Category: Azərbaycan ədəbiyyatı

  • Xalq şairi Rəsul RZA.Seçilmiş şeirlər

    ANAMIN GƏLİN QIZI

    Bilmirəm ki, tabutun
    şamdır, yoxsa arçandır.
    Sənin son səfərindir;
    bizim səfər haçandır?!
    Səninlə biz,
    bir arçan əkmişdik
    məhləmizdə;
    yasəmən çiçəkləyib,
    qızılgüllər açanda.
    Mən bilmirəm tabutun
    o arçandan çəkilib,
    sarı kəhrəbadandır,
    ya mərcandan çəkilib.
    Bəlkə qan yaş gözümdür
    onu mərcan tək görən,
    anamın gəlin qızı!

    Anamın gəlin qızı.
    yadındamı, bir şeyin
    adını bilməyəndə,
    idey-idey deyərdin
    Tülkü toplan küçüyün
    tutub qulaqlarından,
    qırmızı papışları
    “Al gey!
    Di gey!”- deyərdin
    Toplan mırıldanardı,
    mən gülərdim sözünə.
    Yumruqlarını sürtüb
    qəşəng, qonur gözünə,
    sən ağlayardın onda.

    İndi mən ağlayıram
    Gedər-gəlməz yolunda.

    Mən bilmirəm, tabutun
    qovaqdır, ya arçandır.
    Ölüm hamı üçün var.
    Ancaq vaxtı haçandır,
    Bir bilən yoxdur bunu,
    Hamı bilsə də onun
    qaçılmaz olduğunu.
    Xatirimdə canlanır;
    illərin o tayında,
    əlimdə bir balaca,
    ovxarlı
    dəhrə vardı.
    Bir vuranda
    Sanki bir qu tüküdür
    onunla
    Ortasından kəsəndə
    bir dirəyi.
    (Unutmuşdum hər şeyi
    səni, çayı, çörəyi).
    Birdən
    dəhrəni vurdum,
    üzüldü baş barmağım.
    Çal xoruz uddu onu.
    Sənin:
    “Xoruz dadaşın
    barmağını apardı”
    deyib,
    əvvəl qorxduğun,
    sonra gülüb getdiyin;
    qayğısız, uğun-uğun

    indi düşür yadıma.
    Xatirələrin səsi
    naşı, xaric xal kimi
    qarışır fəryadıma,
    gəlib uzaq yolların
    səfərindən yorulub.
    Ancaq
    bu xatirələr
    elə bil,
    dünən olub.
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı,
    o ağrıya bənzəmir
    indi duyduğum ağrı
    Sinəmdəki bu ürək
    tabutundan ağırdır.
    Gözüm, dilim,
    dodağım
    uzaq-uzaq o gündə
    yaralanmış barmağım,
    inləyir bağır-bağır.

    Mənə yaxın gəlməyə
    qorxurdun
    qanı görüb.
    O qanlı barmaq hara,
    bu sakit ölüm hara!
    Tabutun kölgə salıb,
    indi qəmli yollara.

    Dəhşət dolu gözünlə
    baxırdın qardaşına.
    Nə baxışın,
    nə üzün,
    nə həlqələnmiş gözün,
    yaraşırdı yaşına.
    Tabutunun taxtası
    o gün yarı böldüyüm
    dirəkdən çəkilibsə,
    sağ əlimi biləkdən
    niyə qələm etmədim.
    Ya dirəyi doğrayıb
    o zaman
    tikə-tikə,
    talaşaları yığıb
    çay üstünə getmədim!
    Atmadım
    doğradığım parçaları
    Arvana.
    İndi qalmışam belə
    göynəyib yana-yana
    Bilirəm ki, tabutçun
    taxta azlığı deyil,
    Nədənsə tabutunun
    hər parçası,
    gözümdə
    o dirəkdən çəkilmiş
    taxtalardır elə bil,
    Anamın gəlin qızı!

    Anamın, gəlin qızı!
    Tabutun nə yüngüldür,
    Matəmin nə ağırdır.
    Çiynimdəki cənazən
    sanki bir qu tüküdür
    Qəlbimdəki yoxluğun
    məni yaman ağrıdır.

    Saçların qapqaraydı.
    Qaşların qapqaraydı
    Baxışın ipək kimi
    hanı kiçik, sevimli
    qara, göyçək əllərin,
    gəlib indi
    qəlbimin
    yarasını saraydı.
    Hanı dodaqlarında,
    novruzçiçəyi kimi –
    qəfildən doğan gülüş
    Tabutun nə ağırdır
    Elə bil ki, dünyanın
    bütün dərdi, matəmi
    dönüb bir qurğuşuna
    tabutuna bükülüb,
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı!
    On ildən artıq olur
    bu şeri başladığım
    Yazıb-yazıb pozuram
    heç qurtara bilmirəm.
    Yanıqlı xatirələr
    hey gəlir axın-axın.
    Hara qaçım onlardan
    hara, hara bilmirəm!
    Ünvanını bilsəydim
    düz yanında gələrdim
    Sən getdiyin yollardan
    kim geri qayıdıb, kim!
    Bircə anlıq inansam
    o dünyaya,
    cənnətə,

    səni orda axtarar
    orda soraqlayardım,
    Bilsəydim ki, göz yaşı
    məni yetirər sənə,
    gecə-gündüz yorulmaz,
    illərlə ağlayardım.
    Cənnət yaxşı adamlar
    günahsızlarınsa,
    sən inanıram ki,
    orda,
    yəqin ki, cənnətdəsən.
    Bir bilsəydim hardasan,
    gələrdim qaça-qaça.
    Yolum ölümdən belə
    keçər olsa, gələrdim.
    Yol boyu
    gecə-gündüz
    yeyib-içdiyim ancaq
    zəhər olsa gələrdim,
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı!
    Sən beşikdə yatırdın,
    gəldi qara bir xəbər.
    Mirzə İbrahim öldü!
    Bakıda dəfn etdilər.
    Yüngülcə bir azarmış,
    deyirdilər, azarı.
    Qərib məzarlığında,
    qərib qaldı məzarı.
    (İndi nə o qəbristan,
    nə qəbirdən var nişan.
    Başdaşı itkin olub,

    torpağı pər-pərişan)
    Sən ananın qurumuş
    döşünü sora-sora qaldın,
    Süddən doymadın
    Yaşın tamam deyildi,
    evimizdə güzgüdən
    asıldı qara pərdə
    Nə biləydin ki, getdi,
    insan getdi dünyadan
    Necə şərik olaydın
    çağırılmamış bu dərdə.
    Sən bilmirdin ki, getdi,
    İnsan getdi dünyadan –
    Bizə yetim adını
    verib, yox olan atan,
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı!
    Bir il gedə bilmədin
    Buzovna bağlarına.
    Ümidli, intizarlı
    bir səbəb vardı buna.
    Biz getdik.
    Ay keçmədi.
    aydın ilıq bir səhər,
    şəhərdən gəldi ora
    yeni, sevincli xəbər.
    Elə lap darvazadan
    səs gəldi:
    Oğlan!
    Oğlan!
    Sağlıq!
    Muştuluq, filan!

    Hələ sevincimizin
    göz yaşı qurumamış,
    həmin gün,
    axşam çağı,
    yağdı güclü bir yağış.
    Qara bulud kölgəsi
    bir anda örtdü bağı.
    Darvazanı döydülər
    Qəlbimizi döydülər.
    Qara bir ilan kimi
    atıldı üstümüzə,
    bir xəbər,
    Anamın gəlin qızı!

    Otaq.
    Masa.
    Masanın üstündə
    bir cənazə
    hansı həyat lövhəsi,
    hansı sənət əsəri
    var ki…
    bir an içində
    çökə ağır dağ kimi,
    insanı birdən əzə.
    Cənazə-sapsarı mum.
    Mən bir yanda qurudum
    Bir yanda,
    bir yanda da…
    Əgər allah var isə,
    Külli ixtiyar isə,
    gərək
    bu mənzərəni görüb
    qan ağlayaydı.
    Əzraili yetmiş il
    belə cinayət üçün –
    əli, qolu zəncirli
    dustaqda saxlayaydı
    Əgər allah var isə,
    külli ixtiyar isə,
    ağsaçlı bir ananın
    qarşısında diz çöküb,
    gərək üzr istəyəydi,
    “Yoxdur,
    yoxdur xəbərim
    Bu, şeytani-ləinin
    əməlidir” deyəydi.

    Lakin…
    nə allah vardı,
    nə onun mərhəməti.
    Bir tabut!
    Bir cənazə!
    Bir də ki…
    yoxluğunun
    amansız həqiqəti.
    Bir də…
    pərişan saçlı,
    tabutun dörd yanını
    dizin-dizin sürünən,
    gah hərəkətsiz duran,
    göz yaşları quruyan,
    mahir bir sənətkarın
    qara daşdan yonduğu
    qəm heykəli:
    ümidsiz,
    yaralı bir ana var,
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı!
    Son mənzilinə gedir,
    yeriyir yavaş-yavaş
    bir ağır qəm qatarı.
    Gəlin, ötürək onu,
    dünyanın insanları!
    Gəlin, Kübra, Sara və Surə
    sən də, sən də gəl, Nigar!
    Qaldıraq cənazəni
    başımızdan hündürə!
    Yox!
    Tabutu aparsın
    tanışlar və yaxınlar.
    Onların qollarında
    hələ bir az qüvvət var.
    Gəlin, bacılar, gəlin!
    Sən də, sən də gəl, Nigar!
    Sürünək dizin-dizin.
    Yolları hamar olsun
    incikli Turəmizin.
    Neçə-neçə il keçib
    o gündən
    və bu gündən.
    Ürək yüngülləşməyib
    bu itkinin yükündən.
    Toy da, bayram da olur,
    şənlik də, ad günü də.
    Ancaq ki, ürəyimdə
    damğa yanığı kimi
    qalıb,
    sənsiz ananın,
    “Verin mənim balamı!”.
    deyən fəryad günü də,
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı,
    kağızda, ürəyində
    neçə layihən vardı
    Ölüm gəldi,
    bir anda,
    yığdı,
    bükdü,
    apardı.
    “Bakıda küçələr var
    nə ensizdir” deyirdin
    Yeni evlər var, çoxu
    cüt əkizdir deyirdin.
    Ağac az,
    gül, çiçək az,
    bağça-bağ,
    yaşıllıq az.
    Sonra inamlı, qəti
    deyirdin:
    “Belə qalmaz!”
    Mən!
    Layihəm!
    Demirdin.
    Sevməyirdin
    “mən”, “mən”i
    Biz yaxşı anlayırdıq
    ürəyindən keçəni.
    Deyirdin: “Evlər olsun –
    pəncərələri geniş.
    Bir otaq da qalmasın
    bir bucaq da qalmasın
    gün işığı düşməmiş.
    Yeri var,
    qiyməti var,

