* * *
Əriyib gedirəm sənsiz şam kimi,
Özüm kor olmuşam öz işığımdan.
Xəbər apardımı sənə zalımlar
Ütülü,ütüsüz qırışığımdan?
Güzəran dolanma qatıb başımı,
Hardadı könlümü ovudan səsin?
Görən baxıb deyir:-Yaxşıdır işin!
Görüm işim-gücüm başıma dəysin.
Məni soruşubsan o gün birindən,
Şükür yaşayıram yıxıla-dura.
Şükür,Gedib-gəlir hələ nəfəsim,
Şükür,alışıram təzə bazara.
Bir azca toxdadım ,sağ ol buna da,
Nə yaxşı yadından çıxmayıb adım.
Yamanca kövrəltdi məni bu xəbər,
Ötən günlər üçün elə susadım…
Ölüb dirilirəm gündə min dəfə,
Cavab tapammıram neçə suala.
Dostlar əhvalımı soruşur hərdən,
Şikayət etmirəm,deyirəm:-Əla!