Day: May 2, 2023

  • Vüsalə VƏTƏNXAN MEHRİ.Yeni şeirlər (II hissə)

    ***
    (Şəhid Şəhriyar Əsgərovun xatirəsinə)

    Bu gün göyərçinin qanadlarında,
    Yüksələn ruhuma baxır vətənim.
    Üç rəngli bayrağın ayparasında,
    Şəhidlik rəmzini taxır vətənim.

    Anam nalə çəkib diz çökən anda,
    Tutun qollarından, qaldırın onu.
    Mənsiz bükülməyə izn verməyin,
    Şəhriyar oğlutək qoruyun onu.

    Vətənə qanımı halal etmişəm,
    Bu haq belə asan verilməz ələ.
    Qalmasın düşməndə bu pak torpağım,
    Yoxsa yaralarım ağrayar hələ.

    Allaha əmanət qoyub sizləri,
    Əbədi cənnətə yol alıram mən.
    Azadlıq uğrunda savaşan varsa,
    “Şəhidlər ruhutək” yaşayar vətən.

    ***
    (Şəhid İlqar Bürcəliyevin xatirəsinə)
    Bu gün doğum günün imiş,
    Ey qəhrəman şəhid, İlqar.
    Gəncliyinə vəda etdi,
    Torpağa döndü arzular.
    Vətən qucaq açdı sənə,
    Sən vətənə qucaq açdın.
    Şəhidliyin zirvəsindən,
    Torpağa nurunu saçdın.
    Gözlərində işıldayan,
    Günəş sönən deyil, oğul.
    Bizi daim yaşadacaq,
    Həyat eşqindi bil, oğul.
    Səmalara ucaltmısan,
    Sən bu vətən bayrağını.
    Qanın ilə tarix yazıb,
    Öpdün vətən torpağını.

  • Vüsalə VƏTƏNXAN MEHRİ.Yeni şeirlər (I hissə)

    ***
    XOCALIM

    Susun, sakit durun!
    Dünyanın dərinliyindən bir səs gəlir, körpə səsi,
    Boğur insanlığı, qopur göylərdəki ah-naləsi.
    Duyun, ölmüş vicdanların qətl etdiyi məzlum kəsi,
    Vermiş həyat bətnindəki doğulmamış son nəfəsi.

    Susun, sakit durun!
    Günəştək qalxsa da erkən, bu erkən yatma dünyası,
    Mənafe uğruna neyçün tükənməz qanlı dəryası?
    Ürəklər ürpədən fəryadı duymaq gec, nə faydası?
    Bəşər dönmüş müqəvvaya? Nədəndir yoxdur ehsası?

    Susun, sakit durun!
    Bədənlər sağ ikən yandı, Xocalım yandığı gündən,
    Nə eybi gördülər əfsus, fəqətdir güldülər gendən,
    Susun! Əlbət bu səssizlik çıxardar sizləri dindən!
    Həqiqət olduğu yerdə susan varsa, odur düşmən.

    Susun, yox, susmayın bir də!
    Dönüb dəryatək axdıqca bilin ki, qan tutar aləm,
    Duyunca körpə fəryadın İlahi dillənər hər dəm,
    Daha susma, daha susma, insan oğlu deyil əbsəm,
    Mən insanlıq mayasından zühur etmiş həmin sidqəm!

    ***
    ƏSGƏR QARDAŞIMA

    Qardaş, əsgərliyin mübarək olsun!
    Bu vətən torpağı sənə əmanət.
    Biz, ana-bacını qorumaq üçün,
    Düşmənlə üz-üzə gələrsən əlbət!
    Qardaş, əsgərliyin mübarək olsun!
    Qolumu göndərim, yenə güc olum,
    Dizimi göndərim taqətin üçün,
    Özümü göndərim, sənə güc olum.
    Qardaş, əsgərliyin mübarək olsun!
    Darıxma, özümtək yaxınam sənə.
    Bu il yuxusuzsan, bilirəm necə,
    Çünki öz gözümtək yaxınam sənə.
    Qardaş, əsgərliyin mübarək olsun!
    Təki sağ-salamat qayıt evinə!
    Sənin bir Allahın, bir də vətənin,
    Bir də ana-bacın sənə pərvanə.
    Qardaş, əsgərliyin mübarək olsun!
    Səninlə fəxr edir yerlə göy inan!
    Bu yolda müqəddəs xidmətin üçün,
    Baş əyir vətəni sevənlər hər an.
    Qardaş, əsgərliyin mübarək olsun!
    Qoru sən özünü, anana xatir.
    Gözü həsrət çəkən bacına xatir,
    Anatək ürəyi yanana xatir!
    Qardaş, əsgərliyin mübarək olsun!
    Allah pənahında saxlasın səni.
    Yolunu gözlərik, sağ-salamat gəl,
    Anan doya-doya qoxlasın səni!

