Son illərdə bir sıra uğurlu layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində (AAB) növbəti layihə yekunlaşmaq üzrədir. “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı bu layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin sədr müavini Altay Məmmədli bildirib ki, layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk buraxılacaq. Artıq Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva ilə yanaşı aşıqlardan Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərləri ilə yanaşı, “Çeşmə” və “Misri” qruplarının ifasında qələbəmizi tərənnüm edən, ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları səsyazma studiyasında lentə alınıb. Ümumilikdə audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alacaq.
Layihənin rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Mənbə: https://azertag.az/