İndi arzuların da
mürgüləyən vaxtıdı
Saatdan xəbərim var,
artıq gecə yarıdır.
Bürünüb ümidlərə
Ağlımda sual yatır,
O da məndən beşbeter,
Şirin deyil yuxusu,
Tez-tez gəmisi batır.
Könlümdən nələr keçir,
Vergül-vergül dalınca…
Üç nöqtələr yol çəkir
Evimin eşiyində,
Bax, dünya yerindədi
Hər şey öz yeşiyində
Qıyıb çıxarmamışam,
Qalmısan ürəyimdə.
Hərdən yada düşürsən…
Hələ də uşaq kimi
Yırğalanır duyğular
məhəbbət beşiyində.
Sənin nə vecinədi,
Özün çıxıb getmisən
Qarışıq fikirlərim
gecə-gündüz it kimi
dayanır keşiyində
Qapır o xəyalını,
hürür bu ayrılığa…