Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 9 Noyabr – Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar videomaterial hazırlanaraq izləyicilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda Azərbaycanın dövlət rəmzi bayrağımızın yaranma tarixi, inkişaf mərhələləri, onun üzərində olan rənglərin və simvolların mənası haqqında geniş məlumat verilir. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materialda ümumi məlumatlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlət bayrağı haqqında söylədikləri dəyərli fikirlər, səs yazıları da öz əksini tapıb. Materialda 30 illik həsrətdən sonra işğaldan azad olunan əzəli Azərbaycan torpaqlarında, Zəfər Paradında vüqarla dalğalanan Azərbaycan Bayrağının görüntüləri də təqdim edilir.

Videomaterialda milli istiqlal şairi Əhməd Cavadın, Xalq şairi Bəxtiyar Vahabzadənin müəllifi olduqları və milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən biri olan Azərbaycanın dövlət bayrağına həsr edilən şeirlərindən parçalar da yer alır. Bundan əlavə izləyicilər materiallarda Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi haqda da maraqlı məlumatlar əldə edə bilərlər.

9 Noyabr – Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar hazırlanan videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.

Mənbə: https://azertag.az/