  • “Ulu öndərlə muzeydə keçirdiyimiz 2 saatlıq görüş ömürlük yaddaşıma yazıldı” – Lütviyyə Əsgərzadə ilə müsahibə – FOTOLAR

    – Lütviyyə xanım, Ümummilli lider Heydər Əliyevin 100 illiyini yaşadığımız bir zamanda onunla bağlı xatirələri olan ziyalılarla söhbət etməyi düşünürük. Belə şəxslərdən biri sizsiniz. Bilirik ki, Naxçıvanda Heydər Əliyev muzeyində çalışdığınız illəri ömrünüzün ən əziz və şərəfli dövrü hesab edirsiniz.

    – Söhbətimizə dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin Moskvadan Bakıya, Bakıdan isə Naxçıvana gəldiyi həm çətin və məşəqqətli, həm də xoş günlərdən başlamaq istəyirəm. Həmin kəşməkəşli günlərdə 1990-cı il iyulun 22-də, ümummilli lider Heydər Əliyevin Moskvadan doğulub-böyüdüyü Naxçıvana, ağır vəziyyətdə olan vətəninə qayıdışı xalqın qurtuluşu oldu. Hamı ulu öndəri görmək üçün Naxçıvan şəhərinin mərkəzinə, “Tribuna” deyilən baş meydana axın etdi. Bu görüşdəki 30 min insanın içərisində anamla bərabər bütün ailəmiz də vardı. “Unudulmuş tənha ada”ya bənzədilən Naxçıvan artıq tək deyildi. Xalqın qəhrəman oğlu burada idi. Moskvadan vətənə qayıdan Heydər Əliyevin gəlişi ağır blokada şəraitində olan Naxçıvana yeni ruh gətirdi, insanlarda stimul yaratdı. Naxçıvanlılar bu böyük şəxsiyyətin ətrafında sıx birləşdi. Ulu öndərin bu illərdə döyüşlərin getdiyi Sədərəkdə dəfələrlə olması xalqla birliyi, insanların inam hissini gücləndirdi.

    Ulu öndər Naxçıvanda təkcə Muxtar Respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Bütün naxçıvanlılar həmin illər Naxçıvanda dövlət müstəqilliyimizin bərpası istiqamətində taleyüklü qərarların; “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası”nın adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması, onun “Naxçıvan Muxtar Respublikası”, eyni zamanda Naxçıvan MR Ali Sovetini Ali Məclis adlandırılması (17 noyabr 1990), “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunun qəbul edilməsi (5 fevral 1991) və bu qanunla üçrəngli bayrağımızın yenidən respublikanın Dövlət bayrağı elan edilməsini, “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsinin işlənib hazırlanması və qərarın məhz Heydər Əliyevin siyasi nüfuzu nəticəsində qəbul olunmasını, “Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında” qərarın (16 dekabr 1991) və s. hansı çətin şəraitdə və necə qəbul olunduğuna şahidlik etdi. Ümummilli liderin ilk gündən atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən qurtardı.

    Tarixi günlərin şahidi kimi deyə bilərik ki, xalqımızı bəlalardan qoruyan, işıqlı gələcəyini təmin edən ümummilli lider Heydər Əliyev, böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan, bütün həyatını Vətəninə, xalqına xidmətə həsr edən, ölkəmizin, eyni zamanda doğulduğu Naxçıvanın inkişafı və yüksəlişi üçün var qüvvəsi ilə xidmət edən fenomen şəxsiyyətdir.