    zövqün də,
    biliyin də
    Kölgəliklər çox olsun
    dəniz çimərliyində
    Yüz ölçüb, bir biçək biz
    hər ağacın yerini
    Əlvan rənglər, biçimlər
    çağırsın bir-birini”,
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı!
    Nə qədər arzun vardı,
    işin, ümidin vardı,
    Ölüm gəldi,
    bir anda,
    yığdı,
    sökdü,
    apardı.
    Doğrudur,
    mən bilirəm,
    qurtarmamışdır həyat.
    Bu təsəlli
    qəlbimi ovundurmayır, heyhat.
    Bilirəm tək deyildin,
    bir ordu nəfəriydin,
    Ancaq kim deyərdi ki,
    belə bahar çağında,
    bu yaşda, bu həvəsdə
    belə tez səfəriydin,
    Anamın gəlin qızı!

    Bu gün qurur, yaradır
    neçə sənətdaşların

    Ancaq sənin əlinə
    biliyinə, əqlinə
    ehtiyacı var yenə
    neçə küçəsizliyin,
    neçə binasızlığın,
    neçə hamarlanmamış,
    saray, məktəb, düşərgə,
    ev olmamış daşların,
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı!
    Qəzetlər
    matəmində
    “Vaxtsız öldü”
    yazdılar.
    İnsanlar arasında
    bu qəribə adət var.
    Təbiətin hökmüdür
    bilmirəm, ya taleyin,
    insan nə vaxtı ölsə
    vaxtsız ölmürmü, deyin?
    Anamın gəlin qızı!

    Anamın gəlin qızı!
    deyərdin: “Sən şer yaz,
    Mən layihələr çəkim”.
    İndi sənsizliyinin
    dərdini necə çəkim?
    Niyə pozdun
    o böyük, o yaxşı andımızı,
    Anamın gəlin qızı!

    Zuğulba, 1959-1970

    75-95 ÜÇNƏN

    Yeddi beş-doqquz beş
    üçnən,
    hərləci çəkdim.
    Qulağımı, əlimi yandırdı dəstək.
    …ağır xəstədir.
    … çox ağır xəstə!

    Pillələr –
    sürətli qatar altından
    yüyürüb keçən
    dirəklər kimi
    keçdi ayaqlarımın altından.
    Asfalt sanki eskalatora döndü,
    arxaya qaça-qaça
    Yenə pillələr –

    Dişli çarx,
    uzun-uzun yolla
    qaldırdı üçüncüyə məni.
    Otaq!
    Yataqda mum heykəl.
    Yolu kəsilmiş nəfəsin
    xırıltı səsi.
    Bir yanı açılmış
    pəncərə pərdəsi.
    Ayaqlarımda
    qurğuşun!
    Sinəmdə qurğuşun!
    Dilimdə qurğuşun!
    Qəlbimdə ümidin cənazəsi,
    arzu qurumuşu.
    Doktorların yerə dikilmiş
    baxışları
    bağırır bir-bir:
    möcüzə gərəkdir, möcüzə!
    Yoxsa nə əlac,
    nə işıq ucu var.
    Möcüzə!
    Ümid –
    bir-yüzə.

    Otaq!
    Dörd yanımda
    basım presləri.
    Gözlərimdə dünyanın
    qara rəngi.
    Bu qaranlıqdan
    keçmişə bir ağrı,
    göynək pəncərəsi açılır.

    ***

    Burda şahmat oynayardıq!
    Burda yeni əsərlərini oxuyardıq.
    Burda gülüşlərin
    tökülərdi süfrəyə,
    tikanlı güllər kimi.

    ***

    -Allo!
    -Allo!
    -Kimi?
    Yoxdur!
    Yoxdur!
    Yoxdur!
    Qocalmış Eminin səsi!
    Qulaqlarımda gup-gup,
    döyünür qan damarı.
    Bir xəzri əsəydi,
    bir pəncərə sınaydı barı!
    Qarşımda açılır səhifələr:
    enişli-yoxuşlu ömrün
    sevincli-kədərli fəsilləri.
    Mirzə Cəlilin, Ələkbər Sabirin
    amansız söz nəsilləri!
    Varaq-varaq söz metalı
    qəfəsələrdə durur
    döyüşə hazır,
    bölük-bölük əsgər kimi
    Sandığa basılmış,
    atəşə hazır güllələr kimi
    Bir aləm içindəyəm,
    hər yanım Sabit gülüşü!

    Sabit yanğısı!
    Sabit ifşası!
    Sabit lirikası!
    Sabit sədaqəti!
    Sabit sənətinin klassikası!
    Ortada mum heykəl!
    Daş sükut!
    Sabit yoxluğunun
    ağır yası!
    Çoxmu sürər
    bu ayrılıq dərdi
    bu göynək, bu kədər,
    qardaşım Sabit?
    Həmsevinc, həmdərd, dost, əlvida!
    Əlvida!
    Görüşənə qədər!

  • Xalq şairi Nigar RƏFİBƏYLİ.Seçmə şeirlər

    AYRILIQ

    Mən ki, doymamışdım heç vüsalından,
    Mənə zülm elədi yaman ayrılıq.
    Nə olardı bir gün durub yuxudan
    Görəydim ki, olub yalan ayrılıq…

    Biz ki, bir ruh idik iki bədəndə,
    O gülüb-sevinsə gülərdim mən də,
    Vüsalın bülbülü uçub gedəndə,
    Daş kimi gəlbimdə qalan ayrılıq.

    Kim qıydı dostların bahar elinə?
    Mehriban sözünə, şirin dilinə,
    Cananın sazını alıb əlinə
    Əğyar mizrabıyla çalan ayrılıq.

    Mən görəndə orda yaz səhəriydi,
    Xoş nəfəs baharın küləkləriydi,
    Açılan ağ badam çiçəkləriydi,
    İndi onlardımı solan, ayrılıq!

    Gün çıxar, dağların əriyər qarı,
    Pozulmaz dostların əhdi, ilqarı,
    Keçər ürək dərdi, könül qubarı,
    Gəl etmə meydanda cövlan, ayrılıq!

    İSMAYIL ƏFƏNDIYEVIN XATIRƏSINƏ

    Hərdən gülüşün düşür yadımaə
    Hərdən gəmin, məlalın,
    Hər şeyi sezə bilən,
    Hər şeyə dözə bilən
    Qəlbin, pərişan halın.
    Sakit axan sular kimi
    axıb getdin.
    Dostlarının ürəyində ağrı buraxıb getdin.
    Yenə gələcək bahar,
    Yenə çiçək açacaq çəmən.
    Budaqlardan sallanacaq
    salxım-salxım yasəmən.
    Quşlar
    qatar-qatar
    qürbətdən vətənə dönəcək.
    Günəş yenə dənizdən doğacaq,
    dağların dalında sönəcək.
    Ağ göyərçin balası kimi
    çırpınan kiçik qizin
    sevgilisinin sinəsinə yaslanıb
    isti göz yaşları
    tökəcək səninçün.
    Yanıb ağlayacaq
    için-için.
    Sonra həzin bir təbəssümlə
    Qaldıracaq başını,
    siləcək göz yaşını.
    Yenə dünyada vüsal olacaq,
    Olacaq acı hıcran.
    Bircə sən dönməyəcəksən.
    Dönməyəcəksən getdiyin əbədi yoldan…

    QƏZƏL

    Könlün yenə min dərdinə bir çarə tapılmaz,
    Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.

    Axşam qızaran göylərə endikdə qaranlıq,
    Könlüm evini yandıran odlarə tapılmaz.

    Bir incə gülün, bir çiçəyin aşigiyəm mən,
    Şərh eyləyən ol sirrimi dildarə tapılmaz.

    Çıxdım gecələr seyrinə ahəstə o mahin,
    Gördüm ürəyimtək alışan narə tapılmaz.

    Aşiqlərə sordum, dedilər: ey qəmi-pünhan,
    Gizlin yaradan ağrısı çox yarə tapılmaz.

    Min tən eyləyib eşqinə öldürdü Nigarı,
    Bilmirəm necə oldu, o gözü qarə, tapılmaz.

    DƏNİZİN SƏSİ GƏLİR

    Unutmaq istəyirəm xatirələri,
    Dənizin səsi gəlir…
    Unutmaq istəyirəm
    Qəlbimin sınıq məhəbbətini,
    İztirablı bir eşqin hekayətini.
    Unutmaq istəyirəm
    Acı-şirin xatirələri,
    Dənizin səsi gəlir.
    Dəniz, sevdalı dəniz,
    Əfsanələr kimi şirin, xəyali dəniz,
    Sevmişəm dalğalarında,
    Günəşində yanmışam.
    Qumlu sahillərini
    Yalınayaq gəzib dolanmışam.
    Məhəbbətim sənə bağlı, dəniz.
    Sinəsi sinəm kimi
    Hicran dağlı dəniz.
    Unutmaq istəyirəm
    Sahilində şirin yuxular kii keçən
    Həzin axşamları,
    Günəşli səhəri,
    Unutmaq istəyirəm
    Yandırıb-yaxan xatirələri,
    Dənizin səsi gəlir…

    DAĞLAR

    Mən sizi bir daha görə bilməsəm,
    Xatirəmi əziz saxlayın, dağlar,
    Döşünüzdən lalə dərə bilməsəm,
    Siz məni aranda yoxlayın, dağlar…
    Uca başınızdan külək göndərin,
    Məxmər döşünüzdən çiçək göndərin,
    Buluddan bir bəyaz örpək göndərin,
    Matəm yaylığını bağlayın, dağlar…
    Mən ki, çox sevərdim dağ havasını,
    Sevən ürəklərin xoş sevdasını,
    Bir qərib gəlinin tutub yasını,
    Dost üçün doyunca ağlayın, dağlar.

