Utanıram susqunluqdan,
Acizlikdən, satqınlıqdan,
Yaltaqlıqdan.
Utanıram bədbinlikdən,
Gərginlikdən.
Düşünürəm əsirimi,
Faciəmi…
Utanıram çadırlarda
Sürünməkdən.
Şərəfsizlik simasına,
Bürünməkdən….
Utanıram,
Hissə- hissə bölünməkdən.
Əlçim-əlçim didilməkdən.
Sökülməkdən.
Tikə-tikə ölkələrə tökülməkdən.
Utanıram!!!
Yaddaşlarda tor qurubdur,
Hörümçəklər.
Elə şirin yuxu verib,
Gələn vədlər.
Ayılmaq da istəmirik.
Harınlamış təbəqədən,
Bəhanələr gətiririk…
Utanıram varlığımdan danışmağa,
Utanıram torpağıma qarışmağa.