    – Bəs sizin Heydər Əliyev muzeyinə gəlişiniz necə reallaşdı?

    – Əbu Turxan yazır ki, “Bəzən sən yolu seçirsən, bəzən də yol səni.” Taleyimə yazılan yol məni Naxçıvanda yenicə yaradılmış Heydər Əliyev muzeyinə gətirdi. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi, birbaşa şahidi olduğumuz dövrdə, bir az əvvəl sadaladığım, dövlət əhəmiyyətli, eyni zamanda taleyüklü qərar və sərəncamların, sənəd və materialların, imzaladığı məktubların, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətlərinin, ümummilli lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, foto şəkillər, müxtəlif illərdə təqdim olunan dövlət təltiflərinin surətlərinin, ulu öndərin 80, 85 və 90 illik yubileyləri şərəfinə buraxılmış marka və medallar, xatirə əşyalarının yer aldığı, həmçinin 1990-cı il noyabrın 17-də Naxçıvanda qəbul edilən dövlət bayrağının saxlandığı muzeydə çalışmaq xoşbəxtliyi nəsib oldu.

    – Nə zaman yaradıldı Heydər Əliyev muzeyi?

    – Muzey Ümummilli lider Heydər Əliyevin hələ sağlığında ölkəmizdə yaradılmış ilk muzeydir. Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən muzey 1999-cu il mayın 10-dan, yəni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günündən fəaliyyətə başlamışdı. Qeyd edim ki, ümummilli liderin həyatı, ictimai-siyasi, dövlətçilik fəaliyyətini əks etdirən muzeyin yaradılması və fəaliyyəti Muxtar respublikamızın həyatında, onun gələcək quruculuq və inkişafında çox mühüm yol göstəricisidir. Naxçıvanda yaradılan Heydər Əliyev Muzeyi Naxçıvanın ən ağır blokada vəziyyətində olduğu illərdə naxçıvanlılarla birlik nümayiş etdirən və xilaskarlıq missiyasını yerinə yetirən Böyük Azərbaycanlıya, dahi şəxsiyyətə xalq tərəfindən minnətdarlıq duyğusunun ifadəsidir.

    Muzeydə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materiallarından ibarət kitabxana yaradılmışdır. İlk öncə muzeydə ekskursovood kimi faaliyyətə başladığımdan (19 may 1999-cu il) bütün materiallarla yaxından tanış idim. Muzeyə gələn qonaqlara burada nümayiş etdirilən fotolar, stendlərdə qorunan qərarlar haqqında məlumat vermək mənim üçün həm məsuliyyət, həm də şərəf idi. Az sonra, 1 aprel 2000-ci il tarixindən Heydər Əliyev muzeyində direktor kimi fəaliyyətimə davam etdim. Muzeyə gələn qonaqların sayı-hesabı yox idi. Respublikaya gələn qonaqlar; səfirlər, millət vəkilləri, nazirlər, xarici qonaqlar, jurnalistlər və b. böyük bir maraqla muzeyi ziyarət edir, yüksək fikir bildirirdilər.

    – Heydər Əliyevin özü muzeyə nə zaman gəldi, hansı duyğular içində ora təşrif buyurdu?