  • Xalq şairi Cabir NOVRUZ.Seçmə şeirlər

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Qurumuş bulağam, bulanmış suyam…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Oxunmuş nəğməyəm, çalınmış toyam.

    Nə gücüm çatdı ki, səndən yapışım,
    Nə gücüm çatdı ki, səndən qaçam mən…
    Nə odum oldu ki, yanam, alışam,
    Nə sehrim oldu ki, cavanlaşam mən…

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Ömrün payız vaxtı, xəzəl çağıydı…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Sənin gəncliyinin gözəl çağıydı…

    Nə deyə bildim ki, tutmaz sevdamız,
    Nə deyə bildim ki, tutar bizimki…
    Bizimdir səmada axan o ulduz,
    O uzaqda itən qatar bizimdi…

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Dayanıb durmuşdum yol ayrıcında…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bir üzüm cavandı, bir üzüm qoca…

    Nə deyə bildim ki, sevən çağımdı,
    Nə dedim sevirəm, mənə dayaq ol…
    Nə deyə bildim ki, mənə yaxın dur,
    Nə deyə bildim ki, məndən uza qol…

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Ömrün eşq badəsi içilmiş idi…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Mənzilimin çoxu keçilmiş idi…

    Nə deyə bildim ki, ürəksən mənə,
    Nə deyə bildim ki, ürək deyilsən…
    Nə deyə bildim ki, gərəksən mənə,
    Nə deyə bildim ki, gərək deyilsən…

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bu necə fəsildi, necə vaxt idi…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bu necə taleydi, necə bəxt idi…

    Nə deyə bildim ki, pənahsızam mən,
    Nə deyə bildim ki, pənah məndədir…
    Nə deyə bildim ki, günahsızam mən,
    Nə deyə bildim ki, günah məndədir…

    Sən elə bir vaxtda rast gəldin mənə,
    Özüm öz halıma gülmək istədim…
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Təzədən dünyaya gəlmək istədim…

    Kiçik olmaq istəyirəm

    Kiçiklərlə böyüklərin
    arasında
    pərdə olar…
    Kiçiklərdə günah olmaz,
    günah böyüklərdə olar…
    Kiçiklərin qəlbi böyük,
    böyüklərin
    qəlbi kiçik…
    Kiçiklərin eyni cürdür
    çölü, içi…
    Eyni cürdür beşikləri,
    bəzəkləri…
    Gizlənpaçdır ən məkirli
    Kələkləri…
    Maşınları, kuklaları
    Əllərində
    Oyuncaqdır,
    Ürəkləri yazılmamış
    Ağ varaqdır…
    Uşaq kimi sadə, kövrək,
    Nəcib olmaq
    İstəyirəm…
    İllərimi geri atıb,
    Kiçik olmaq
    İstəyirəm…
    Böyüklərin içi bir cür,
    Çölü bir cür…
    Sözü bir cür, dili bir cür…
    Ürəkləri bir qaranlıq
    Meşə kimi…
    Bir-birinə bənzəməyir
    Nə ölüsü,
    Nə dirisi…
    Nə yaxşısı, nə yamanı…
    Oyuncaq tək oynadırlar
    Bu dünyanı…
    Millətləri bələyirlər
    Qana, şərə…
    Milyonları sövq edirlər
    Ölümlərə…
    Yollayırlar vuruşlara
    Fağırları,
    Kasıbları…
    Xırdaların çiynindədir
    Yekələrin
    Əzabları…
    Böyüklərin hər şeyi var
    Ürəyi yox,
    Kiçiklərin qəlbdən özgə
    Heç nəyi yox…
    Böyük ayrı, kiçik ayrı,
    Böyüklər kiçiyi saymır…
    Böyük ayrı, kiçik ayrı,
    Çoxu kimi nə padşah, nə şeyx,
    Nə də hacı
    Olmaq istəyirəm…
    İllərimi geri atıb, kiçik olmaq istəyirəm…

  • Xatirə FƏRƏCLİ.”Nəyə çat vermisən, torpaq”

    Nəyə çat vermisən, torpaq,
    kimin həsrətin çəkirsən?
    bu nə sevgi?!
    sənin istəyin bəlli,
    səni istəmək ağır,
    ruhsuz gəlir qucağına
    bağrına basdığın adam,
    qoynuna gələn fağır.
    Üstündə həyat-həyat oynayanlar,
    dünyayla başın qatanlar,
    səni sevənlər,
    səni satanlar
    eyni gözlə baxırsan hamıya
    bu nə böyüklük,
    nə səbir?!
    torpaq, torpaq,
    qoynun gülüstan,
    için qəbir.

    Hörmətli Mayil Tagiyevin qızı Nigar xanımın vaxtsız vəfatından təsirlənib yazdığım şeir.

  • Xəyalə SEVİL.”Sağ çıxa bilmədik…”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Yox! Səni də qınamıram,
    Yox! Məni də qınama.
    Alnımıza yazılanın
    Günahkarı biz deyilik.
    Bir sən varsan bu dünyada,
    Bir mən varam,
    Amma, ikimiz deyilik.

    Göyə qaldırdığım xəyallar daha
    Gözümün altında uçuq qalacaq.
    Eh! Qapım üzünə bağlı olsa da
    Pəncərəm həmişə açıq qalacaq.

    Üzü qara olsun bu ayrılığın,
    Ağ çıxa bilmədik.
    Bircə onu bilirəm ki,
    Bədənimizin sol tərəfindən
    Sağ çıxa bilmədik.

  • Xəyalə SEVİL.”Susarsan”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Sonra
    Səssizlik çökər gözlərinə.
    Kipriyindən asdığın
    Yaş da quruyar,
    Əllərin qoynundan yarıyar.
    Gözəl-göyçək ümidlərlə
    Aranı vuran tapılmaz.
    Hər yerin elə ağrıyar,
    Bir dənə yaran tapılmaz.
    Susarsan,
    Elə susarsan,
    Bircə gözlərin səs eder…
    İlahi, nə çox düşündün,
    Mənə ölüm də bəs edər.

  • Xəyalə SEVİL.”Sən bilmə”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Sən bilmə!
    Mən sənin şəkillərini
    Asdım gözlərimin yol tərəfinə.
    Etiraf məktubu yazıb tulladım
    Bu gün bədənimin sol tərəfinə.

    Bağla, açma qapını,
    Inanma nağıllara.
    Həsrətini sulamağa
    Gözümdə yaş gətirmişəm.
    Mən soyuq qadınam,
    Axı bilirsən.
    Sənə də qış gətirmişəm.

    Qayıt!
    Əllərimdən, üzümdən qayıt,
    Unutmaq…
    Çətini dönənəcəndi.
    Hər nə yaşadıqsa, sənlə
    Bitti…
    Dünənəcəndi.

  • Xəyalə SEVİL.”Ölümün nübar vaxtıdı”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Bu uzun gecənin qaranlığında
    Canıma vəlvələ düşüb.
    Bir kəndir özünü asıb tavandan,
    Məndən əvvələ düşüb.
    Gecədən bir az keçir,
    Saat səhərə yaxın.
    Nə intihar vaxtıdı…
    Ruhum üzü göylərədi,
    Ölümün nübar vaxtıdı.
    Yoxdu burdan o tərəfi,
    Nə günəş, nə də ki, ay olasıdı.
    Bir cüt qərənfilə dönüb əllərim
    Sinəmin üstünə qoyulasıdı.

  • Xəyalə SEVİL.”Ayrılıq şəkliyə”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Havalar da soyuq davranır mənlə,
    Aramıza payız giribdi, nədi?
    Bir az axşam, bir az sönən işıqlar,
    Hər şey bir az ayrılıq dilindədi.

    Pəncərəmə bir topa külək dəyir,
    Göyün səsi düşür yerin üstünə.
    Əllərimi ürəyimə tuturam,
    Bu soyuqda qızınıram istinə.

    Yağış yağır, yolları su aparır,
    Bekara dayanıb çətir ağaclar.
    Ayrılıq şəkliyəm, xatirə kimi
    Məni pəncərəmdə çəkir ağaclar.

  • Əziz MUSA.”Savaş”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Torpağa qayıtmaq istəyir hamı,
    Torpağı qaytarmaq istəmir heç kəs..
    Tüfənglər doludu, bəllidi düşmən,
    Tətiyi çəkməyə yoxdu bir həvəs.

    Hamının istəyi, arzusu ölüb,
    Hamı ümidini göyə bağlayıb.
    Bölənlər torpağı lap çoxdan bölüb,
    Şəhidlər bu dərdi çoxdan ağlayıb.

    Yalanlar, boş vədlər hələ diridi,
    Hələ biri gedib, biri gələcək.
    Qarabağ çoxuna gəlir yeridi,
    Gələcək nəsillər bizə güləcək.

    Sağalır yaralar tay yavaş-yavaş,
    Məddahlar mədiyyə deməyindədi.
    Bu necə davadı, bu necə savaş.
    Axı bu millətin günahı nədi?

    Biz ki bölünməyə öyrəncəliyik,
    Hanı Babəklərin itən sevgisi.
    Biz çoxdan düşmüşük qeyrət atından,
    Təkcə sözlə olmur Vətən sevgisi.

  • Əziz MUSA.”Getmə, dayan”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bu gecə qal yanımda, getmə sənə qurban olum,
    Məni hicrana salıb, og içində qoyma qalım,

    Gecəmin tacına dön, ay başına dolandığım,
    Görmürsən sənsiz gülüm, necə ağır olur halım.

