Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərləri yeni mövsümdə də davam etdirir.
Bu çərçivədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabrın 19-da Mingəçevir şəhərinə yollanıb. Mingəçevir Dövlət Dram Teatrında italyan dramaturqu Pepino de Filipponun “Don Rafaello-trombonçu” əsəri ilə çıxış edəcək truppamız çox gözəl qarşılanıb.
Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, aktyorlar İradə Rəşidova, Ramil Məmmədov və Aydın Dəmirov iştirak ediblər.
Səhnə əsəri çətin həyat şərtləri içərisində çabalayan bir musiqiçinin ağır taleyindən bəhs edir. Don Rafaello trombonçudur, musiqi alətləri mağazasını işlədir, özünün dediyinə görə, bir neçə opera və balet yazıb. Evdə isə yeməyə heç nə yoxdur, vəziyyət ağırdan ağırdır. Don Rafael səfillikdən bir addım yuxarıda yaşayır, daha doğrusu, hər vəchlə səfil həyatını maskalamaqla məşğuldur – nimdaş geyiminin yırtıq-süzük yerlərini altda gizləyir, ağ köynək yerinə köynəyin görünən hissələrindən əcaib paltar düzəldir. Tamaşaçı onun musiqisi, operaları ilə deyil, reallığı, ailəsi, məişət həyatı ilə tanış olur.
Mənbə: https://azertag.az/