48095_107722192758552_1897880626_a

Deyirik

Bu torpaq üstündə gəzib,
Verək əl-ələ deyirik.
Əməlimiz olmasa da,
Sözdə ki belə deyirik.

Duz basırıq yaramıza,
Ox atırıq sıramıza.
Sonra nədən aramıza
Düşdü vəlvələ deyirik.

Bir çəkən tək yüz yükünü,
Könül çəkir söz yükünü.
Yer boşaldır öz yükünü
Buna zəlzələ deyirik!

Avqust 2013

Dünya

Yaxşının ömrünü yetirər sona,
Yol verməz çiyninə yamanlar qona.
Hiyləgər qarı tək girər min dona,
Gəzdirər özündə hər adı dünya.

Zəngini acgözdü, kasıbı toxdu,
Namərdə məlhəmdi, comərdə oxdu.
Canında bir qarış saf yeri yoxdu,
Hamısı düyündü, yaradı dünya.

Zərgərin əlindən alıbdır zəri,
Qatıra diz üstə çökdürüb nəri.
Koroğlu piyada gəzir hər yeri,
Bəxş edib Həmzəyə qıratı- dünya.

Analar gözləri qan-yaşla doldu,
Övlad həsrətindən yanağı soldu.
Ismətli gözəlin saçını yoldu,
Ifritin başını daradı dünya!

Hər işi tərsinə, bax, aş-ayaqdı,
Xeyirə zərbədi, şərə dayaqdı.
Kiminsə gözündə nurdu, mayakdı,
Təmkinəm , gözümdə qaradı dünya!!

21.06.2013