    Ayım ol, ulduzum ol, qoy doyunca baxım sənə,
    Gül üzün gülüm olsun, dil-dodağın qəndim, balım,

    Ətrindən bihuş olum, al məni isti qoynuna,
    Zülfünü yana dara, dolansın boynuna qolum,

    Nazlanıb sübhə qədər şirin -şirin nəğmə oxu,
    Uzansın bəyaz gecəm, qutarmasın sevgi yolum,

    Gözəlim insaf eylə, tək qoyma Əziz Musanı,
    Ay mənim canım, gözüm, getmə dayan qadan alım.

  • Əziz MUSA.”Gözəl nə varsa”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ay güllərin tacı, sən olan yerdə,
    Çiçəyi neynirəm, gülü neynirəm,
    Sən elə mənimçün dünya malısan,
    Qızılı neynirəm, ləli neynirəm,

    Sən olan dünyada ömür bahardı,
    Ətrindən doymuram gülüm, çiçəyim,
    Sən varsan bu dünya könlümə yardı,
    Səninlə xoşbəxtəm hüri, mələyim.

    Zülmətdi inan ki sevgisiz həyat,
    Ömrümün ayı sən, günəşi sənsən,
    Eşqindi qəlbimə ruhuma qanad,
    Vallah gözəllikdə sən bir dənəsən.

    Eşqinlə nəğmələr qoşuram gülüm,
    Məcnundan betərdi bil, Əziz Musa,
    Mən səni de nəyə, bənzədim axı,
    Sənə bənzədirəm gözəl nə varsa.

  • Əziz MUSA.”O da sənsən”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ayrılığın nə ağırdı ay zalım,
    Bu həsrəti daha çəkə bilmirəm,
    Sənsiz vallah çox ağırdı bu halım,
    Sənsiz daha sevinmirəm, gülmürəm.

    Ahım qalxıb yetişibdi fələyə,
    Əfsanəymiş o son bahar, o görüş,
    Mən nə deyim bu qismətə, taleyə,
    Dodağımdan qaçaq düşüb o gülüş.

    Həsrət bitib indi dildə, dodaqda,
    Səni deyib hönkür-hönkür ağlaram.
    Göz yaşlarım cığır açıb yanaqda,
    Öz əlimlə, öz sinəmi dağlaram.

    Ayrı düşdük, yarımadıq zamandan,
    Ehtirasın odu yanmır gözümdə.
    Ürəyimi hey odlayır bu hicran,
    Sən olmusan hər kəlməm, hər sözüm də.

    Bu ömrümün bəzəyisən bil ki, sən,
    Bir günəş var o da sənsən, cahanda.
    Mən ölmərəm, sən yanıma gəlməsən,
    Özün qapa gözlərimi son anda.

  • Əziz MUSA.”Deyil”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Vaxtında gəlmədim mən bu dünyaya,
    Nə deyim qismətə, nə deyim paya,
    Öyrəşə bilmədim mən qışa, yaya,
    Vallah bu zəmanə mənimki, deyil.

    Qana yerikləyir pulu çox olan,
    Allaha üz tutur gözləri dolan,
    İndi ayaq açıb yeriyir yalan,
    Vallah bu zəmanə mənimki, deyil.

    Yurdumdan,yuvamdan çıxıbdı əlim,
    Qaçqına, köçkünə dönübdü elim,
    Özgələr yanında gödəkdi dilim,
    Vallah bu zəmanə mənimki, deyil.

    Bu necə dövrandı, bu necə zaman,
    Haramla doludu indi pətək, şan,
    Tanrıdan əlini üzübdü insan,
    Vallah bu zəmanı mənimki, deyil.

    Mərdlər möhtac qalıb, namərdə indi,
    Yolumuz, izimiz dumandı, çəndi,
    Yaşamaq çətindi, dözmək çətindi,
    Vallah bu zəmanə mənimki deyil.

  • Əziz MUSA.”Şam işığında”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Gecələr bəyaz olsun,
    Həzinləşsin duyğular,
    Nəğmələr qanad açsın,
    Şirinləşsin nağıllar,
    Ürək yansın, alışsıın,
    Gülüm, çam içığında.

    Həsrət, hicran ərisin,
    Həyat nəşəli olsun,
    Gözlər sevgi paylasın,
    Baxışlar nurla dolsun,
    Ömrümün mənasını ,
    Bilim, şam işığında.

    Dara qara saçını,
    Tökülsün sinən üstə.
    Qoy yox olsun qəm, kədər,
    Sən məndən nəğmə istə,
    Gözlərimin yaşını,
    Silim, şam işığında.

    Məni əsir eyləsin,
    O baxışın, o gözün,
    Nazlan bir mələk kimi,
    Can olsun hər bir sözün,
    Əllərinə toxunsun,
    Əlim, şam işığında.

    Ətrindən bihuş olum,
    Unudum bu dünyanı,
    Sən məni xoşbəxt eylə,
    Al əlimdən bu canı,
    Gözəl, dizinin üstə,
    Ölüm, şam işığında.

  • Əziz MUSA.”Hər gecə yuxuma gəl”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Qəm, qüssə mənə yardı,
    Bu dünya mənə dardı,
    Sənsizliyim ağırdı,
    Hər gecə yuxuma gəl.

    Gəl belə naz etmə sən,
    Gözlərimdən itmə sən,
    Həyatımdan getmə sən,
    Hər gecə yuxuma gəl.

    Sənsən qismətim, payım,
    Sənsən hayım, harayım,
    Mənim günəşim, ayım,
    Hər gecə yuxuma gəl.

    Sənsiz deyib, gülmərəm,
    Heç özümə gəlmərəm,
    Səndən doya bilmərəm,
    Hər gecə yuxuma gəl,

    Ay ömrümün baharı,
    Əzizin gözəl yarı,
    Gündüz gəlmirsən barı,
    Hər gecə yuxuma gəl.

  • Əziz MUSA.”Mələyim”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Sən güləndə, gülür yaz,
    Bu nazını eylə az,
    Sən tək insafsız olmaz,
    Mənim arzu, diləyim,
    Gəl yarım ol, mələyim.

    Camalına heyranam,
    Yerişinə qurbanam,
    Qoyma alışam, yanam,
    Ətirli gül, çiçəyim,
    Gəl yarım ol, mələyim.

    Mirvarisən, incisən,
    Ətirli bir qönçəsən,
    İpəkdən də incəsən,
    Mənim gözəl, göyçəyim,
    Gəl yarım ol, mələyim.

    Gözüm qalıbdı səndə,
    Tər çiçəksən çəməndə,
    Sənsiz tərəm çəndə,
    Ruhum , canım , ürəyim,
    Gəl yarım ol, mələyim.

  • Əziz MUSA.”Hələ də”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Mən də belə adamam,
    Sükutla barışmıram,
    Özgələrin işinə,
    Mən yersiz qarışmıram.

    Öz sözüm, öz işim var,
    Öz yolum , öz düşüncəm,
    Sözümün ağasıyam,
    Çətin ki sözdən keçəm.

    Mən halal bir insanam,
    Düz olmuşam həmişə,
    Düz vaxtında gəlmişəm,
    Bu dünyayla görüşə,

    Vətən soyuq yuvadı,
    Qəriblərə hər zaman,
    Hamı mənə doğmadı,
    Hamı mənə mehriban.

    Hələ də mən gəzirəm,
    Yaşamağa bir yuva.
    Heç xoşuma gəlməyir,
    Dəyişgəndi bu hava.

  • Əziz MUSA.”Deyəsən”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Sonu yoxdu bu nağılın deyəsən,
    Bu gecənin varı mənəm, yoxu sən.
    Təzə nağıl başlayarıq istəsən,
    Bu sevginin acı mənəm, toxu sən.

    Bəxtimizə Günəş doğub, Ay düşüb,
    Nədəndisə tay hamıya hay düşüb,
    Bu ayrılıq ikimizə pay düşüb,
    Bu payın da azı mənəm, çoxu sən.

    Darıxıram gülüm sənsiz qalanda,
    Elə sənsən can verən də, alan da.
    Uzaq gəzmə gözümü çən alanda,
    Bu çəməndə ovçu mənəm, ahu sən.

    Gəl qoymayaq biz sönməyə bu közü,
    Gəl bəzəyək biz göcəni, gündüzü,
    Günəş gülsün üzümüzə dan üzü,
    Bu nəğmənin sözü mənəm, ahı sən.

    Yordu məni xatirələr, xəyallar,
    Qurtarmayıb hələ şirin nağıllar,
    Əziz Musa hara gedir bu yollar,
    Bu dünyada gerçək mənəm, yuxu sən.

  • Əziz MUSA.”Vətən”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bu nə qardı, nə sazaqdı,
    Yenə kəsibdi yolumu,
    Şaxta , borandan qorxmuram,
    Həsrət bağlayıb qolumu.

    Qərib eldə nə qış, nə yay,
    Səbrimə sığınıb ahım,
    Ayrılıq dərdin betəri,
    Açılmır nurlu sabahım.

    Dağ yolu ürək istəyir,
    Gərək kəhər at minəsən,
    Göylər səni sevsin deyə,
    Qalxıb zirvədə dinəsən.

    O yolları getmək üçün,
    Gərək başda papaq ola,
    Hanı o köhnə kişilər,
    Mən kiminlə çıxım yola.

    Sözümdən qan iyi gəlir,
    Hər misramdan dərd boylanır,
    Bu soyuq qarın içində,
    Vətən adlı bir söz yanır.

  • Əziz MUSA.”Dağlara köç”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Dağ çayları bir az coşqun, bir az gur,
    Dağlardadır hər gözəllik, hər uğur,
    Bir qaydadır ay batanda, gün doğur,
    Çalış hər vaxt gözəllikdən ilham al,
    İmkan varsa, öz köçünü dağda sal.

    Gözəllikdi bu dünyanın sərvəti,
    Qartallardan öyrən gücü, cürəti,
    Dildə gəzir o dağların şöhrəti,
    O yerlərdə qeyrətlidi oğullar,
    Zirvələrə hey uzanır o yollar.

    Dağlardadır təmiz hava, təmiz su,
    Tükənməzdi orda insan arzusu,
    Şirin olur o, dağların yuxusu,
    Sədaqət var, düz ilqar var, o yerdə,
    Doğru söz var, etibar var, o yerdə.

