1533150_672733326111760_899121006_n

SƏNİ SEVMƏMİŞDİM İTİRMƏK ÜÇÜN

Nələr gəldi sevgimizin başına,
Leysan yağdı, kipriyinə, qaşına,
Yol gedirəm, bir işığın tuşuna,
Harayımı sənə yetirmək üçün,
Səni sevməmişdim, itirmək üçün!

Sənsən sevgi dünyam, belə deyirdin,
Gümanıma, bir aydınlıq gətirdin,
Hardan sən özünü mənə yetirdin?!
Qızılgül bəslərəm, bitirmək üçün,
Səni sevməmişdim itirmək üçün!

İndi ki, belədir, unut beləcə,
Gözləyəcəm sınıq bəxtim gülüncə,
Bir sevgi istərəm, gəlsin gizlicə,
Nisgili aradan götürmək üçün,
Səni sevməmişdim itirmək üçün!

RƏSSAM SƏTTAR

Rəhmətlik qonşumuz olmuş, Xalq rəssamı Səttar Bəhlulzadəyə ithaf edirəm…

Yadımdadı, balaca bir qızcığazdım,
Qayğılardan uzaq idim,
Həyatın sərt gərdişindən, dərd-qəmindən iraq idim,
Oyanardım məhlədəki qoşa minarə məscidin
hər səhər azan səsinə,
Rəhmətlik İbad babam da görərdim namaz üstədi,
Üz tutub Haqq qibləsinə…
Dan yeri də ağarardı yavaş-yavaş,
O vaxt qorxardım gecədən, artıq yox olubdu təlaş…
Oyanardım günəş işiq saçan kimi,
Sevinərdim, tumurcuqlar açan kimi.
Çünki indi məktəbə yollanacaqdıq,
Sevimli Əlifbamızı hərfbəhərf, səbrlə oxuyacaqdıq…
Görəcəydik biz qonşu Səttar əmini,
Rəssam da bizi görən tək atacaqdı dərd-qəmini…
Deyərdi ki, balalarım, kim əgər “beş” qiymət alsa,
onun rəsmini çəkəcəm,
Dünyanın rəng butasından ona çələnglər hörəcəm!
Yığışardıq vaxt olanda Səttar əminin başına,
Hərdən təəccüb edərdik, uzun-uzun saçlarına,
Heyrət ilə biz baxardıq, rəssamın o fırça tutan
təkrarsız barmaqlarına!
Hərdən isə nə danışar, nə dinərdi,
Əlin çənəsinə qoyub, gözlərini qeybə dikib,
saatlarla düşünərdi…
Xəyalən dünyanı Səttar sehrli rəng butasında
parlaq mayaktək görərdi!
Sadə idi, heç sevməzdi şan-şöhrəti,
Rənglər dünyasıydı varı-dövləti…
Və böyüdük, ailə qurduq biz hamımız,
Səttar əminin yanında qaldı
yarı canımız…
Bir səhər eşitdim mən də, alovlu rəng butasından
gözəl simurq quşu qalxıb,
Rəssam Səttar əmimizi odlu qanadına alıb,
uzaq Cənnətə aparıb!
Cahanı o vaxtdan biz də elə rəngarəng bilirik,
Yaxşını da, yamanı da elə Səttartək sezirik!
Ruhun şad olsun ey Rəssam!
Üzündəki əsrarəngiz cizgilərin, , hər söhbətin,
ürəklərdə yaşayacaq,
Sənintək sənətkarlara daim rəhmət oxunacaq!
Bizim də bu şeirimiz rəssam Səttar əmimizdən
söhbət olsun,
Onun rənglər butasında parlayan o ruh məkanı
Cənnət olsun!!!