1391512070_1624332_388999581244754_333230097_n

Məhərrəm CƏLİLABADLI (Bağırov Məhərrəm Əlikömək oğlu) 1989-cu il avqust ayının 12-də Cəlilabad rayonunda anadan olub. 2005-ci ildə orta məktəbi bitirib. 2009-cu ildə Astat Pedoqoji şöbəsinin Cəlilabad rayon şöbəsini bitirib. Hazırda Cəlilabad rayon Həsənli kənd orta məktəbində müəllim işləyir. Beş il musiqi təhsili alıb. Şeirlər yazır, musiqi bəstələyir… Bu, onun ÖZ dünyasıdır…

Nə yaxşı sən varsan…

Gözlərim əbədi gözünə həsrət,
Qulağım bir şirin sözünə həsrət.
Özüm bu dünyanın özünə həsrət,
Nə yaxşı sən varsan, sevirəm səni.

Bilmirəm gözlərin necədir sənin,
Saçların bir zülmət gecədir sənin.
Gülüşün, yerişin incədir sənin,
Nə yaxşı sən varsan, sevirəm səni.

Dünya dağılmaz ki, sən mənim olsan,
Gəlib ürəyimi, könlümü alsan.
Bəlkə bir yuxusan, şirin xəyalsan,
Nə yaxşı sən varsan, sevirəm səni.

Sən hara gedirsən, yolun haradır,
Bəlkə də ürəyin, qəlbin yaradır,
Bəlkə saçların tək bəxtin qaradır,
Nə yaxşı sən varsan, sevirəm səni.

Əzizsən, ata

(Atam Əlikömək kişiyə ithaf)

Ailə başçısı, işgüzar adam,
Allahdan sənə mən ən gözəl payam.
Sənə həm arxayam, həm də övladam,
Bizə canımızdan əzizsən, Ata!

Övlad əziyyətin çəkən də sənsən,
Qədir-qiymətini bilən də sənsən.
Əzabkeş də sənsən, gülən də sənsən,
Bizə canımızdan əzizsən, Ata!

Apardın məktəbə tutub əlimdən,
Hər an bəlli oldun dərdi-sərimdən.
Gündə yüz yol düşür bu söz dilimdən,
Bizə canımızdan əzizsən, Ata!

Sənsizəm

Gözümdən uzaqsan, ayrı yerdəsən,
Xəyallar içində indi sənsizəm.
Bilmirəm nə halda, hansı gündəsən,
Ürəyim darıxır, çünki sənsizəm.

Eşqinin yolunda yanıb kül oldum,
Ay məni kül edən eşqim, sənsizəm.
Ayrılıq üzündən solan gül oldum,
Ürəkdə çoxalıb dərdim, sənsizəm.

Günəşim batıbdır, çıxmaq bilməyir,
Gündüzüm gecəyə dönüb, sənsizəm.
Gözümdən xəyalın bir an getməyir,
Ömrümün işığı sönüb, sənsizəm.

Sevgilim deyəndə cavab verərdin,
Cavabsız qalıbdır sözüm, sənsizəm.
Sən mənə həyatım, canım deyərdin,
Hardasan həyatım, gözüm, sənsizəm.