em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Bu gün o yerləri gəzdim doyunca,
Gül-çiçək topladım mən qucaq-qucaq.
Çiyələk yığdığın çəmən boyunca,
İndi xatirələr dolaşır ancaq.

Həsrətin necə də kövrəldib məni,
Gəzdiyin cığırlar üzümə durub,
Unuda bilmədim bir anda səni,
Küləklər bu yerdə oyuncaq qurub.

Yorğun baxışlarım qəmlidi bir az,
O nəğmə, o gülüş çıxarmı yaddan.
Söylə harda qaldı o işvə, o naz,
O bəxtəvər günlər tez düşdü atdan.

Yollara boylanan bu həsrət nədi,
Ürəyim titrədi, gözüm yaşardı,
Günəş də üzümə baxdı, gülmədi,
Bir vaxt bu yerlərdə sevinc yaşardı.

O günlər bir daha qayıtmaz geri,
Uçdu bir quş kimi sevdalı illər,
İndi o sevginin göynəyir yeri,
Bir daha açılmaz o incə güllər.