images

4 noyabr 2013-cü il tarixdə Dövlət Bayrağı Meydanında “9 noyabr-Azərbaycan Bayrağı günü”nə həsr olunmuş “Mənim üçrəngli bayrağım” mövzusunda Qaradağ rayon Gənclər və İdman İdarəsi və Qaradağ rayonundakı 274 saylı məktəbin təşkilatçılığı ilə ədəbi-bədii kompozisiya keçirildi. Kompozisiyadan əvvəl məktəblilər Dövlət Bayrağı Muzeyi və oradakı eksponatlarla əyani surətdə tanış oldular. Tədbiri giriş sözü ilə açan 274 saylı məktəbin direktoru A.Cəfərov məktəblilərin iştirakı ilə keçirilən belə kateqoriyalı tədbirlərin şagirdlər üçün əhəmiyyətindən danışaraq bu istiqamətdə Dövlət Bayrağı Muzeyindəki yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün pedaqoji heyət adından minnətdarlıq etdi. Sonra şagirdlər tərəfindən bayrağımızı tərənnüm edən şeirlər, mahnılar və milli rəqslər ifa olundu. Tədbirdə iştirak edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov “9 noyabr-Azərbaycan Bayrağı günü” münasibətilə rayon İcra Hakimiyyətinin xüsusi göstərişi əsasında rayonda silsilə tədbirlərin keçirildiyini və bu tədbirin müvafiq tədbirlər planının tərkib hissəsi olduğunu qeyd etdi. Ədəbi-bədii kompozisiyanın sonunda tədbirin təşkilati işlərində yaxından iştirak etmiş müəllim və şagirdlər Qaradağ rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və hədiyyələrilə mükafatlandırıldılar.