Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə 8-11 oktyabr tarixlərində paytaxtımızda keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalı başa çatıb.

Oktyabrın 11-də Heydər Əliyev Mərkəzində festivalın bağlanış mərasimi keçirilib.

Mərasimdə rəsmi şəxslər, türk dünyasının tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə dörd gün davam edən festivala həsr olunan videoçarx nümayiş olunub.

Açılış nitqi söyləyən TÜRKSOY-un baş katibi Sultan Raev qonaqları salamlayıb. Festival barədə təəssüratlarını bildirən S.Raev Azərbaycanda olmağından məmnunluğunu ifadə edib: “III “Korkut Ata” Türk Dünyası Film Festivalı türk dünyası filmlərini tanıtmaq üçün böyük bir fürsətdir. Bu festivala gələcəkdə də dəstək olmağa davam edəcəyik”.

Sultan Raev çıxışının sonunda TÜRKSOY-un xüsusi mükafatını Xalq artisti Fəxrəddin Manafova təqdim edib.

Münsiflər heyətinin sədri Xalq artisti Vaqif Mustafayev festivalın əhəmiyyətindən bəhs edib.

Daha sonra sənədli və bədii filmlər müsabiqəsi üzrə münsiflər heyəti qonaqlara təqdim olunub.

Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə Hocaqulu Narlıyev, Mayagözəl Aymedova, Çarlıyar Seyidli (hər üçü Türkmənistan), Serdar Gökhan, Metin Günay ( hər ikisi Türkiyə), Həmidə Ömərova, Oqtay Mirqasımov, Orman Əliyev, Ağasi Məmmədli (hamısı Azərbaycan), Firdavs Abduxalikov (Özbəkistan) və Azamat Satıbaldı (Qazaxıstan) fəxri mükafatlarla təltif olunub.

“Jambıl” filminə görə qazaxıstanlı aktyor Dosjan Janbotaev, “Hep 33 yaşında” filminə görə türkiyəli rejissor Murat Pay jürinin xüsusi mükafatına layiq görülüb.

“Ən yaxşı aktyor” nominasiyası üzrə mükafatı Ahmet Amandurdiyev (“Qızıl alma”, Türkmənistan), “Ən yaxşı aktrisa” nominasiya üzrə mükafatı isə Təhminə Rafaella (“Məryəm”, Azərbaycan) qazanıb.

“Ən yaxşı ssenari” mükafatına “Abdulla Oripov” (Özbəkistan) filmi layiq görülüb.

“Ən yaxşı rejissor” nominasiyasında Zhuraeva Asel Talibzhanova (“Tanrıverdi”, Qırğızıstan) qalib olub.

“Ən yaxşı sənədli film” nominasiyasında 3-cü mükafat “Mənim dairəm” (Özbəkistan), 2-ci mükafat “Arqau” (Qazaxıstan), 1-ci və əsas mükafata isə “Sonuncu” (Azərbaycan) filmləri layiq görülüb.

“Ən yaxşı bədii film” nominasiyasında “Yıldız tozu” (Türkiyə, rejissor Ahmet Sönmez) filmi qalib olub. Mükafat Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyeva tərəfindən təqdim edilib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli növbəti “Korkut Ata” festivalının Türkmənistan Anev şəhərinə ötürülməsini və orada keçiriləcəyini simvolizə edən “Durna quşu” mükafatını Türkmənistan Respublikasının nümayəndəsinə təqdim edib.

Adil Kərimli çıxışında III “Korkut Ata” Türk Dünyası Film Festivalının əhəmiyyətini yüksək qiymətləndirib. Festivalın təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib.

Daha sonra “Dədə Qorqud” dastanının motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.

Mənbə: https://culture.gov.az/