İnsan öz ömrünün kamillik dövrünə qədəm qoyur, onu peşəsindən və tutduğu vəzifəsindən asılı olmayaraq hər şeydən öncə belə suallar düşündürür: xoşbəxtliyi nədə axtarmaq, necə axtarmaq? Yaşamaqda məqsəd nədir? İnsanlığın ən böyük amalı nədir? Müdrik insan o suallara birmənalı cavab verir – insan insanın qayğısını çəkməli, Vətənini və xalqını sevməli, onların xoşbəxtliyi uğrunda mübarizə aparmalı, haqqı-ədaləti uca tutmalı, bu yolda heç bir çətinlikdən qorxmamalıdı. Bütün bu duyğular, bu hisslər ana südü, ana laylası, ata öyüd-nəsihəti ilə doğulur və bütün ömrü boyu insanın ruhuna, qəlbinə hakim kəsilir.
Elə insanlar mənsub olduğu xalqın ləyaqətli övladları olur, insanlığın bəzəyi və yaraşığı sayılırlar. Onların həyatı işığa, nura bələnmiş olur, heç vaxt çətinliklərdən qorxmurlar. Böyük inamla daha mübariz olub, daha qürurlu yaşayıb, xalqın, el-obanm hörmətini qazanaraq hər yerdə, hər zaman ağsaqqallıq kürsüsündə olub, adı ehtiramla çəkilir, müdrikanə sözləri dəyərli sayılır.
Əqidəsinə, amalına sadiq, sözübütöv, mərd insan olan Alişanov Şirindil Həsən oğlu son dərəcə pozitiv enerjiyə malik bir insandır. Tanınmış ziyalı ətrafındakı insanlarla xoş rəftarı, ünsiyyət bacarığı, yüksək mədəniyyəti, prinsipiallığı, gələcəyə yüksək inam hissi ilə diqqəti cəlb edir. Yaxından tanıyanlar Şirindil müəllimə böyük hörmət və rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş və yaradıcı şəxsiyyət kimi qəbul edirlər. Azərbaycan xalqı belə nəcib, xeyirxah, mərd şəxsiyyətləri ilə daim qürur duyub, onları özünün milli sərvəti sayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “XX əsr sovet dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 5 monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifi Şirindil müəllim Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına sanballı, ciddi töhfə vermiş, barmaqla sayılası alimlərdən biridir.
Şirindil Alışanlının elmi fəaliyyət dairəsi genişmiqyaslıdır. Onun “Sözün estetik yaddaşı!” (1994), “Romantizm: mübahisələr, həqiqətlər” (rus dilində), (2000), “Ədəbi-bədii düşüncənin sərhədləri” (2010), “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” (2011), “Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi” (2013) və s. bu qəbildən monoqrafiyaları nəzəri-elmi səviyyəsi ilə fərqlənən, müasir, çağdaş filoloji mühitdə elmi-estetik təfəkkürü zənginləşdirən, inkişaf etdirən və dost-düşmən qarşısına çıxarmağa layiq əsərlərdir.
Şirindil Alışanlı yarım əsrə yaxındır ki, ədəbi-elmi yaradıcılıqla yanaşı, milli-mənəvi irsimizin nəşri və təbliği sahəsində səmərəli fəaliyyət göstərir. “Sabah” nəşriyyatının təsisatçısı, “Elm” qəzetinin baş redaktoru (1993-1998) kimi klassik və müasir ədəbiyyatımızın, tarixi və dini mənbələrimizin onlarca nümunəsini nəşr etmiş, 1997-2013-cü illərdə sizin təşkilatçılığınızla yaradılmış “Elm” Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzi Azərbaycan elmini və mədəniyyətini XX əsr boyu qazandığı elmi axtarışların yekunu olan onlarca çoxcildliklər, sanballı monoqrafiya, lüğətlər nəşr etmişdir.
Filologiya elmlər namizədi Baba Babayev yazır: “Görkəmli ədəbiyyatşünas Şirindil Alışanlı Azərbaycan ədəbiyyatşünaslığında Yaşar Qarayevin konsepsiya kimi irəli sürdüyü məsələ-problemləri davam və inkişaf etdirmişdir. Ş.Alışanlı nəzəriyyəçi olaraq bədii ədəbiyyatın ideologiyadan və ictimai fikridən asılılığına nöqtə qoyur. Alim bədii ədəbiyyatı məhz obrazlı yaradıcılıq kimi, yəni dünyagörüşün təkrarsız və əvəzsiz bir forması kimi, canlı həyata və insana daha adekvat olan inikas forması kimi dərk edərək təhlil edir. Alim “Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində” məqaləsində (“Sözün yaşamaq haqqı”, 2022), “Səməd Vurğun və onun ədəbi nəsli avtoritar cəmiyyətin ədəbi-siyasi gerçəkliyi müstəvisində yazıb yaratmışlar”, – deyir. Nəzəriyyəçi daha dərin qatlara gedərək, heç kəsin görə bilmədiyi və ya deməyə gücü çatmadığı məsələləri də nişangaha gətirir”.
Bu günlərdə filologiya elmləri doktoru, professor Şirindil Alışanlının 70 illik yubileyi münasibətilə “Şirindil Alışanlı – 70” (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. – Bakı: Elm, 2023. – 664 s.) kitabı işıq üzü görmüşdür.
Kitaba filologiya elmləri doktoru Şirindil Alışanlı haqqında mətbuatda dərc edilmiş məqalələr, əsərləri haqqında rəylər, həmçinin məktub və təbriklərdən seçmələr, ona həsr edilmiş bədii nümunələr və alimin biblioqrafik göstəricisi daxil edilmişdir.
Kitab akademik İsa Həbibbəylinin “Ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqidin qovşağında” adlı ön sözü ilə başlayır. Ön sözdə deyilir: “Azərbaycan ədəbiyyatşünaslığında poetika məsələlərinin kompleks şəkildə araşdırılmasına da Şirindil Alişanlı əhəmiyyətli töhfələr vermişdir. Azərbaycan ədəbiyyatının tarixi poetikası” adı ilə nəşr etdirdiyi bir neçə məqalələr toplusu ədəbi-nəzəri fikrimizin nadir poetikaşünaslıq külliyyatlarıdır. Ədəbi janr haqqındakı araşdırmaları poetika konsepsiyasını zənginləşdirən və tamamlayan nəzəri baxışlardan ibarətdir”.
Professor Şirindil Alişanlı elmin zirvəsini fəth etmiş peşəkar, ədəbiyyatşünas alimdir. Əlli ildir ədəbiyyatşünaslığın müxtəlif sahələrində fədakarcasına, şərəflə xidmət edir və bundan sonra xidmət edəcək. Çox sayda alimlər yetişdirib, xüsusilə də bədii yaradıcılığın metod problemlərinin tədqiqi ilə məşğuldur. Şirindil müəllim ədəbiyyatşünaslığımızın ən parlaq simalarından biridir.
Mən alim dostumuza uzun ömür, can sağlığı arzulayıram!
Vüqar Əhməd
filologiya elmləri doktoru, professor,
Beynəlxalq Elmlər Akadeiyasının akademiki