Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyədə işıq üzü görən “Azərbaycan uşaq ədəbiyyatından seçmələr” (Azerbaycan Çocuk Edebiyatından Seçme Eserler) kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. Bildirib ki, “bu nəşr Azərbaycan uşaq ədəbiyyatının Türkiyə təqdimatıdır. Türkiyə Azərbaycan ədəbi əlaqələrinin mərkəzində klassik və müasir ədəbiyyat yer tutsa da, uşaq ədəbiyyatı az yer tutur. Bu antoloji Türkiyə ilə Azərbaycan ədəbi əlaqələrində əhəmiyyətli ədəbi hadisədir. Bütün bunlara görə kitabı çapa hazırlayanlara minnətdarlığımı bildirirəm. Çapdan öncə bir neçə dəfə kitabın onlayn müzakirəsini keçirmişik və nəticədə çox mükəmməl bir kitab meydana gəlib. Bu, mühüm elmi nəticə deyil, amma çox mühüm nəticədir”.
Tədbirdə İzmir İli, Seferihisar İlçəsi, Təpəcik Ortaokulu, müdir yardımçısı, yazar Özgür Koray Yılmaz çıxış edərək vurğulayıb ki, “Uşaqlarımıza miraslarımızı ötürməyimiz lazımdır. Bizim ürəyimiz necə Azərbaycan üçün döyünürsə, gələcək nəsillərin də ürəyi Azərbaycan və Türkiyə üçün döyünməlidir. Ölkə başçılarımızın nümunəvi iş birlikləri bizi bu coğrafiyaya daha yaxınlaşdırdı. Gələcək əməkdaşlıqlarımız barəsində də təkliflərimizi irəli sürmüşük”.
Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və kitabdakı mətnlərin tərtibçisi, “Azərbaycan uşaq ədəbiyyatında məfkurə” adlı ön sözün müəllifi, Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova da çıxışlarında nəşrin özəlliklərindən bəhs ediblər.
Şairlərdən filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, uşaq yazarları Sevinc Nuruqızı, Reyhan Yusifqızı və İbrahim Yusifoğlu çıxışlarında kitab haqqında fikirlərini səsləndirərək şeirlərini oxuyublar.
Sonda İzmir İli, Seferihisar İlçəsi, Necat Hepkon Anadolu Lisesi Görsül Sanatları Öğretmeni, Grafik Kayıtlama Uzmanı, kitabın üz qabığının rəssamı Tuba Yılmaz çıxış edib.
Gülnar Səma
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi