İŞIQLI GÜNDÜZLƏR GÖRÜNƏCƏKMİ
Buludlar səmada yurd sala bilməz,
Şəfəqlər üfüqdə cığırlar qoyar,
Kim deyir sınmış qəlb bir daha gülməz,
Sevib-sevilməkdən ürəkmi doyar?
Taleyim qisməti yazıb bu günçün,
Dəlisov şimşəktək coşub-çaxaram.
Sənə sevgi ilə yanaşmaq üçün,
Dağ şəlaləsi tək aşıb-daşaram.
Tanrının vergisi beləymiş demək,
Tanrıdan gəlibdi bu qismət, yazı.
Gecələr gözəl bir xəyallar biçmək,
Buzlamış ürəyim gözləyir yazı.
Tale də bənzəyir nərd taxtasına,
Kim çox çalışırsa, vaxt boşa gedir,
Kimi lövbər salıb kef yaxtasında,
Əlini atan tək şeş-qoşa gedir.
Gərək şükr eyləyək bu günkü günə,
Həsrətlər gözlərdən çözüləcəkmi?
Zülmətli gecələr gəlməyir saya,
İşıqlı gündüzlər görünəcəkmi?
Sənin cəzan
Bağça salıb suvarmasan olarmı?
Tumurcuq qayğısız çiçək açarmı?
Göyərçinlər nəvazişdən qaçarmı?
Könlümə keçmiş günlər təskinlikdi,
Sənin cəzan,ömürlük mənsizlikdi…
Harayımda yalvarış tək bitmişdin,
Gümanları nurlu səhər etmişdin,
Həsrətimi bil, silib yox etmişdin,
Fikirlərim dumanlıq, çiskinlikdi
Sənin cəzan, ömürlük mənsizlikdi…
Boğulur içimdə sevgi harayı,
Axı yoxdu istək səndən savayı,
Söküləcək bir gün sevgi sarayı,
Eşqə hərdəmxəyallıq fərsizlikdi,
Sənin cəzan, ömürlük mənsizlikdi…
Qəlbimdən boylanan şirin xəyallar,
Lalə təki işıq saçan gümanlar,
Hərdən qəlbə dolur yersiz suallar,
Laqeydlik ən alçaq çirkinlikdi,
Sənin cəzan, ömürlük mənsizlikdi…