    – Muzeyin ən yaddaqalan, unudulmaz günü Naxçıvan MR 75-illik yubileyi münasibəti ilə keçirilən bayram şənliklərində iştirak etmək üçün Naxçıvana gələn Ümummilli lider Heydər Əliyevin 1999-cu il oktyabrın 13-də muzeyə gəlməsi, ekspozisiya ilə tanış olması idi. Sevincimizin həddi-hüdudu yox idi. Böyük həyəcan içərisində idik. Səhər iş vaxtından da əvvəl işə gəlmişdik. Heydər Əliyevi çoxlu sayda dövlət işçiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri müşaiyət etsə də, Ümummilli lider öz muzeyinə bir neçə şəxslə daxil oldu. Biz tapşırıq verildiyi kimi, stendlərin yanında durmuşduq. Heydər Əliyev muzeyə daxil olan kimi, dedi: “Siz niyə orada dayanmısınız? Buraya gəlin.” Böyük bir sevinclə ona yaxınlaşdıq. Bizimlə görüşdü. Sonra Ümummilli lider muzeyi ziyarətə başladı. Ulu öndər özü muzeydəki şəkil və qərarlar haqqında böyük bir şövqlə məlumat verməyə başladı. Muzeyin girişindəki ailə fotosunun qarşısında dayandı: “Bu atam Əlirza Əliyev, bu isə anam İzzət xanımdır. Hər kəsi bir-bir adı ilə təqdim edən ulu öndər birdən dedi: “Bu da bizim yaxın qonşumuz olub, Xurşud xanımdır.” Ümummilli lider verdiyi məlumatlarla yanaşı, bizə tövsiyələr verirdi. O günü əbədiləşdirən çoxlu şəkillər çəkildi. Heydər Əliyev böyük şəxsiyyət olmaqla yanaşı, həm də çox səmimi insan idi. O gün həyatımızın ən yaddaqalan, unudulmaz günü oldu, deyə bilərəm. Doğrudur, sonralar da qatıldığım qurultaylarda (YAP II qurultayı-20-22 noyabr 2001-ci il və 2003-cü ildə keçirilən Azərbaycan Qadınlarının II qurultayı), müşavirələrdə, sessiyalarda bu böyük şəxsiyyəti görmək, çıxışlarını, tövsiyələrini dinləmək şərəfinə nail oldum. Lakin Ulu Öndərlə muzeydə keçirdiyimiz 2 saatlıq görüş ömürlük yaddaşıma yazıldı.

    Həmin günün axşamı Naxçıvan incəsənət ustalarının iştiraki ilə keçirilən böyük bayram konsertində iştirak etdik. Dahi insanın çıxışını dinlədik. Bu görüşün, Ümummilli liderin müzeyi ziyarət etdiyi günün təəssüratı ilə mən Heydər Əliyevə 3 şeir həsr etdim. Bir haşiyə çıxmaq istəyirəm. O zaman həm Azərbaycanın televiziya kanalları, həm də Naxçıvan televiziyası tez-tez verilişlərini birbaşa muzeydə çəkirdi. Bir gün muzeyə bir nəfər gəldi. Dedi ki, “Lütviyyə xanım, mən sizi “Şərq qapısı” qəzetinə verdiyiniz; “Siz mənə ismətli qadınlar verin, mən sizə gələcəyi bəxş edim” başlıqlı müsahibənizdən tanıyıram”. Məlum oldu ki, bu şəxs MR Ali Məclisinin deputatı, “Qeyrət” nəşriyyatının direktoru, eyni zamanda NDPU-nin müəllimi mərhum Vaqif Məmmədovdur. Sonradan bu adam mənim “Dünya başdan-başa nağılmış demə” adlı ilk kitabıma ön söz də yazdı. Söhbət zamanı məlum oldu ki, Vaqif müəllimin muzeyə gəlməkdə məqsədi “Çinar ömrü” adlı verilişin çəkilişi ilə əlaqədardır. Müsahibəmdən mənim də yaradıcılıqla məşğul olduğumdan xəbərdar olan Vaqif müəllim Heydər Əliyev muzeyində çəkiləcək “Çinar ömrü” adlı verilişə məni də dəvət etdi. Həmin verilişdə mənim Heydər Əliyevə yazdığım şeirlərə də toxunuldu. Qeyd etdim ki, o şeirləri yazmaq üçün məqamı yaşamaq lazım imiş. Ümummilli lideri yaxından görmək, o böyük şəxsiyyətin tövsiyələrini dinləmək, ondakı böyük səmimiyyətə heyran olmaqdan keçirmiş şeirin yaranma prosesi. Yazdığım 3 şeirin birinə Naxçıvan MR Əməkdar İncəsənət xadimi Şəmsəddin Qasımov musiqi bəstələdi. Mahnı Ümummilli liderin 80 illik yubileyində xor tərəfindən ifa olundu. Elə həmin ildə keçirilən “Heydər Əliyev siyasəti, Heydər Əliyev müdrikliyi” müsabiqəsinin qaliblərindən biri odum. Ulu öndərin 80 illik yubileyinə həsr olunan müsabiqədə isə “Ən yaxşı analitik yazılar üçün” ayrılan mükafata layiq görüldüm.

