Tural Sahab 1989-cu ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olub.Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2009-cu ildən Gədəbəy rayonunun Soyuqbulaq kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır.2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
* * *
Gəl bu son bahar kimi
uçub-gedən durnaların səsində
ümidlərimin naləsində
gəl, ömrüm
gəl, gecələrin ən gecəsində
Ölümlərin ən gəncində
Əssin, külək
əssin, ürəyimin uçuq viranəsində
mən bahara sevdalı
mən bahara aşiq
utanqac bir təbəssüm
öp, ömrüm
öp və yaşa
baharların ən mənində
Son bahara bənzər təbəssümümdə.
* * *
Sənə şeir yazmaq istəyirəm, qadın
Sənin dilin ilə özümü ağlamaq
Məhv olan gəncliyimi
məhv olan həyatına qatıb
sənə olan sevgimi
sənə olan nifrəti
göylərdən atıb
torpaq altında sənə sarılıb
yatmaq istəyirəm qadın.
Oxumayacaq, sənə yazılan şeiri
səni ağladanlar
göz yaşlarını
doldurub badələrə
bədənini satın alıb
ruhlarını satanlar
Ağla məni, qadın
silim özümü, sənin yanaqlarında
sonra, gəl de- mənə
yazım özümü, yenidən
sənin dodaqlarında.