İlkin ƏHMƏDOĞLU ( Babakişiyev İlkin Əhməd oğlu) 1984-cü i yanvar ayının 23-də Oğuz rayonunun Padar kəndində Azərbaycan Yazıçılar və Juranalistlər Birliklərinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, “Azad Qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru Nəcibə İlkinin ailəsində anadan olub.İbtidai və orta təhsilini Mingəçevir şəhər 2 saylı orta məktəbdə alıb.Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir Filialının Filologiya ( İngilis dili) fakültəsində bakalavr, Odlar Yurdu Universitetinin Bank işi üzrə isə magistr pilləsində ali təhsil alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri dərc olunub.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunmuşdur.2012-ci ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
2011-ci ildə gənc yazar İlkin Əhməoğlunun “Gözlə söyləmişdim…” adlı ilk şeirlər kitabı işıq üzü görüb.
ANANIN
Arzumdur anasız olmasın heç kəs,
Ana həsrətiylə solmasın heç kəs,
Sağ ikən biganə, qalmasın heç kəs,
Nə qədər ki, canı sağdır, ananın.
Olsaq da, a dostlar, əlli yaşında,
Körpəyik ananın biz yaddaşında,
Diz çökür, baş əyir dünya qarşında,
Qüdrətinə misal dağdır, ananın.
Kəbə tək başına dolan min kərə,
Qoymayaq tuş gəlsin qəmə-kədərə,
Ayaqları dəyən hər daş, dağ,dərə,
İnanın cənnətli bağdır, ananın.
GÜLÜM
Bilsəydim, hardasan qaçıb gələrdim,
Baxmazdım küləyə, yağışa, gülüm.
Dağları, daşları qucub gələrdim,
Möhtacam o süzgün baxışa, gülüm.
Bəlkə də yol çəkir həsrət gözlərin,
Kədərə bürünüb şirin sözlərin,
Məni haraylasa tənha əllərin,
Qoymaram od tutub alışa, gülüm.
Çox dedim sevgimiz düşməsin dilə,
Baxmadın sözümə sən bilə-bilə,
Küsdürdün İlkini ta indən belə,
O, çətin səninlər barışa, gülüm.