    – Heydər Əliyevin Naxçıvana sonrakı səfərlərində də görüşünüz baş tutmuşdumu?

    – Bəli. Məsələn, Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında kursantlarla görüşündə, Şəhidlər Xiyabanını ziyarətində, Bəhruz Kəngərlinin ev muzeyinin açılışında mən də iştirak edirdim. Tədbir iştirakçısı kimi Ümummilli lideri yenidən yaxından görmək şərəfinə nail olurdum. Belə tədbirlərdən biri də18 iyun 2002-ci il Naxçıvan MR Ali Məclisində Muxtar Respublikanin Dövlət hakimiyyəti orqanlarinin nümayəndələri ilə keçirilən müşavirə oldu. Müşavirədə Ulu Öndər geniş nitq söyləyərək Naxçıvana gəldiyi ağır günləri xatırladı, ona göstərilən sevgi və qayğıdan vəfadarlıqla söz açdı. Həmçinin özünün Naxçıvanda həyata keçirdiyi mühüm işlərə işıq saldı. Bir məsələni qeyd edim ki, bu müdrik insan Azərbaycanda ikinci hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasında görülən genişmiqyaslı işləri daim dəstəkləmişdir. Burada aparılan kompleks quruculuq işləri ilə yaxından tanış olmaq, bir sıra sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün 4 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etmişdir ki, bu səfərlərin üçünün yaxından şahidiyəm. Mən onun tərcümeyi-halının ləyaqətli səhifələrini muzeydə meydanda olan tarixi, əyani sənədlərdən öyrənmişəm daha çox. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarət olan, zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılan muzeydə çalışmaq, hər gün dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiya zalında gəzmək, ekskursiya keçmək, gələn qonaqları qarşılamaq, ulu öndərin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, Muxtar Respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü əks olunan zəngin materialları vərəqləmək xoşbəxtliyi hər adama qismət olmur.

    – Bu günün prizmasından baxanda Heydər Əliyevin idealları hansı mənəvi-siyasi əhəmiyyət daşıyır?

    – Bu suala ən dəqiq cavabı ölkə başçısı verib. Çıxışlarının birində vurğulayıb ki, 1990-cı illərin ağır, çətin, bəzi hallarda ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı bugünkü yerinin müqayisəsi ulu öndərin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını və xalqımızın təhtəlşüurunda özünə dərin iz buraxmış dahi obrazını daha aydın görməyə imkan yaradır. Zaman su kimi axıb gedir. Bu axıb gedən zamanın içərisində insan, insanın ömrü də zamana qarışaraq sanki yoxa çıxır. Xilaskarlar isə gəlir, zamana hökm edir, tarix yazır və tarixə yazılır.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Ulu öndər öz müəllimlərinin xatirəsini həmişə uca tuturdu

    Azərbaycanın dövlətçilik tarixinə adını qızıl hərflərlə yazan dünya şöhrətli siyasətçi, Ümummilli lider Heydər Əliyev dövlət quruculuğu prosesində, xüsusən də gənc nəslin yetişdirilməsində müəllimləri özünün “əsl silahdaşları” kimi dəyərləndirirdi. Ulu öndər Azərbaycan Müəllimlərinin XI qurultayındakı (1998) nitqində demişdir: “Doğrudur, siz məni də müəllim hesab edirsiniz. Burada müəyyən əsas var. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz… Mən 1939-cu ildə Naxçıvanda Pedaqoji Texnikumu bitirmişəm. Naxçıvan Pedaqoji Texnikumu məhz həmin dövrdə müəllim çatışmazlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim olmadığına görə müəllim kadrları hazırlayırdı. Mən isə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Pedaqoji Texnikuma daxil oldum. Məqsədim də o idi ki, müəllim olmaq, müəllim işləmək və ailəmə kömək etmək istəyirdim… Pedaqoji Texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxtdan dərs vermək təcrübəm olubdur…”.

