Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları şanlı tariximizin qürur səhifəsi 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü ərəfəsində “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” adlı elektron məlumat bazası hazırlayaraq istifadəçilərə təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında rəsmi sənədlər, Şuşa tarixinin xronologiyası, inzibati ərazi bölgüsü, tarixi-memarlıq abidələri, erməni qəsbkarlarının vandalizminə məruz qalan mədəniyyət, incəsənət nümunələri və bu gün həmin təhsil, mədəniyyət ocaqlarında aparılan bərpa-quruculuq işləri haqqında məlumatlar yer alır. Bazada görkəmli şəxsiyyətlərin Qarabağın incisi Şuşa şəhəri haqqında söylədikləri dəyərli fikirlər, mədəniyyət paytaxtı haqqında Azərbaycan və 10-dan çox xarici dildə qələmə alınan kitab, dövrü mətbuat materialları, musiqi nümunələri, izomateriallar təqdim edilir.
Elektron bazada Zəfər tarixinə, Prezident İlham Əliyevin Şuşa şəhərinə səfərlərinə, Şuşada keçirilən mədəniyyət tədbirlərinə həsr edilən bölmələr də mövcuddur. Məlumat bazasında Şuşa şəhərinin filmoqrafiyası, video və fotoqalereyası da təqdim edilir.
“Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.
Mənbə: https://azertag.az/