Kənan AYDINOĞLU

Zaman etibarı ilə Oğuz dillərinin ilk böyük şairi Yunus Əmrənin ədəbi-bədii yaradıcılığında istər xalq şeiri üslubunda ( qoşma, gəraylı), istərsə də klassik üslubda ( qəzəl, məsnəvi) qələmə aldığı şeirlərində ALLAH, “Quran”, Həzrət MƏHƏMMƏD peyğəmbər ( səlləllahu əleyhi və alihi və səlləm) tərənnümünə aid nümunlərə rast gəlmək mümkündür.Nəzərə alsaq ki, XIII əsrdə Türk dili Türk-İslam dünyasının üçüncü dili idi və məhz həmin illərdə Türkiyə təsəvvüf ədəbiyyatı formalaşaraq yeni yaranırdı.İslam dini ilə bağlı ədəbi-bədii nümunlərin yaranması əslində normal bir hal olaraq Türkiyə ədəbiyyatında cərəyan edirdi.
Təmiz türk dilinin bayraqdarı, “Vəhdəti-vücud” fəlsəfəsinin qaranlıqlarına dələn Türk-Müsəlman dünyasının ən böyük şairlərindən biri Yunus Əmrənin xalq şeiri üslubunda (xüsusən qoşma və gəraylılarında) Allah təalanın, müqəddəs və təməl kitabımız “Qurani-Kərim”in, Peyğəmbər Əfəndimiz Həzrət Məhəmmədin ( səlləllahu əleyhi və alihi və səlləm) adlarının dəfələrlə işlənməsi təsəvvüf şairinin qəlbinin dərinliyindən qopub gələn və gələcəyə hayqıraraq üsyan qoparan bir nidanın-Allahın təkliyini, “Qurani-Kərim”in qiyamət gününə qədər bəndələrə doğru yol göstərən rəhbər olduğunu, Peyğəmbər Əfəndimiz Həzrət MƏHƏMMƏD ( səlləllahu əleyhi və alihi və səlləm) hər bir bəşər övladı üçün nümunə olduğunu təsdiqləyən növbəti faktorlardan biri olaraq oxucu diqqətini özünə cəlb edir.Təsəvvüf şairinin “Allah”, “Adı gözəl, özü gözəl Məhəmməd” şeirləri deyilənləri bir daha ədəbi fakt kimi təsdiqləyir:
Yunus söyler bu sözleri, efgan eder bülbülleri
Dost bağçesinde gülleri, koka geldi, koka gider
Və ya
Canım kurban olsun Senin yoluna
Adı güzel, kendi güzel Muhammed
Şefaat eyle bu kemter kuluna
Adı güzel, kendi güzel Muhammed
Yunus Əmrə sonuncu peyğəmbər Həzrət MƏHƏMMƏD ( səlləllahu əleyi və alihi və səlləm) “Haqq peyğəmbəri”, “mələklər mülkünün sultanı”, “Tanrı elçisi”, “nur mənbəyi” kimi qiymətləndirir:
Aşık Yunus n’eder dünyayı Sensiz
Sen Hak Peygambersin şeksiz, gümansız
Sana uymıyanlar gider imansız
Adı güzel, kendi güzel Muhammed
Yunus Əmrənin ədəbi-bədii nümunələrini, poeziya örnəklərini səciyyələndirən əsas xüsusiyyətlərdən biri də müxtəlif üslubda ərsəyə gətirdiyi, obrazlılığı və emosionallığı özündə birləşdirən ədəbi-bədii nümunələrində “Qurani-Kərim”in ayələrinə yaxınlaşmaq və qiyamət günündən öncə dünyada baş verəcək bir çox hadisələrdən məlumat kimi istifadə edərək insanları gələcəkdə baş verəcək bir çox hadisələrlə bağlı məlumatlandırmasıdır.Təbii ki, Yunus Əmrənin belə bir tədqirəlayiq yaradıcılıq yolu keçməsi əslində məqsədyönlü bir amalın gələcəkdə də yazarlar tərəfindən davam etdirilməsi ilə bağlıdır.
