azafli

2014-cü il mayın 30-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ustad aşıq Mikayıl Azaflının anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gecə keçiriləcəkdir. Gecədə Respublikamızın tanınmış aşıqları və müğənnilər ustadın yaratdığı və havaları ifa edəcək, sözlərini oxuyacaqlar. Xatırladaq ki, Mikayıl Azaflı – Mikayıl Cabbar oğlu Zeynalov 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub. O, böyük coşğunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıqlardan idi. O, “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Məzahiri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları yaradıb. Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX əsrin 80-ci illərinin ortalarına qədər mətbuat üzünə həsrət qalmışdı. “Qoca Qartal” adlı kitabı 1987-ci ildə çap olunub. 1989-cu il may ayının 17-də Mikayıl Azaflı ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.Mikayıl Azaflı 1990-cı ildə vəfat edib. Ölümündən sonra Tovuz şəhərində bir küçəyə aşığın adı verilib, Azaflı kəndində oxuduğu məktəbin önündə büstü qoyulub.