    Heydər Əliyevin dərsləri dövlət qurmaq, dövləti qoruyub saxlamaq, siyasi uzaqgörənliklə hərbi-siyasi çevrilişlərin qarşısını almaq, müstəqilliyi qorumaq, dövlət və vətəndaş birliyi yaratmaq, dövlət idarəçiliyi idi. Onun nəzəri görüşlərində təhsil, məktəb və müəllim, xüsusilə orta məktəb müəllimləri haqqında söylədiyi dəyərli fikirlər bütün zamanlar üçün aktuallıq kəsb edir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır… Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, cəmiyyətimizin şüurlu üzvü olacaqdır”.  Həqiqətən də, fundamental təhsilin əsası, özülü orta təhsil məktəblərində qoyulur. Bu səbəbdən orta məktəblərdə dərs deyən müəllimlər hər zaman hörmət və etiramla xatırlanır.

    Yazımızda Ümummilli liderin hər zaman hörmət və məhəbbətlə yad etdiyi orta məktəb müəllimlərindən biri, dahi şair-dramaturq Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rasizadədən (1878-1939) bəhs etmək istəyirik. Naxçıvanda orta məktəbdə oxuduğu illəri, müəllimlərini həmişə hörmət və ehtiramla xatırlayan Heydər Əliyev 2 sentyabr 1996-cı ildə Bakının Nərimanov rayonunda yeni orta ümumtəhsil məktəbinin açılış mərasimindəki nitqində demişdir: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək. Müəllimlərimin hamısı yadımdadır. Hansı binada, hansı sinif otağında dərs keçməyimizi, hansı parta arxasında oturduğumu da yaxşı xatırlayıram. Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumağım mənim üçün çətin olmayıb. Əksinə, burada olduğu kimi, tələbələr arasında da seçilmişəm… İndiyə qədər həyatımda keçdiyim yol mənim biliyim, elmim – hamısı məhz orta məktəbdə aldığım təhsillə bağlıdır, müəllimlərin mənə verdiyi biliklərlə bağlıdır, müəllimlərin mənə və o illərdə oxuyan mənim kimi gənclərə göstərdikləri qayğıkeşliklə bağlıdır, eyni zamanda mənim kimi bizim də, xüsusən mənim müəllimə böyük hörmətimlə, ehtiramımla bağlıdır. Mən indi də – on illər keçib üstündən – müəllimlərimi heç vaxt unutmamışam və ömrümün son dəqiqəsinə qədər unutmayacağam. Mənim üçün müəllim adı həmişə ən ülvi, ən şərəfli bir məfhum olubdur. Mən bu gün müəllim qarşısında baş əyirəm, müəllimə hörmət və ehtiramımı bildirir, Azərbaycan müəllimlərinə bundan sonra da öz işlərində uğurlar arzulayır, cansağlığı və səadət diləyirəm”.

    12 oktyabr 1999-cu ildə Naxçıvan MR-in təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasındakı nitqində Nахçıvаnda dərs aldığı müəllimlə­rini xatırlayan Heydər Əliyev deyirdi: “О dövrdə aldığım təhsil gələcək həyatımın bütün mərhələlərin­də mənə yardım edibdir… Nахçıvаn məktəbində müəl­limlə­rimin mənə verdiyi dərslər, о cümlədən bаşqаlаrı ilə bərabər аnа dili, ədəbiyyat dərsləri mənim bugünkü dilimin əsasını təşkil edir. Оnа görə mən öz müəllimlərimi həmişə хаtırlаyırаm…”.

    Ümumiyyətlə, müəllimlər hər bir insanın həyatında silinməz izlər buraxır. Heydər Əliyevin etiramla xatırladığı “yadda qalan”, “əziz adamlar”dan, dəyərli müəllimlərindən biri də orta məktəbdə ona dərs deyən, 1906-cı ildən ömrünü müqəddəs müəllimlik peşəsinə həsr edən maarifpərvər Şeyx Məhəmməd Rasizadədir.

