Azərbaycan Yazıçılar Birliyinin üzvü

Böyüyüb bir igid oldum,
Ağlama, anam, ağlama.
Yurd uğrunda şəhid oldum,
Ağlama, anam, ağlama.

Şirin laylanla böyüdüm,
Mənə deyirdin, “İgidim”,
Qulağımdadır öyüdün,
Ağlama, anam, ağlama.

Yeridim düşmən üstünə,
Yağını qoydum, pis günə,
Canım, ağı demə mənə,
Ağlama, anam, ağlama.

Axı, niyə ağlayırsan,
Qara yaylıq bağlayırsan,
Ürəyimi dağlayırsan,
Ağlama, anam, ağlama.

Mən məğlub yox, qalib oldum,
Öz yurduma sahib oldum,
Dərd-qəminə təbib oldum
Ağlama, anam, ağlama.

Mən vətən torpağındayam,
Bir çiçəkli bağındayam,
Anamın qucağındayam,
Ağlama, anam, ağlama.

Burda neçə qardaşıq biz,
Etibarlı yoldaşıq biz,
Vəfalı dost, sirdaşıq biz,
Ağlama, anam, ağlama.

Sən ağlarkən dolur gözüm,
Saralır bənizim, üzüm,
Canım-gözüm, budur, sözüm;
Ağlama, anam, ağlama.

Dayan, bir bax – qızılgüləm,
Al laləyəm, qərənfiləm,
Nəğmə oxuyan bülbüləm,
Ağlama, anam, ağlama.

Əyilmə, dik tut başını,
Sel eyləmə göz yaşını,
Qeyd elə, hər il yaşımı,
Ağlama, anam, ağlama.

19.12.2020