    Dağ kəlləri zirvələri dolaşar,
    Dağ yolları dərə keçər, dağ aşar,
    Dağ adamı nə yorular, nə çaşar,
    Zəhmət çəkən zirvə kimi ucalar,
    O yerlərdə halallıqla tac alar.

    İncə olur, zərif olur dağ gülü,
    Səhər-səhər gül-çiçəklər mürgülü,
    Meh darayar gecə gündüz sünbülü,
    Bu gözəllik heyran edir hər kəsi,
    Bir aləmdi büllbüllərin nəğməsi.

  • Əziz MUSA.”Sən üçün boyunbağı”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Nə gözəlsən, bir aləmdi qaş-gözün,
    Bir incıdi, bir nəğmədi hər sözün,
    Aydan, Gündən şəfəqlidi gül üzün,
    Nur tacımsan, həyatımsan, bəbəyim,
    Ürəyimsən, ürəyimsən, ürəyim.

    Günəş kimi nur saçırsan hər səhər,
    Gözəllərin gözü sənsən bəxtəvər,
    Bənövşətək yaraşıqlı, incə, tər,
    Xoş ətirli, qönçə gülüm, çiçəyim,
    Ürəyimsən, ürəyimsən, ürəyim.

    Hər qəmzənə, hər nazına dözərəm,
    Sən gəzdiyin yolu, izi bəzərəm,
    Elə bilmə həsrətindən bezərəm,
    Ay göylərdən enib gəlmiş mələyim,
    Ürəyimsən, ürəyimsən, ürəyim.

    Bir baxışın sevən qəlbə od salar,
    O yerişin, o duruşun can alar,
    Sən güləndə dərdim, qəmim azalar,
    Sən varsansa, yoxdu özgə diləyim,
    Ürəyimsən, ürəyimsən, ürəyim.

    Ay könlümün şahzadəsi, sultanı,
    Əziz Musa sənsiz neyər bu canı,
    El-obamın qara gözlü ceyranı,
    Şip-şirinsən, balım, şanım, pətəyim,
    Ürəyimsən, ürəyimsən, ürəyim,

  • Əziz MUSA.”Çalış qoyun olma”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Əlini harama öyrətmə heç vaxt,
    Sözünü yüz ölç, biç, yalan danışma.
    Səni sınaqlara çəkəndə həyat,
    Bir az səbrli ol, həddini aşma.

    Azadlıq uğrunda atıl savaşa,
    Qoyma tapdalansın haqqın heç zaman,
    Alnı açıq yaşa, gözü tox yaşa,
    Xoşbəxt olmaq üçün doğulur insan.

    Öyrən bu həyatın qanunlarını,
    Heç kəsi ac qoymur onu yaradan.
    Qeyrətlə qoru sən namus, arını,
    Ayır hər bir zaman ağı, qaradan.

    Hər zülmət gecənin bir səhəri var,
    Bir işi görəndə ehtiyatla ol.
    Hər kəsə inanma, etmə etibar,
    Zirvəyə uzanır halal, doğru yol.

    Heç vaxt boyun əymə özgəyə, yada,
    Çalış aldatmasın dövlət, var səni,
    Qoyun tək yaşama sən bu dünyada,
    Yoxsa yeyəcəkdir canavar səni.

  • Əziz MUSA.”Bu gün”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bu gün o yerləri gəzdim doyunca,
    Gül-çiçək topladım mən qucaq-qucaq.
    Çiyələk yığdığın çəmən boyunca,
    İndi xatirələr dolaşır ancaq.

    Həsrətin necə də kövrəldib məni,
    Gəzdiyin cığırlar üzümə durub,
    Unuda bilmədim bir anda səni,
    Küləklər bu yerdə oyuncaq qurub.

    Yorğun baxışlarım qəmlidi bir az,
    O nəğmə, o gülüş çıxarmı yaddan.
    Söylə harda qaldı o işvə, o naz,
    O bəxtəvər günlər tez düşdü atdan.

    Yollara boylanan bu həsrət nədi,
    Ürəyim titrədi, gözüm yaşardı,
    Günəş də üzümə baxdı, gülmədi,
    Bir vaxt bu yerlərdə sevinc yaşardı.

    O günlər bir daha qayıtmaz geri,
    Uçdu bir quş kimi sevdalı illər,
    İndi o sevginin göynəyir yeri,
    Bir daha açılmaz o incə güllər.

  • Əziz MUSA.”Gözəlləşir”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Dünyanın gülü, çiçəyi,
    İnsanın sevən ürəyi,
    Arının balı, pətəyi,
    Təbəssümlə gözəlləşir.

    Gözlərin axan yaşı da
    Ömrün baharı, qışı da,
    Gözəllərin göz, qaşı da,
    Təbəssümlə gözəlləşir.

    Çöllərin rəngi, naxışı,
    Göylərin qarı, yağışı,
    Təbiiətin hər qarışı,
    Təbəssümlə gözəlləşir.

    Allahın öz mələyi də,
    Qara daşı, ipəyi də,
    Beşiyi də, bələyi də,
    Təbəssümlə gözəlləşir.

    Gülün, gülsün bütün cahan,
    Qəm gətirir. qüssə, hicran,
    Dünyanın əşrəfi insan,
    Təbəssümlə gözəlləşir.

  • Rafiq ODAY.”Yağış yağır”

    Yağış yağır…
    Yuyur asfalt üzlərin
    hisini, pasını.
    Yuyur gecənin qara çuxasını,
    Gündüzün öləzimiş lampasını.

    Yağış yağır…
    Səltənət sahibinin
    ismarıcını
    çatdırır bəndələrə:
    “Az göndərsəm bərəkətdi,
    çox göndərsəm bəla”.
    Sən hələ uyu, gavurun oğlu,
    dərini təslim etmə
    qana susamış rəndələrə.

    Sən hələ uyu, gavurun oğlu,
    çolaq filin
    çirk bağlamış qulağında.
    Nə Tanrının mərhəmətindən,
    nə də göndərdiyi bəladan
    xəbərin olsun.
    Heç hər yedən əlləri üzülən,
    özlərini Allah sayan
    allahsız bəndələrin əməllərindən
    tapdalanan, əzilən
    məzlumların
    göyüzünə bülənd olan
    yalvarışlarını da eşitmə.
    Eşitmə darağaclarının cırıltısını,
    Kəsilən nəfəslərin xırıltısını,
    Tərsinə axan suların şırıltısını,
    Arxalı köpəklərin mırıltısını,
    Eşitmə, gavurun oğlu.

    Yağış yağır…
    Sən, ən yaxşısı,
    Girdiyin deşikdən,
    şəlpə adlı ev-eşikdən
    başını çölə çıxarma,
    gavurun oğlu..
    Çıxarsan,
    Birdən yağış gözlərinin
    çirkini-pasını yuyar,
    Gözlərin görməyə başlar, qulağın eşidər,
    Sonra da ağlın kəsər, qəlbin duyar…
    Onda sənin də faciən başlar,
    gavurun oğlu.
    Sən görməyi, eşitməyi, duymağı –
    bu qədərmi asan sayırsan,
    gavurun oğlu.

    Yağış yağır…

    21.11.2019.

  • Rafiq ODAY.”Cinas bayatı”

    Nur yağmasa göyündən,
    Heç tutarmı göyün dən?
    Yer ahdan silkələnər,
    Lərzə gələr göy ündən.

  • Rahilə xanım DÖVRAN.”Haraya üz tutum indi”

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    /”Könül dəftərim” – silsiləsindən/

    Bu necə qismətdir, bu necə yazı?
    Eşqimə, sevgimə qaldım tamarzı.
    Ötməmiş ömrümün baharı, yazı,
    De, sənsiz haraya üz tutum indi?

    Yenicə dəymişkən əlim-əlinə,
    Yenicə dönmüşkən nazlı gəlinə,
    Saratək atılib eşqin selinə,
    De, sənsiz haraya üz tutum indi?

    Eşq atəşin çatdıq, başacan yana,
    Bir ömür boyunca hey alovlana.
    Necə qıydın gülüm, əhdi-peymana?
    De, sənsiz haraya üz tutum indi?

    Bizi sevənlərə nə deyim indi?
    Necə söyləyim ki, eşqindən döndü?
    Sevməyən ha çox ki, hamı sevindi,
    De, sənsiz haraya üz tutum indi?

    Artıq seçəmmirəm ağdan-qaranı,
    Sərgərdən gəzirəm dağı, aranı.
    Bu üzüdönüklük, yaxdı Dövranı,

  • Rahilə xanım DÖVRAN.”Harasan?”

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    /”Könül dəftərim” – silsiləsindən/

    Gözüm yollarda qalıb,
    Güllü yazım, hardasan?
    Qəlbi kədər, qəm alıb,
    Şirin sözüm hardasan?

    Sirdaş olub hicrana,
    Qıymısan şirin cana.
    Qəlbim viran, qəmxana,
    Necə dözüm, hardasan?

    Sənsən suçum, günahım,
    Qəlbə sancılan oxum.
    Kərəmtək yaxar ahım,
    Yanıq sazım, hardasan?

    Dəyirman çarxı dənsiz,
    Dağ- daş dumansız, çənsiz.
    Rahilə Dövran sənsiz,
    Canım, gözüm, hardasan?…

  • Sevinc HƏMZƏYEVA.”Kövrək xatirələrin üstünə getmə”

    Kövrək xatirələrin üstünə getmə
    Hələ üzərindən yel də keçməyib
    Nə illər bacardı, işə yaradı
    Nə də duyğuları ölüb bitməyib

    Yenə həmin baxış, yenə həmin söz
    Sənin gözlərindən süzülən sevgi
    Yenə həmin nəğmə, yenə həmin köz
    Qəlbimin telinə hörülən sevgi

    Nə nəğməsi susub, nə şeiri bitib
    Donub sükutunun pərdələrində
    Yol çəkən gözümün kökündə itib
    Yanır aram – aram sənin hicrində

  • Sevinc HƏMZƏYEVA.”İstəmirəm yerlə səma mənim olsun”

    İstəmirəm yerlə səma mənim olsun
    İstəyirəm yerin, göyün arasında
    Sakit, rahat, dinc bir guşə
    Və… sevgilim mənim olsun!..