    Naxçıvan mühitinin mötəbər şəxsiyyətlərindən olan “Çətin şəraitdə ədəbiyyatın, mədəniyyətin, savadın yüksəlişinə xidmət edən Şeyx Məhəmməd Rasizadənin Naxçıvanda maarifin və pedaqoji kadrların ilk dəstəsinin hazırlanmasında xidmətləri əvəzsizdir. Bütün tələbələrinə ürəkdən bağlanan, onlara elmin yollarında məşəl olan, insanları maarifə, mədəniyyətə, elmə, təhsilə səsləyən, elmli, “ciddi”, “ötkəm”, ciddi olduğu qədər də tələbələrinə qarşı diqqətli olan bu mötəbər insan dərs dediyi insanların, başda Ümummilli lider Heydər Əliyev olmaqla, akademiklər Yusuf Məmmədəliyev, Məmmədcəfər Cəfərov, Həsən Əliyev və Abbas Zamanov, Lətif Hüseynzadənin yaddaşında əbədilik qazanıb. Şeyxin “uşaq ikən dördüncü-beşinci siniflərdə müəllimi olan tələbələrindən dünya şöhrətli siyasi lider Heydər Əliyev müəllimliyin və müəllimin cəmiyyətdəki yerini yüksək dəyərləndirmişdir. Vaxtilə dərs dediyi dünya şöhrətli siyasətçinin uzun illər sonra müəllimi Şeyx Məhəmməd Rasizadə haqqında dediyi sözlər Şeyxin “həqiqi müəllimliyi” və cəmiyyət üçün necə dəyərli olduğunun təsdiqi kimi çox əhəmiyyətlidir: “O, mən uşaq ikən dördüncü-beşinci siniflərdə müəllimim olub. Xatirimdədir, çox ciddi müəllim idi. Bizi yaman sıxışdırardı. Amma dili də çox yaxşı öyrədirdi”.

    Şeyx Məhəmmədin pedaqoji fəaliyyəti XX əsrin mürəkkəb və ziddiyyətli dövrünü əhatə edir. 1920-ci illərin bütün cəmiyyəti ağuşuna aldığı ziddiyyətli və mürəkkəb inkişaf prosesləri, təhsil ocağına da təsirsiz qalmamış, inqilabdan sonrakı illərdə bütün sahələrdə olduğu kimi, təhsil və maarif sistemində də  keçmişlə əlaqəni kəsmək, təhsili “yenidən və bolşevikcəsinə” qurmaq məqsədilə ciddi iş aparılmağa başlamış, “keçmişlə qarşılıqlı əlaqəni pozmaq, ona hakimlik etmək, onu müasir şəraitə süni şəkildə “uyğunlaşdırmaqla” məşğul olmaq kimi yol verilməz hallar baş qaldırmışdı. Tədris planı və proqramlarının tez-tez dəyişilməsi və məcburi olmaması tədrisin keyfiyyətini xeyli aşağı salmışdı. Çətin şəraitdə, dərslik və tədris vəsaitlərinin yox dərəcəsində olduğu bir zamanda fəaliyyətə başlayan, Şeyx Məhəmmədin də dərs dediyi Naxçıvan Pedaqoji Texnikumu təlim-tərbiyə işlərində də bir sıra çətinliklərlə üzləşmişdi. Bu zaman “texnikumun ədəbiyyat müəllimləri etirazlarını bildirmişlər. M.Rasizadə və Qəzənfər Hacılının “Türkcə dərslərin gedişi” adlı yazısından məlum olur ki, dördüncü sinifdə oxuyan uşaqlar bütün təhsil müddəti ərzində üç proqram əsasında dərs keçməli olmuşlar. Məktəbin dil-ədəbiyyat müəllimləri M.Rasizadə və Q.Hacılı bu məsələdə də o dövrün görkəmli pedaqoqlarının mövqeyini müdafiə etmiş, fikir bildirmişdi: “Həmin proqramın naqis tərəfi ondadır ki, ancaq osmanlı şivəsində vücuda gələn türk ədəbiyyatı ilə Azərbaycan türkcəsində olan ədəbi parçalar” saxlanmışdır. Adı keçən məqalədə müəllimlərin ədəbiyyat fənninin tədrisinin yaxşılaşdırılması haqqında təklifləri də yer almışdı. Dil dərslərinin keçirilməməsindən narahat olan M.Rasizadə və Q.Hacılının verdiyi təkliflər onların pedaqoji biliyi və səriştəsi ilə seçilən, pedaqoji yenilikləri izləyən və bu yenilikləri saf-çürük etməyi bacaran bir pedaqoq olduqlarının təsdiqidir. Fikrimizcə, müəllimi olduğu Ümummilli lider Heydər Əliyevin 12 oktyabr 1999-cu ildə Naxçıvan MR-in təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasındakı nitqində dediyi: “Nахçıvаn məktəbində müəl­limlə­rimin mənə vеrdiyi dərslər, о cümlədən bаşqаlаrı ilə bərаbər аnа dili, ədəbiyyаt dərsləri mənim bugünkü dilimin əsasını təşkil edir. Оnа görə mən öz müəllimlərimi həmişə хаtırlаyırаm”, – sözlərindən ən böyük pay müəllimi M.Rasizadəyə düşür.

