Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mədəniyyət və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Oyun Tərtibatçıları Emalatxanası bölməsi yaradılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, həmin bölməyə daxil olan “Oyun animasiyası” və “Oyun dizaynı” kursları üçün müraciətlərin qəbulu bu gün yekunlaşacaq.
Azərbaycanda ilk dəfə “Oyun dizaynı” kursunda səviyyə dizaynı, resurs idarəçiliyi, oyun monetizasiyası, hekayə yaradıcılığı, oyunların düzgün balanslaşdırılması kimi mövzuların əsasları tədris ediləcək. “Oyun animasiyası” kursunda isə videooyunlarda istifadə olunan animasiyanın əsasları, oyun personajı animasiyalarının yaradılması və həmin animasiyaların oyun mühərrikində tətbiqi kimi biliklərin iştirakçılara öyrədilməsi nəzərdə tutulur.
Kurs 3 ay müddətinə yekunlaşacaq. Kursun sonunda bütün iştirakçılar diplom işləri hazırlayaraq ilk peşəkar portfolioya sahiblənəcəklər.
Kursa qatılmaq istəyən şəxslər edu.creative.az linkinə daxil olub “Oyun Tərtibatçıları Emalatxanası” bölməsindən qeydiyyat üçün müraciət edə bilər.
Mənbə: https://azertag.az/