    Istəmirəm mavi dəniz mənim olsun
    İstəyirəm dodaqlarım sudan ötrü
    Yanıb külə dönməməkçün
    Bir gilə su mənim olsun!

    İstəmirəm sevinc içrə üzüm hər an
    İstəyirəm kədərimin yarısıcan
    Xoş anlarım, gülər günüm
    Təbəssümüm mənim olsun!

    Istəmirəm bir əbədi ömrüm olsun
    İstəyirəm, nə qədər ki, yaşayıram
    Öz sevgimi dəfn etməyim
    Mənim sevgim mənim olsun!…

  • Şəfa VƏLİYEVA.”Titrəmə, külək…”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Nostaljiləşmək…(yeni sözdüzəltmə prosesinin gündəminə uyaraq… və bir köhnə şeiri xatırlayaraq…)

    Titrəmə, külək…
    Qorxma…
    Səni “öldürməyəcək”
    Görüşə gecikdirdiklərin…
    Qorxma…
    Səndən “küsə bilməyəcək”
    Saçını qarışdırıb
    Sevgilisinin gözündən “gizlətdiklərin”…
    Bilirsən, külək…
    Indi “O”-nun olduğu
    Şəhərdəsən…
    Qat onun saçlarını…
    Qum doldur aralarına…
    Qoy yumsun gözlərini…
    Əllərim gəlsin ağlına…
    Susma, külək…
    Vıyılda…
    Çırp onun tənha daxmasının
    Pəncərələrini divara…
    Ütüsünü poz pərdələrinin…
    Üşüsün…utansın
    “Mənsizliyindən”…
    Qorxut onu…
    Üzü səhərə doğru
    Xəfiflə…
    Pıçılda ona…
    Onsuz bu dünyada
    Kimsəsizliyimdən…

  • Şəfa VƏLİYEVA.”Yanğından çıxmış kimiyəm…”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Son bir həftədi iki misra ağlımdadı:

    -Yanğından çıxmış kimiyəm…
    Saçlarımda kül qoxusu…

    Neçə dəfə istəmişəm status yazam, soruşam ki, müəllifi kimdi bu misraların? Axır ki, bu səhər xatırlamışam kimdi… Şair deyib keçməyin, “bu dünyanın qəribi” deyin…

    Yanğından çıxmış kimiyəm…
    Saçlarımda kül qoxusu…
    Yerin göyə naz dəmiyəm,
    Ovcumda məhşər qorxusu…

    Boyumdan böyük sevdalar
    Sığa bilmir ürəyimə.
    Döngə-döngədisə yollar
    Bu dünya mənim nəyimə?!

    Büküb saxladığım dərdi
    Bilməyə adam gəzirəm…
    Üzülməyə ömür yetir,
    Gülməyə məqam gəzirəm…

    Şəfa Vəli (2016)

  • Şəfa EYVAZ.”Qapı”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    İnsan əşyalaşır, yalnız qalanda…
    Qapı, pəncərənin dili olurmuş.
    Evinə dönəndə salam verəni,
    Qapı dəstəyinin əli olurmuş…

    Günəş incidirmiş yuxulu gözü,
    Divar eşidirmiş dediyi sözü.
    Oyanıb çıxanda oxşayan üzü
    Çırpılan qapının yeli olurmuş…

    Olmurmuş sən demə uçmaq həvəsi,
    İnsan asılırmış qanadlarından…
    Tuturmuş adamın əl-ayağından,
    Qapılar taleyə zəli olurmuş.

    Döngə tərs olurmuş düz yerisən də,
    Yollar dolaşırmış illər içindən.
    İnsan da çıxırmış ömür çərxindən,
    Qapılar ardında dəli olurmuş…

    20.11.2016

  • Şəfa EYVAZ.”Darıxmağın bir adı da var indi…”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Darixmağın bir adı da var indi…
    Üşümək.
    Sənsiz olan küçələrdə
    Sən varmışsın kimi
    Yerimək…
    çətindi…

  • Ceyhunə MEHMAN.”Adın düyünlənir dodaqlarımda”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri

    Adın düyünlənir dodaqlarımda,
    Dilimdə , sözümdə hecalanırsan.
    Gecə yuxularda tapıram səni,
    Səhər xəyalımda parçalanırsan.

    Elə vuruşuram özüm-özümlə,
    Sinəmə çəkilən dağ oluram mən.
    Hər gecə üz-üzə durub ölümlə,
    Hər gün həsrətinlə doğuluram mən.

    Bütün əzabların yükün çəkməyə,
    Demə, ürək adlı tərəzi varmış.
    Bu dünya qəstimə dayanıb sanki,
    Hamının mənimlə qərəzi varmiş.

    Deyirsən, sənin də ağırdır yükün,
    Bu ki, sənsizliyi daşımaq deyil.
    Sən elə bilirsən yaşayıram mən?!
    -Nəfəs alıb -vermək yaşamaq deyil..

  • Ceyhunə MEHMAN.”Nə biləsən, ayrılığın səhəri”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri

    Nə biləsən, ayrılığın səhəri,
    Gizli-gizli pıçıldaşır yağışlar.
    Nə biləsən,əgər geri qayıtsan,
    Tanrı səni göz yaşıma bağışlar.

    Nə biləsən,soyuyubdur göz yaşım
    Yanağıma kədər yağır,qar düşür.
    Gözlərimdə iki dünya qovuşur,
    Dodağımda ölüm necə öpüşür.

    Nə biləsən,səndən sonra hamının
    Mənimlə bir davası var,dərdi var.
    Çoxdandir ki, taleyimin yükünü,
    Daşıyammır ömür adlı nərdivan.

    Nə biləsən, bu bitməyən əzablar
    Ürəyimi ac qurd kimi yeyirlər.
    Bənizimdə həsrətindi saralan,
    Həkimlərim “qanazlığı” deyirlər.

    Nə biləsən, mənəm səni unudan,
    Sənsən məni hər gün bir az itirən.
    Nə biləsən, gözlərimdən tökülüb,
    Yavaş-yavaş külə dönür xatirən.

  • Xatirə FƏRƏCLİ.Yeni şeirlər


    Sayəndə

    Halına görüntü etməklə məni
    Rəzillik nə imiş, gördüm sayəndə.
    Demirəm səhv etdim sənə uymaqda,
    Səhv, düz, bu dostluğu gömdüm sayəndə,

    Nə şəbədə qoşsan xası özünsən,
    Utancdır, keçdiyin ömrü gəzinsən.
    Elə yosma-yosma sevgi gəzdin sən,
    Sevgidən soyudum, söndüm sayəndə.

    Ölç, öz arşınınla ölçməyində ol,
    Keç, gülünc yollardan keçməyində ol,
    Get, ayrı görüntü seçməyində ol,
    Dinmirdim, ilişdin, dindim sayəndə.

    ***

    İndi mən necə anım,
    nə cür düşünüm səni?
    Necə dilə gətirim
    ürəyimdən keçəni?

    Səsin gəldi, sandım ki,
    qeybdən gələn sədadı.
    Bu bir soyuq həsrətmi,
    yoxsa,
    sevgidir adı?

    Ürəyimi qoparıb,
    apardı yenə bu səs.
    Düşünməyə bilmirəm,
    de, necə unudum, bəs?

    Nə unutmaq, nə də ki,
    qayıtmaq olmur daha.
    Eh, sən… eh, sən… eh, səni…
    batdın, eləcə batdın
    sevgi adlı günaha.

  • Xatirə FƏRƏCLİ.Yeni şeirlər

    Soyuq olar söz

    Sevdiyinlə danışmağa
    sözün yoxsa,
    qurtarıbsa,
    çalışma söz axtarıb tapasan.
    Sonuna çatdığın ipi dartıb uzadanda qırılar,
    söz tükəndisə
    istək də tükənər,
    istək tükəndisə uzatmaq hədər,
    uzatdıqca
    yaşantılar heçə enər.
    …Axtarılıb tapılanda yöndəmsiz olar,
    soyuq olar söz,
    üşüyər, titrəyər,
    istəyi göyə sovuran yellər əsər,
    atar sözü boşluğa…

    MƏNİ ARA

    Hər allanıb güləndə dan,
    Hər yadına düşdüyüm an,
    Ürəyin istəyən zaman
    məni ara.

    Bircə qəfil zəng səsiylə,
    Bir “necəsən” kəlməsiylə,
    Ürək ilə, həvəs ilə
    məni ara.

    Həzin mehtək əsim-əsim
    Titrəməsin kəlmən, səsin,
    Təkcə sayğı, diqqət bəsim,
    məni ara.

    Bu, ömürdür, elə-belə,
    Ya sevin, gül, ya dərd elə,
    Aldanaq bu sevinc ilə,
    məni ara.

  • İradə AYTEL.”Aman Allah, bu gecə”

    Aman Allah, bu gecə
    Çarmıxa çəkilirəm!
    Çölümə ilmə düşüb,
    Içimnən sökülürəm!

    Bircə ağ gün dərmədən,
    Yazım qışa girmədən,
    Payızım bar vermədən,
    Torpağa tökülürəm!

    Arzular oyuq-oyuq,
    Adamsız evim soyuq!
    Kəfən biçənim də yox,
    Dərdimə bükülürəm!

  • Kənan AYDINOĞLU.”Nurunun bir damlası qəlbə iman gətirər”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Nurunun bir damlası qəlbə iman gətirər,
    Bir qətra kiçik nütfə yeni insan gətirər.

    Daşların arasından uğuru damla-damla,
    Nura boyanmış ömrə vaxtı zaman gətirər.

    İgidlər meydanında yəhərli atın üstə,
    Doğrayıb kəsən qılınc qırmızı qan gətirər.

    Fəryad qopsa dağlarda xəfif Bakı küləyi,
    Sərinliyin içində bir ruh, bir can gətirər.

    İnanmıram ki, düzü, Muhəmməd peyğəmbər tək,
    Haqq sözünü söyləyən birin dövran gətirər.

    May 2010.

