Kanadada fəaliyyət göstərən EL TV ingilis dilində “Azərbaycanda qədim dinlər və multikulturalizm” adlı sənədli film yayımlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Kanadadakı “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn film “History of Azerbaijan” layihəsi çərçivəsində gerçəkləşdirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, filmdə zərdüştlük, İslam, xristianlıq, yəhudilik və digər dinlərin Azərbaycanda təşəkkül tapması tarixi, məscidlərin, kilsələrin, sinaqoqların fəaliyyət göstərdiyi, qədim məbədlərin qorunub saxlanıldığı, ölkəmizin zəngin multikultural dəyərlərə malik olduğu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan xalqı həmişə başqa millətlərin adət-ənənələrinə, inanclarına hörmətlə yanaşıb, ölkəmiz isə dini baxışlarına görə təqib edilən insanlar üçün sığınacaq məkanına çevrilib.
Mənbə: https://azertag.az