48000_129777903874457_1650907077_n3

***

Ömür tək adamın çəkmədiyi yük,
Ruhum əzab çəkir, dözüm, uyusun.
Gəl gör nə gündədir öpdüyün dodaq,
Gəl, barı barmaq sürt, közüm uyusun.

Min ildi Məcnun da, Leyli puçdu,
Min ildi yuxuda darıxırlar, qız.
Utana-utana qapı döyənlər,
Ömür yollarında karıxırlar, qız.

Gəl qoşa yeriyək bu qısa yolu,
Təklik sərf etməyən fərmandı, vallah.
Sənin gözlərindən qopan hər baxış,
Mənim gözlərimçün dərmandı, vallah.

***

Mən fikir çəkirəm, sən adam şəkli,
Biz bəxtcə, talecə yaxın adamıq.
Yadlar canımızdan kərpic çıxardır,
Biz torpaq deyilik, baxın, adamıq!

Ömrü mey camıydı Ömər Xəyyamın,
Ruhu mey damırdı camın altından.
Məni də bu dəhşət qorxudur, Allah,
Çək məni bu uçuq damın altından…

Yerin üç küncünə ağ tüstü dolub,
Göy yerin üstündə pərdədi demə.
Salam, yalqız küçə – təsəlli yerim:
– O qız çoxdan köçüb, ərdədi demə.