1405586003_ramil-rustamov

Məclislərdə mühafizəkar və ya radikal yönümlü bəzi “alim”lərin söhbətinə müdaxilə edib “axı bu Quranda yoxdur” deyə bildirdikdə hər zaman şablon cavablar gəlir. “Quranı yetərli deyil” və ya “Quranı oxusaq da anlamarıq”. İnsanlara bu fikir o qədər təlqin onunur ki, hətta namazın sözlərini əzbərləyən birinə namazın qılınma forması və Quranın yetərli olmadığı paralel öyrədilir. Özünü cəhalətə məhkum etmə desən də təlqinlərin yaratdığı çərçivədən baxır sənə. Yad gəlir sözlərin ona.

Onlara: “Allah’ın göndərdiyinə (Qurana) tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Bəqərə surəsi, 170)

Hər peyğəmbərin vəfatından sonra din təhrif olunmağa başlayır, təhrif olunan dini yeniləmək (ehya) üçün Allah elçilər göndərir. Hz. Yusifin vəfatından sonra Misirdəki bütpərəstlərin dinini özlərinə din edən İsrailoğullarına Allah hz.Musanı göndərir. İsrailoğullarını əsarətdən qurtarıb haqq dini onlara anladan hz.Musa cəmi 40 gün ümmətdən ayrı qalır, nəticədə ümmət buzov heykəli düzəldərək şirk inancını yaşamağa başlayır. Musa Peyğəmbərin vəfatından sonra çox vaxt keçmir ki, ümmət haqq dindən uzaqlaşır, Allah’ın ayələrini dəyişdirir və dini təhrif edirlər. Zaman keçir, ancaq eyni hadisələr yaşanır. Bu dəfə Allah’ın hz.İsaya vəhy etdiyi İncil dəyişdirilir və bir müddət sonra haqq dinlə əlaqəsi olmayan üçləmə inancı (təslis) yaranır.

Təhrif olunan dinin dindarları isə Allah’a və dinə çox bağlı olduqlarını deyir, özlərinin uydurduğu, Allah’ın dində şəriət olaraq təyin etmədiyi qaydaları qatı şəkildə yaşayır və özlərindən əvvəl də Peyğəmbərin bu cür ibadət etdiyini iddia edirlər. Belələri özlərini nə qədər təqva saysalar da, Allah qatındakı dəyərləri “Cumuə” surəsinin 5-ci ayəsində belə bildirilir.
Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlərin halı kitab yüklü eşşəyin halına bənzəyir… (Cumuə surəsi, 5)

Hətta hz.Muhəmmədin dövründə Dırar adlı məscid qurub insanlara “biz daha təqvayıq” və “din belə yaşanar” deyərək münafiqlik edənlər var idi. Peyğəmbərimiz sağ ola-ola bunu edən zehniyyət peyğəmbərin vəfatından sonra dini təhrif etmək üçün nələr etməzdi ki. Peyğəmbər adına hədis də uydurardı, rəvayətlər də nəql edərdi. “Fussilət” surəsinin 42-ci ayəsində də deyildiyi kimi, Quran təhrif oluna bilməz və Allahın qorumasındadır.

Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə layiq olan tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)

