Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları oxucularla birgə 18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Azərbaycan Milli İncəsənət Muzeyinə, Bəylər məscidinə və Tahir Salahovun ev-muzeyinə ekskursiyalar təşkil etdilər.
Kitabxananın əməkdaşları Təranə İsgəndərova, Gülnar Allahverdiyeva, Elvira Məmmədova, Elnarə Qarayeva və oxucular Azərbaycan Milli İncəsənət Muzeyində eksponatlarla və Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgiylə tanış oldular.
Kitabxananın Oxu zalının müdiri Təranə İsgəndərova Azərbaycan Milli İncəsənət Muzeyindəki antik və orta əsrlər Azərbaycan incəsənəti kolleksiyası, Qərbi Avropa, İtaliya, Flamandiya, Hollandiya, Almaniya, Rusiya və digər ölkələrin rəssamlıq nümunələri, ikona, heykəltəraşlıq və qrafik kolleksiyaları, toxuma və tikmə sənəti nümunələrinə aid eksponatlar haqqında məlumat verdi.
Kitabxanaçılar və oxucular muzeydə təşkil olunmuş Çin mədəniyyəti sərgisinə baxış keçirdilər, bələdçilər sərgi haqqında məlumatı oxuculara çatdırdı.
İçərişəhərdə Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşən Bəylər məscidinə ekskursiya zamanı kitabxananın əməkdaşları bu tarixi-memarlıq abidəsi ilə tanış oldular. T.İsgəndərova məscidin cəmi bir minarədən, üç nefli ibadət zalından ibarət olduğunu vurğuladı, məscidin qədim tarixi haqqında oxuculara məlumat verdi.
Kitabxananın əməkdaşları Tahir Salahovun ev-muzeyində də oldular. Onlar Azərbaycanın və SSRİ-nin xalq rəssamı Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş eksponatlara baxış keçirdilər, rəssamın memorial əşyaları, yaradıcılıq məhsulu olan qrafika və yağlı boya nümunələri haqqında məlumat aldılar. Kitabxanaçılar muzeydəki fotoarxivə baxaraq rəssamın fəaliyyəti haqqında fikirlərini söylədilər.