüquqi dövlət quruculuğundan, ölkəmizin qüdrətlənməsində, xalqımızın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən danışıblar.

Tədbirdə Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver, TASS xəbər agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman, Avrasiya Təşəbbüsləri Beynəlxalq Fondunun Direktoru Əsgər Aytmatov, Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti professor Məhbubə Vəliyeva və digər şəxslər dünyaşöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə danışıblar.

Çıxışçılar əsasən Ümummilli Lider Heydər Əliyevin Həmkarlar İttifaqlarının inkişafında rolundan, müəyyənləşdirdiyi daxili və xarici siyasətindən, əsasını qoyduğu siyasi kursun mahiyyətindən, təhsil və idman sahəsinə olan xüsusi diqqətindən, gənclərə qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, bütün sferalarda uğurlu göstəricilərindən, habelə Şərqi Zəngəzurun və Qarabağın Ermənistan işğalından azad edilməsindən, bu gün həmin ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən bəhs ediblər.

Mənbə: https://azertag.az/