Bəs Quran təhrif oluna bilmirsə, qiyamətə qədər insanları haqq yoldan azdırmağa çalışan şeytanın missiyası bitirmi? Əlbəttə ki, yox. Tövrata, İncilə insan sözü qatıb Allahın hənif dinini dəyişdirən və şirk inancını haqq din kimi qəbul etdirən şeytan və yandaşları bu dəfə müsəlmanlar arasında ixtilaf yaratmağın yolunu Quranı dəyişdirə bilmədiklərinə görə hz.Muhəmməd (səv) adından hədislər və rəvayətlər nəql etməkdə gördülər. Nəzərə alınmalıdır ki, bu rəvayətlərin ən tez kitab halına salınmış forması Peyğəmbərimizin vəfatından 250 il sonra hazırlanıb. Deməli hal-hazırda ümmət 3 əsr boyunca dildən-dilə, nəsildən-nəsilə şifahi yolla nəql olunan rəvayətlərin kitab halına salınmış formasını (hədis kitablarını) İslamın əsas qaynağı hesab edir bu rəvayətlər Peyğəmbərin ağzından çıxmış kimi dinə tətbiq edir. Bu rəvayətlərə etibar etməsən, Quranda qarşılığı yoxdur desən peyğəmbərin sözünə əməl etmirsən damğasıyla damğalanırsan. Bəzən bu rəvayətləri də Quran ayələri ilə təsdiqləməyə çalışırlar. Peyğəmbərin adından, hər hansı alimdən və ya hər hansı qaynaqdan hədis göstərilir, bizə deyilir ki bax ha Quranda peğəmbər nə verirsə alın hökmü var bəs Səhihi Buxaridə və ya Biharul Envarda və s. qaynaqda bu hədis var-demək ki bunu yaşamalıyıq. Əsla belə deyil. Birincisi, ”Loğman” surəsinin 27-ci ayəsində Allah özünü kəlmələri tükənməz bir Yaradıcı kimi təqdim edir. Kəlmələri tükənməz olan Rəbbimiz əgər Quranı yetərli görməsəydi, nazil etdiklərinin 2 qatını nazil edərdi. İkincisi, Quranda rast gəlinməyən, amma İslam adına yaşanan ibadət formaları və hökmləri niyə Quranda görmürük? Əgər bu hökmlər və ibadət formaları Allahdandırsa, bəs bunlar nə vaxt vəhy edilib ki, Qurana salınmayıb? Quranda olmayan, ancaq İslam adına yaşanan hökmlərin, ya da Quran ruhuna zidd olan hədislərin qaynağı nə Peyğəmbərdir, nə də ki Allah. Əgər bu hədislər də vəhydir desək, Allaha iftira atmış olarıq. Çünki Allahın hz.Muhəmmədə yeganə vəhyi Qurandır. Peyğəmbərimiz özü də islamı ayələr vəhy edildikcə öyrənib və bu proses 23 il davam edib. 40 yaşında vəhy alan Peyğəmbərimiz 63 yaşınnda vəfat etmişdir. Bu o deməkdir ki Peyğəmbərimiz belə 50 yaşında olanda İslamı tam anlamı ile bilmirdi, çünki hələ irəlidə peyğəmbərin xəbərsiz olduğu, 13 il boyunca nazil olunacaq ayələr var idi. Allah ona yeni ibadət formaları və hökmlərini yeni ayələrlə açıqlayana qədər aldığı vəhylərdən formalaşan dini yaşamaq və insanara anlatmaqla mükəlləf idi. Peyğəmbərimiz bir dəfə savaşa qatılmamaq üçün ondan izin istəyənlərə qarşı İslamın tutumunu bilmədiyi, yəni savaş hökmlərini ehtiva edən ayələr ona vəhy edilmədiyi üçün savaşa qatılmamaq istəyənə izin verdiyi üçün Allah onu xəbərdar edir peyğəmbərin bağışlanma diləməsini istəyir.
Allah səni bağışlasın. Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara izin verdin? (Tövbə surəsi, 49)
O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. (Nəcm surəsi 3,4)
Bu ayə də Quran ayələrini Peyğəmbərin uydurduğunu (Tur surəsi, 33) iddia edənlərə bir cavabdır.
Peyğəmbərimizin vəfatından sonra hər əsr 5-10 alimin və ravinin kitabının özlərindən sonrakı nəslin İslamın ən mötəbər qaynağı kimi dəyərləndirdiyini nəzərə alsaq 1400 ildən sonra ümmətin halını siz təsəvvür edin. 10 minlərlə kitab, minlərlə fərqli fikir. Hər fikir də özünün haqlı olduğunu, Peyğəmbərin də dini vaxtilə belə yaşadığını deyir. Allah dəstəmaz haqqında cəmi 2 ayə endirdiyi halda, təkcə dəstəmaz almağın üsulları, fəzilətləri, qaydaları, növləri başlığı ilə Quran qalınlığında yazılan kitablar var. Allah Quranın yetərli olduğunu və dində hər şeyin izahı olduğunu buyursa da Quranı yetərli görməyənlərin halı Tövratla mükəlləf olub ona əməl etməyənlərin halından nə ilə fərqlənir?
Allaha qarşı səmimi olun, Qurana qarşı səmimi olun. Şirk inancı yaşadığınıza ehtimal verin. İnanın heç nə itirməzsiniz.

Ramil Rüstəmov