  • Kənan AYDINOĞLU.”Fırlandıqca qərinə əldən ruhla can gedir”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Fırlandıqca qərinə əldən ruhla can gedir,
    Xəbər verin obaya əldən Süleyman gedir.

    Yayılan bəd xəbəri xalqına çatdırmağa,
    Yəhərli atın üstə laxtalanan qan gedir.

    Tutub onun qolundan ayağa qaldırmağa,
    Doğmamış al günəşlə sökülməmiş dan gedir.

    Dağ vüqarlı şairi ölümdən qurtarmağa,
    Dönə-dönə dünyada zaman gedir, an gedir.

    Sevinərəm, düzü, mən bu xəbəri desələr,
    Dişin qıcayan ölüm şairimdən yan gedir.

    Mart, 2010.

  • Kənan AYDINOĞLU.”Üz tutsan haqqın yoluna, sən abi-heyvan taparsan”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Üz tutsan haqqın yoluna, sən abi-heyvan* taparsan.
    Dərdli-kədərli ananı, yenə də giryan* taparsan.

    Sığındıqca dərgahına, gündən-günə, aydan-aya,
    Ruzunu Ulu Tanrıdan,inan cavidan* taparsan.

    Gəlib düşsən bir məclisə, fəqət hər an deyib-gülən,
    Dünən məzlumməzlum baxan, quzunu büryan* taparsan.

    Oxuduqca haqq “Quran”ın ayəsini, surəsini,
    Cilovlayıb hisslərini, inan ki, ürfan* taparsan.

    Ömrünün hər bir günündə deyə-deyə, gülə-gülə,
    Daşa, bütə tapındısa sonunda hirman* taparsan.

    Fevral, 2010.

    Abi-heyvan-dirilik suyu
    Giryan-ağlayan, ağlar
    Cavidan-həmişəlik, əbədilik
    Büryan-kabab
    Ürfan-bilik, mərifət, Allahı dərk etmək
    Hirman-məyusluq, ümidsizlik

  • Kənan AYDINOĞLU.”Cəhənnəmə aparmağa, bəndəni şeytan axtarır”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Cəhənnəmə aparmağa, bəndəni şeytan axtarır,
    İgidlər də döyüşməyə, özünə meydan axtarır.

    Keşməkeşli bu həyatın, ən adi günündə belə,
    Tövbə ardınca tövbəni yenə də insan çağırır.

    Bu dünyanın dərd-sərindən aşkar-aşkar olmasa da,
    Dərdlərini bölüşməyə ruh özünə can axtarır.

    Yazılmamış qanundur ki, gözü yolda qala-qala,
    Sınaqdan keçirmək üçün bəndəni zaman axtarır.

    Şükür olsun ki, Yaradan, gözün açandan bu yana,
    Anasının laylasını bu gün də Kənan axtarır.

    Yanvar, 2010.

  • Kənan AYDINOĞLU.”Əldə qılınc igidləri döyüşə meydan çağırır”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Əldə qılınc igidləri döyüşə meydan çağırır,
    Fitnə-fəsad törətməyə bəndəni şeytan çağırır.

    Sübh şağı açılan kimi səhərdən axşama qədər,
    İnsanı çətin sınağa yenə də dövran çağırır.

    Səmanın üstündə yenə sayrışanda ağ ulduzlar,
    Fəqət bu gün tənha qalan ruh köməyə can çağırır.

    Məkkədən Kəbəyə qədər, yorulmamış zəvvar kimi,
    Canı, ruhu bir də anı laxtalanan qan çağırır.

    Şükür olsun ki, Yaradan, dost, tanışı, qohumları,
    Haqq dini “İslam dini”nə Qul Bəndə Kənan çağırır.

    Yanvar, 2010.

  • Xalq şairi Vahid ƏZİZ.”İnciyib qızların göyçəyi mənnən…”

    Mən bu ağrıları çoxmu çəkərəm?
    İnciyib qızların göyçəyi mənnən,
    özüm becərərəm, özüm əkərəm,
    güllər barışdırsa çiçəyi mənnən.

    Düşüb, ayağına yenəmi gedim,
    hansı ağbirçəyi minnətçi güdüm?
    Deyəndə: “Nə alıb hədiyyə edim?”
    “Can” – dedi, ummadı heç nəyi mənnən.

    Ömrümü əlimnən alsa da – mənim,
    qopub ləçək-ləçək solsa da – mənim,
    illərlə yanımda olsa da mənim,
    öyrənmir günahdan keçməyi mənnən…

    13.XI.2017

  • Xalq şairi Vahid ƏZİZ.”Savayı…”

    Körpə idim – yerim isti, özüm tox,
    nə istəsəm yetişərdi havayı.
    Öyünməyə daha gözəl günüm yox,
    el-obamda o çağlardan savayı.

    Xəyalımda ömrün hər bir yaşında,
    gözlədiyim soyuq elçi daşında,
    nə diləyim beşiyimin başında
    nəğmə deyən dodaqlardan savayı.

    Bütöv canın parçasıdır hər qitə,
    ölən üçün zaman sönər, yer bitər!
    Yer tapılmaz mənə doğma heç vədə
    böyüdüyüm qucaqlardan savayı.

    Vüsal qırar hicran salan duyünü,
    qəlb oynadar dost arzusu, yar ünü,
    nə alar ki, pərvanənin könlünü
    həzin yanan çıraqlardan savayı?

    Yeriməknən yaxın olar uzaqlar,
    təlatümlər şahididir bu dağlar,
    yer ölçməklə nə qazanıb ayaqlar
    itirdiyi çarıqlardan savayı?

    Mərd olanı zindan belə sındırmır,
    zirvələrdə qarlar belə dondurmur,
    bu dünyada heç nə məni yandırmır
    odu sönmüş ocaqlardan savayı…

    03.XII.2017

  • Xalq şairi Vahid ƏZİZ.”Getmisən…”

    Gülüm, axı hamı məni tanıyır,
    bilmədiyin nə öyrənib getmisən?
    İndiyədək çəmən məni qınayır,
    çiçəklərə gileylənib getmisən.

    Yar, olmaya canım sənə qəfəsmiş,
    aramızdan nə çatlayıb, nə əsmiş?
    Bəlkə sevgi sənin üçün həvəsmiş?
    Ətrafımda veyillənib getmisən.

    Axı məni yoxun-varın bilirdin,
    al günəşin, ilk baharın bilirdin,
    saçlarımı zirvə qarın bilirdin;
    bəlkə, elə o sellənib getmisən?

    Bir zamanlar hər an dil-dil ötərdin,
    çeşmələrdən, bülbüllərdən betərdin,
    nə sevincin bəlli oldu, nə dərdin –
    nə hönkürüb, nə dillənib getmisən.

    Sevənlərdir xatirələr qoruyan,
    torpaqları göz yaşıyla doyuran,
    yollar çoxdur insanları ayıran –
    hara baxsan, şaxələnib getmisən…

    Tab edərdim məkrindəki qılınca,
    o yaxşıydı – xəzəl olub solunca,
    istəsəydin-su atardım dalınca
    göz yaşlarım səpələnib, getmisən…

    27.XI 2017

  • Xalq şairi Vahid ƏZİZ.”Payız şabaş yağdırır…”

    Bulud üç bir, iki bir,
    yavaş-yavaş yağdırır,
    yollar boyu toy gedir –
    payız şabaş yağdırır.

    Daşınmaqda ot-ələf,
    qoymarıq olsun tələf,
    su içində bu tərəf,
    ya da o baş, yağdırır.

    Sevilirik, sevirik,
    ağrısını bilirik,
    göz yaşların ya kirpik,
    ya da ki, qaş yağdırır.

    Qaldı yola salanlar,
    getdi yadda qalanlar,
    dəliqanlı olanlar
    başına daş yağdırır.

    Yol gedir qışa doğru,
    kotana, xışa doğru,
    göylər – yeli qupqupu
    yağmuru yaş yağdırır.

    Bir eşq sinənin altda
    od-alov çataçatda,
    qız-gəlin zarafatda –
    təndir lavaş yandırır…

    04.XII.2017

  • Xalq şairi Vahid ƏZİZ.”Daha ikimiz də cəhənnəmliyik…”

    Gözümün nurunu aldı bu təklik,
    varsan nə yağında, nə tortasında!
    Düzdü, ikimiz də cəhənnəmliyik;
    mən gendə yanacam, sən ortasında!

    Qılıncdan beş-betər kəsərmiş nəzər,
    böhtannan, qarğışdan, şərdən əlhəzər!
    Dərdlər ürəyimin üstündə gəzər,
    əcəl eşələnər tən ortasında.

    Boş qaldı xəyalda qurduğum evcik,
    hər sevən taleyə düşməz elçilik,
    mən xırman çölündə xırda sərçəcik,
    qismətdən umduğum-dən ortasında.

    Yuxum səni tapıb-itirər hərdən,
    bəxtim röyalarda gətirər hərdən,
    bəbəklər şəklini tor görər hərdən,
    elə bil yurd salıb çən ortasında.

    Sevgi tərk etdisə-ümid də sönər,
    göylərdən pərişan torpağa enər.
    Fələk bayram edər, Şeytan sevinər,
    Bacarsan, hicranın dön ortasında.

    Çox əsib-coşardın gözəl yarında,
    daha, Vahid Əziz, əlləş canında.
    məhv etdin eşqini alovlarınla –
    indi, bacarırsan sən ortasında…

    27.XI.2017

  • Xalq şairi Musa YAQUB.”Dağlar dənizə gəlib”

    Dağların arasında
    Dəniz olub ağ duman.
    Dağlara dəniz gəlib
    Baxıram heyran-heyran.
    Hər səmadan bir taya,
    Hər buluddan bir əlçim,
    Hər dəryadan bir içim
    Yığılıb dəniz olub.
    Dağların arasında
    Sıxılıb dəniz olub.
    Görünür yorğun düşüb,
    Dərəyə lövbər salıb,
    Bir az yatmaq istəyir.
    Göyləri çox gəzibdir,
    Qayalı dağ istəyir.
    Dağlara dəniz gəlib
    Sahili sıldırımlar.
    Dincəlir bu dənizdə
    Şimşəklər, ildırımlar;
    Dağkəlilər yol azıb,
    Cüyürlər çaşbaş qalıb.
    Qağayının yerini
    İndi də qartal alıb…
    Səhər şəfəqlərilə
    Yanır dənizin üstü.
    Dəyir sahil daşına,
    Doğranır əlçim-əlçim,
    Burulur tüstü-tüstü.
    Bəh, dağların gözündə
    Bu nə şirin uyğudur,
    Bu nə zərif duyğudur,
    Bu nə gözəl xəyaldır!
    Hələ külək əsməsin, –
    Göyün bağrı sökülər;
    Dəniz doluxsunmasın,
    Suya dönüb tökülər.

