
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri
Kəndin gecələri daha əvvəlki kimi səsli-küylü, qonaqlı-qonşulu deyil. Daha evləri bir-birindən böyrütikən kolları yox, hündür daş hasarlar ayırır. Tamamilə sakitlikdir, elə bil ki, nə gündüz, nə gecə bu kənddə kimsə yaşamır. Yaşadığım bir həftə ərzində eşitdiyim səslər azan səsi və həyətdəki ördəklərin, qazların səsi oldu. Şanapipiklər yoxdur, günun günorta cağı oxumurlar, hətta uşaqlığımın ən gözəl xatirəsi axşam örüşdən gələn heyvanların da səsini eşitmədim. Hər kəs evinə çəkilib, qapılarını bağlayıb, əlində telefon, story-lərdən qonşusunun toyunu, yasını, gündəlik hara getdiyini bilir. Çox vaxt reaksiya da vermirlər, sadəcə olaraq izləyirlər.
Gecə kəndi piyada gəzməyi çox sevirəm və gəzdim. Ulduzlar yenə gözəl idi, uşaqlığımdakı kimiydi. Gündüzlər buludlar da eyni qalmışdı, böyük idilər, tərtəmiz idilər və dayanmayan, yorulmayan yolçu kimi yollarına davam edirdilər.
Rayon bazarında demək olar ki, hər kəs kədərliydi, qayğılarla əhatə olunmuş əhval-ruhiyyələri vardı. Qızların saçları rəngliydi, geyimləri müasir idi. Yenə ağlr yük daşıyan yaşlı qadınları gördüm, uzun geyinmişdilər və başlarına iki yaylıq bağlamışdılar. Altdakı yaylığa dingə deyilirdi.
Taksi sürücüsü isə dayanmadan danışırdı. Deyirdi ki, Moskvaya caduya görə qayıda bilmədim. Bu yerdə uca səslə gülməyimə fikir verməyib, mənə deyirdi ki,— aaa, inanmırsan? Burda nə edirdim, pul qazana bilmirəm.
Satıcılar mərhəmətliydi, endirimə tez razı olurdular, bu həm bazara, həm də ticarət obyektlərinə aid idi.
Hava çox gözəl idi, tərtəmiz, azca küləkli, tozsuz…
Uşaqlar şən idilər, amma coca-cola içirdilər, əllərindən telefon düşmürdü. Telefonsuz uşaqlar da gördüm, bankaya su doldurub, içinə ağacların gövdəsindəki qətranl yığan və həyatının ilk reaksiyasını aparan uşaqlar…