em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Əlini harama öyrətmə heç vaxt,
Sözünü yüz ölç, biç, yalan danışma.
Səni sınaqlara çəkəndə həyat,
Bir az səbrli ol, həddini aşma.

Azadlıq uğrunda atıl savaşa,
Qoyma tapdalansın haqqın heç zaman,
Alnı açıq yaşa, gözü tox yaşa,
Xoşbəxt olmaq üçün doğulur insan.

Öyrən bu həyatın qanunlarını,
Heç kəsi ac qoymur onu yaradan.
Qeyrətlə qoru sən namus, arını,
Ayır hər bir zaman ağı, qaradan.

Hər zülmət gecənin bir səhəri var,
Bir işi görəndə ehtiyatla ol.
Hər kəsə inanma, etmə etibar,
Zirvəyə uzanır halal, doğru yol.

Heç vaxt boyun əymə özgəyə, yada,
Çalış aldatmasın dövlət, var səni,
Qoyun tək yaşama sən bu dünyada,
Yoxsa yeyəcəkdir canavar səni.