Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə 8-11 oktyabr tarixlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir.
Zəngin proqramı olan festivalın münsiflər heyətinin üzvləri, iştirakçıları və digər qonaqlar oktyabrın 9-da 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən, ölkəmizin qədim musiqi və söz-sənət beşiklərindən Şuşa şəhərinə səfər ediblər.
Səfərin məqsədi Azərbaycan mədəniyyətinə, ədəbiyyat elminə görkəmli şəxsiyyət bəxş etmiş Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olmaqdır.
Türk dünyasından gəlmiş kino xadimləri şəhərdəki “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın ermənilər tərəfindən viran qoyulmuş evini, “Xan qızı” bulağını, Seyidli məscidini (XVIII əsr) və Molla Pənah Vaqifin məqbərəsini ziyarət edib, Şuşa qalasının divarları önündə və Cıdır düzündə şəkillər çəkdiriblər.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada Azərbaycan dövləti tərəfindən genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Şəhərdə sosial infrastrukturun qurulması ilə yanaşı, əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası həyata keçirilir.
Qala-şəhərimiz qonaqlarda unudulmaz təəssürat yaradıb.
Mənbə: https://culture.gov.az/