Bu gün Qırğızıstanda MDB ölkələrinin müzey, arxiv, nəşriyyat, kitab ticarəti nümayəndələri, habelə alimlər, yazıçılar və ictimai xadimlər “İnformasiya cəmiyyətində kitab, mütaliə və xatirə institutları” III Beynəlxalq elmi-praktik konfrans çərçivəsində kitab və mütaliə məsələlərini müzakirə edirlər.
Konfransda “Kitabxananın Beynəlxalq əlaqələri” layihəsi çərçivəsində Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi-informasiya və tərcümə şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva iştirak edir. Zakirə Əliyeva konfransda ”Uşaq ədəbiyyatı dünyasında uşaqlar: ədəbiyyatın populyarlaşdırılması və mütaliə məsələləri” məruzəsi ilə çıxış edəcək.
Bişkekdə mütaliə və tarixi mədəni-irsin populyarlaşdırılması məsələlərini Azərbaycandan, Belarusiyadan, Qazaxstandan, Qırğızstandan, Rusiyadan, Türkmənstandan, Özbəkstandan olan nümayəndələr müzakirə edəcəklər.
Konfransın təşkilatçıları Kitabxana Əməkdaşlığı Regionlararası Mərkəz, YUNESKO-nun “İnformasiya hamı üçün”
Proqramının Rusiya komitəsi və Qırğızıstan Respublikasının Milli Tarix Müzeyidir. Konfransa MDB iştirakçı-dövlətlərin Dövlətlərarası Hümanitar Əməkdaşlıq Fondu, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi və Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi dəstək vermişdir.