  • Xalq şairi Musa YAQUB.”Təbiət yatır”

    Çalalar, çuxurlar hamarlanıbdır
    Quşlar bir dən üçün qubarlanıbdır
    Qanadı altına salıb başını,
    Sərçələr ötürür qarlı qışını.
    Baxıram bu ağac nararmududur
    İndi nararmudu qar armududur.
    Bəs bu ağacdələn kimi oyadır,
    Təbiət yatır.
    Deyəsən bu yellər uzaqdan gəlir,
    Bir gözəl dan üzü bulaqdan gəlir,
    Köksünə sığmayır ürək sevinci,
    Düşür saçlarına qar inci-inci.
    Elə bil başına örtüb ağ cuna,
    Bir topa qar sıxıb qoyur ovcuna
    Sonra da əlində atıb oynadır,
    Təbiət yatır.
    Böyürtkən kolları sən görən deyil,
    Şimal ayısıdır durub elə bil.
    Tikanlar yırtanda ağ yorğanını,
    Yenidən qar nənə gözləyir onu.
    Dovşanlar kol-kosda ötürür qışı,
    Dələnin otağı ağac koğuşu
    Ayı mağarası yoxsul bir çadır…
    Təbiət yatır.
    Hələ ağaclara balta çalan var,
    Bilir ki, izini gizlədəcək qar.
    O, çıxıb evinə arxayın dönər,
    Ağacın qar altda yarası göynər.
    Bura meşəbəyi nə zaman gələr,
    Bir də kötüklərə ilişsə bilər
    Namərdlər meşəni hey vurub-çatır…
    Təbiət yatır.
    Görəsən ürəyim kimi soraqlar…
    Əyilib yollara qarlı budaqlar.
    Keçir yollarımız bir ağ tuneldən,
    Sökülür bu tunel adicə yeldən.
    Qardan papaq qoyur papaqlarımız,
    Üşüyür maşında ayaqlarımız;
    Adamlar mənzilə tələsir, çatır,
    Təbiət yatır.

  • Xalq şairi Musa YAQUB.”Güllə gəzdirən maral”

    Bir namərdin gülləsi
    Ürəyimdən yan keçib,
    Bədənimdə qalıbdır.
    Odu məni alıbdır
    Güllə zəhərdir, zəhər…
    Qoy qanıma işləsin,
    Qoy canıma işləsin,
    Bir südümə dəyməsin,
    Bala böyüdürəm mən.
    Həyat eşqi gözümdə,
    Qan ləkəsi izimdə.
    Düşmənimi bəsləyib
    Gəzdirirəm özümdə.
    Mənim yüküm daş deyil,
    Mənzilinə yetirim
    Mənim yüküm duz deyil,
    Su dəyəndə itirim.
    Bir göz giləsi boyda
    Bədəndəki qurğuşun
    Dağdan ağır yük imiş.
    Yükü güllə olanın
    Dərdi nə böyük imiş!
    Qoy yansın naşı ovçu
    Tüfənginin ağzından
    Gülləsini almışam,
    Ölməmişəm, qalmışam…

  • Xalq şairi Musa YAQUB.”Lalə”

    Utancaq gəlin tək çəkinib əvvəl
    Bürünər bir yaşıl duvağa lalə.
    Yırtıb örpəyini baş qaldıranda,
    Bənzər təbəssümlü dodağa lalə.

    Yel əsib duvağı salar üzündən,
    Görərsən xal qoyub yanağa lalə.
    Yağışlar yuyanda ləçəklərini
    Çəkər saçlarını darağa lalə.

    Xoşlanar günəşin od nəfəsindən,
    Verər sinəsini qabağa lalə.
    Qərənfil, bənövşə solub gedəndə,
    Bənzəyir bir qərib qonağa lalə.
    Arılar yük olub qonar üstünə,
    Gah sola əyilər, gah sağa lalə.

  • Xalq şairi Musa YAQUB.”Ömrün ilk fəsilləri”

    * * *
    Bəlkə də borcundan çıxmadım, Vətən,
    Ömür bahar deyil bir də qayıtsın.
    Ölsəm də, qoynunda qoy ölüm ki, mən
    Çürüyüm, bir ovuc torpağın artsın!
    * * *
    Burda hər meşənin min cür ağacı,
    Burda hər ağacın yamyaşıl tacı.
    Burda hər tac üstə sarmaşıq saçı,
    Hər saçın küləkdən darağı vardır.
    Burda hər budağın şeyda bülbülü,
    Burda hər bülbülün qönçə bir gülü,
    Burda hər qönçənin yaşıl bir tülü,
    Hər tülün xırdaca saçağı vardır.
    Burda hər yamacın çiçəkdir daşı,
    Burda çiçəklərin şehdir göz yaşı;
    Burda şeh damlası bir üzük qaşı,
    Hər qaşın qızılı qurşağı vardır.
    Burda sərər düzə lalələr xalı,
    Burda hər xalının qara bir xalı…
    Hər xalda şirin bir şair xəyalı,
    Burda hər xəyalın oylağı vardır.
    Burda qayaların daşdır suvağı,
    Burda hər daş üstə qartal caynağı,
    Caynaqlı hər daşın bir buz bulağı,
    Burda hər bulağın qonağı vardır,
    Harda bu saydığım gözəllik olsa,
    Orda Azərbaycan torpağı vardır.

  • Xalq şairi Ramiz RÖVŞƏN.”Nə hirslə oxuyur bu quş”

    Nə hirslə oxuyur bu quş,
    Mahnı deyil, qarğışdı bu.
    Elə bil hürür adama,
    Yarı it, yarı quşdu bu.

    Yoxdu quşlar arasında
    Dilini bilən bu quşun.
    İtlər səs verir səsinə
    Bayaqdan hürən bu quşun.

    Nə çoxdu hirsi-hikkəsi.
    Canındakı qurd kinidi.
    Yazıq hürməsin, neyləsin,
    Bəlkə günü it gündü.

    …Quş olub hür, it olub uç,
    Kimdi görən bu ölkədə?!
    İti qab dibi yalayan,
    Quşu hürən bu ölkədə..

  • Xalq şairi Ramiz RÖVŞƏN.”Mən də Tanrı quşu olsam”

    Gün doğsa da, işıqlanmaz
    ömrün qara günləri.
    Tanrıyla kim barışdırar
    bəxtindən küsənləri?

    Canımıza hardan dolub
    bu dəlilik havası?
    Ağaclar da Məcnun olub
    başında quş yuvası.

    Quşa dönüb mollalar da,
    qonub minbər başına.
    Əzan verib bu şəhəri
    basdırarlar axşama.

    Mən də Tanrı quşu olsam,
    mən də qonsam minbərə,
    Hər nə desəm küfr çıxar
    bəlkə bütün dinlərə.

    Bəlkə məni dörd bir yandan
    nişan alar ovçular
    O minbərdən damla-damla
    qanım yerə damcılar.

    Bir yaralı molla uçar
    sənə sarı. İlahi.
    İnsanf elə bu yaramı
    özün sarı, İlahi!..

  • Xalq şairi Ramiz RÖVŞƏN.”Bir xəfifcə külək”

    Bir xəfifcə külək əsdi
    ürəyimin yanından.
    Əsdi ətəyi yellənən
    bir nazik qız donundan.

    Bu nə gözəl qızdı, Allah,
    lap qəbirdə sevməli.
    Bir də, bir də doğulmalı,
    bir də, bir də sevməli.

    Gecələri səhərəcən
    dizinə baş qoymalı.
    Yuxuda da onu görüb
    diksinib oyanmalı.

    Əcəl günü, son nəfəsdə
    son sevdaya düşməli.
    Bir cüt quştək bir qəfəsdə
    onunla sevişməli.

    Sonra… sonra arxayınca,
    kirimişcə ölməli.
    – Bəsdi, kiri, axmaq qoca,
    gülməlisən, gülməli!…

  • Xalq şairi Ramiz RÖVŞƏN.”Gəlin, açın yumruğumu!”

    Sıxılmaqdan əlim şişib,
    Dırnağım ovcumu deşib,
    Barmaqlarım düyün düşüb,
    Gəlin, açın yumruğumu!

    Nə qedib yata bilirəm,
    Nə qələm tuta bilirəm,
    Nə bir daş ata bilirəm,
    Gəlin açın yumruğumu!

    Mən ki bir fağır oğuldum,
    Birdən yay kimi yığıldım,
    Boğuldum, Allah, boğuldum,
    Gəlin açın yumruğumu!

    Uçdu mən quran qalalar…
    Yaxşı ki var gül balalar,
    Dedilər: “Ovcunda nə var,
    Gələk açaq yumruğunu?!”

  • Xalq şairi Ramiz RÖVŞƏN.”Yavaş-yavaş sevdim səni”

    Yavaş-yavaş sevdim səni,
    Hər gün bir az da sevdim.
    Ən çox bu qış sevdim səni,
    Qarda, ayazda sevdim.

    Gör bir nə tez isinişdik
    Havalar soyuyanda.
    Adamlar qalın geyinib,
    Ağaclar soyunanda.

    Qar altından baş qaldıran
    Çiçəktək sevdim səni.
    İstisinə qızındığım
    Ocaqtək sevdim səni.

    Hələ bu cür sevməmişdim
    Ömrüm boyu heç kimi.
    Səni sevdim qar üstündə
    Yem axtaran quş kimi.

    Qorxa-qorxa bu sübh çağı
    Nə baxırsan göyə sən?
    Deyirsən ki, günəş çıxıb,
    Qar əriyir deyəsən…