Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Hüseyn Arif” Ədəbi Birliyinin sədri, AYB-nin üzvü, şair Saqif Qaratorpağın “6 saatlıq sükut” adlı şeirlər kitabının təqdimatı oldu
Tədbirin aparıcısı Əməkdar incəsənət xadimi, AYB-nin katibi Elçin Hüseynbəyli qonaqları salamladı, Saqif Qaratorpağın yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verərək, tədbirə uğurlar arzuladı.
Çıxış edənlər Saqif Qaratorpaq yaradıcılığında əsas xəttin sevgi, ayrılıq, həsrət olduğunu vurğuladılar. Nə qədər həsrət, ayrılıq, darıxmaq olsa da, qovuşmağa ümidini itirməyən şairin yaradıcılığının özünəməxsusluğundan, təkrarsızlığından söz açdılar. “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü professor Rüstəm Kamal “ən ülvi hisslərini qələmə alan, qarşı tərəfə sonsuz sevgi ərmağan edən, lakin hər bir halda sevdiyini sirr saxlayan şairi şeirlərini hamıya sevdirib, özü sirr qalan məharətli şair” adlandırdı. Şairə Güləmail Murad Saqif Qaratorpaq yaradıcılığından danışaraq şairin öz şeirini söyləməklə Saqif Qaratorpağı təbrik etdi. Şairlər, qiraətçilər, şairin könül dostları Saqif Qaratorpaq yaradıcılığını “Sevgidən doğulan poeziya” adlandırdılar.
“Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif Saqif Qaratorpağı və tədbir iştirakçılarını “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin adından salamlayaraq tədbirə uğurlar arzuladı. Saqif Qaratorpağı 60 illik yubileyi münasibətilə təbrik etdi: “Hörmətli Saqif müəllim, sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik. Sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə İctimai Birliyin 2023-cü il üçün nəzərdə tutulmuş illik hesabatında sizin Azərbaycan ədəbiyyatına göstərdiyiniz xidmət və Azərbaycan poeziyasına verdiyiniz töhfələr nəzərə alınaraq “Fəxri Diplomla” təltif edilməyiniz qərara alınıb. Tədbir öncəsi sizə məlumat veriləcək. Sizi də İctimai Birliyin İllik Hesabat tədbirində görməkdən məmnun olarıq”. Qeyd edək ki, Saqif Qaratorpağın “6 saatlıq sükut” kitabı “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Xəyyam Nəsibovun dəstəyi ilə nəşr olunub.
Sonda söz Saqif Qaratorpağa verildi. Şair tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi. Müəllifi olduğu bir neçə şeirini söylədi. Qonaqların alqışı ilə tədbir tamamlandı.
Səbinə YUSİF,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax Bürosunun Rəhbəri.