Kök üstə budağı neçədi, bildim,
Budaqda yarpağı neçədi, bildim,
Salxımı, saçağı neçədi, bildim,
Bu yaşıl ağacın altı bizimdi.
Saçağı tərpənir tellərin kimi,
Yarpağı oynaşır əllərin kimi,
Düyməsi açılıb tüllərin kimi
Bu yaşıl ağacın altı bizimdi.
Bu sevgi, bu layla, bu beşik bizim,
Çəkər növbəmizi bu keşik bizim.
Nəyimizə lazım ev-eşik bizim?
Bu yaşıl ağacın altı bizimdi.
Su içər sevginin kökü ömürdən,
Sevgi əl üzməsin təki ömürdən,
Xoş bir xatirədi iki ömürdən,
Bu yaşıl ağacın altı bizimdi.
Könlümüz havalı, gözümüz də ac,
Gəncliyin havası başımızda tac.
Bir sənsən, bir mənəm, bir yaşıl ağac,
Bu yaşıl ağacın altı bizimdi.
Atəş Allahındı, isti Allahın,
Ocaq Allahındı, tüstü Allahın,
Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın altı bizimdi.
Dən kimi səpələ, toxum kimi ək,
Zəlimxan, bu anın ləzzətini çək.
Hələ bizdən sonra çoxu deyəcək:
“Bu yaşıl ağacın altı bizimdi”.