Din-ilahiyyətlə bağlı ərəb-fars mənşəli alınma sözlərin, terminlərin ədəbi-bədii nümunələrində işlənməsi Yunus Əmrə kimi böyük Türk təsəvvüf şairinin mükəmməl dini biliklərə yiyələnməsini göstərən növbəti faktor kimi oxucunu gözündə canlanır.Zaman-zaman Türk-İslam mədəniyyətinin formalaşaraq inkişafı üçün öz töhfələrini həm Türk-Müsəlman, həm də Dünya ədəbiyyatına bəxş etmiş Yunus Əmrənin yaracılığı ədəbiyyatşünas alimlər tərəfindən yüksək qiymətləndirilir.
Müsəlmanların ziyarətgahı Səudiyyə Ərəbistanın Məkkə şəhərindəki Kəbə evi haqqında da misralara rast gəlmək mümkündür:
Yene sordum çiçeğe, sen Kebeni gördünmü?
Çiçek aydur, ey derviş, Kebe Allah evidir.
Türk ədəbiyyatının ilk mütəsəvvüf şairi Yunus Əmrə şeirlərində ruhun candan ayrılandan sonra insan taleyi ilə bağlı baş verən faktı dəqiqliyinə qədər əks etdirməsi, Münkər və Nəkir adlı sorğu-sual mələklərinin adlarını işlətməsi, qiyamətlə bağlı faktların və həqiqətlərin əks olunması XIII-XIV əsrlər Türk təsəvvüf ədəbiyyatının yeni bir ədəbi-bədii istiqamət alaraq daha çox sufizmə meyl etdiyini göstərir.Yunus Əmrənin və ondan əvvəl və sonra gələn Türk sufi şairlərinin-Mövlana Cələləddin Rumi, Xoca Əhməd Yəsəvi, Hacı Bəkdaş Vəli, Qaracoğlan, Dadaloğlan ədəbi-bədii nümunələrinin sayının artması təbii ki, sufizmin XIII-XIV əsrlər Türk təsəvvüf ədəbiyyatının formalaşması və inkişafı üçün yaranana ilk zəminlərdən hesab olunmalıdır.
Yunus Əmrənin yaradıcılığı boyu davam edən və eyni ardıcılıqla şeirlərinin bir qismində təkrar olunan sufi-ürfani ideyalar çağdaş dövrdə də öz əhəmiyyətini itirmir və aktuallığını qoruyub saxlayır.
“Vəhdəti-vücud” fəlsəfəsinin əsas konsepsiyalarının periodik olaraq şeirlərində işlətməsi Türk-sufi şairinin XIII-XIV əsrlər Türk təsəvvüf və Çağdaş dövr Türkiyə ədəbiyyatları üçün bəxş etdiyi yeniliklərdən biri olmaqla bərabər, həm də eyni faktı dəfələrlə təkrarlaması bügünkü gənclərin, o cümlədən yaşlı nəslin Allaha və “Quran”a hər zaman inanmaq lazım olduğunu göstərən, reallığa, gerçəkliyə uyğun ideyalar olduğunu mənimsəməyə və qavramağa köməklik edir.
Yunus Əmrə üçün ən böyük nemətin Allah sevgsini olduğunu nəzərə alsaq, deyə bilərik ki, Türk sufi-şairinin təsəvvüf sufi ədəbiyyatının qanunlarına sadiq qalaraq dünya nemətlərindən imtina edir.
“Biz dünyadan gedər olduq” misrası ilə başlanan şeirində din, ilahiyyətlə bağlı məqamlara nəzər salıb “xəstə ikən halı soranlara”, “Allaha doğru yol gedənlərə” və s. “Salam olsun!” deməyi qiyamət günündə məhz Allahın mömin bəndələrinə deyiləcək ifadənin işlənməsi təsadüfi hal deyil.Əksinə, Türk-İslan əxlaqının daşıyıcısı və qoruyucusu olaraq şeirlərində çıxıç etməsi xoş bir haldır.

Dərin hörmət və ehtiramla:

Kənan AYDINOĞLU.
“Hüseyn Arif” Ədəbi Birliyinin üzvü.
25 dekabr, 2012-ci il.Bakı şəhəri.