    Şeyx Məhəmmədin ötkəm müəllimlik bacarığı haqda tutarlı fikirləri 1996-cı ilin oktyabrında Naxçıvanda Cavid məqbərəsinin açılışı zamanı Heydər Əliyevdən eşidən akademik Rafael Hüseynov o günlərdə dahi siyasətçidən maraqlı bir xatirə eşitdiyini yazır: “Həmin uzaq 1930-cu illərin əvvəllərində səhər dərsə gedəndə yola düşmüş bir kitab görür. Əvvəli və sonu olmayan bu yarıcırıq kitabı maraqla vərəqləyən uşaq birdən arxadan tanış səs eşidir. Elə onun kimi məktəbə gedən istəkli müəllimi Şeyx Məhəmmədin səsini. Şeyx Məhəmməd də bu kitabı alıb baxır. Hansısa yazıçının ruscadan tərcümə edilmiş hekayəsiymiş. Və təcrübəli müəllim dərhal sevimli şagirdinə tapşırıq verir: “Sabah inşa yazımız var. Bu yarımçıq hekayəni oxu. Əvvəli-axırı yoxdur. Hadisələrin məntiqinə uyğun olaraq başlanğıcını və sonunu inşanda bərpa elə”. Məktəbli Heydər Əliyev ertəsi gün həmin inşanı yazır, əvvəli və sonu olmayan hekayəni məntiqi sapa düzərək tamamlayır, bütövləşdirir və “əla” qiymət alır. Millət və Dövlət İnşasından da qiyməti “Əla” olan Heydər Əliyevə o biri “əla”nı şagirdinə qırmızı qələmiylə əziz müəllimi, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd yazmışdı”.

    Tələbəsinin vurğuladığı kimi, ən çətin şəraitdə ədəbiyyatın, mədəniyyətin, savadın yüksəlişinə xidmət edən Şeyx Məhəmməd “insanlara xidmət etmək, elm, təhsil vermək, öyrəndiklərini öyrətmək, insanları maarifləndirmək naminə müəllimliyə başlamışdı və mükəmməl müəllimlərdən idi. Həm də xeyirxah bir insan olan Şeyx Məhəmməd tələbələrinə yalnız dərs verməklə kifayətlənməyib, onlara diqqət, qayğı və doğru yol göstərib. Hər bir yetirməsinin uğuruna öz balalarının uğuru kimi sevinən Şeyx Məhəmməd həm də qızların oxumasının, maariflənməsinin tərəfdarı olub, dərs dediyi tələbə qızların oxumasında elmə, sənətə yönəlməsində müstəsna xidmətlər göstərib. Şeyxin dərs dediyi xanımlardan Zəroş Həmzəyeva Xalq artisti, Şəmsinur həkim, Zərqələm müəllim adını qazanıb.

    Şair Abbas Səhhət yazırdı: “Məsləkim tərcümeyi-halımdır, Lütfi-həq qayeyi-amalımdır”.  Dərin elmi biliyə, zəngin pedaqoji təcrübəyə malik olan M.Rasizadənin də məsləyi, amalı “öyrənmək” və “öyrətmək” idi. O, dünya şöhrətli tələbəsi Heydər Əliyevin yaddaşında əbədilik yaşayan xoşbəxt insanlardandır. Əbədilik qazanmaq, xidmət etdiyi missiya ilə tarixdə yaşamaq haqqı qazanmaq insanın öz əlindədir. Bizdən sonra çox şey dəyişdirilə bilər, lakin insanların yaddaşındakı xatirələri dəyişdirməyə, yenidən pozub yazmağa kimsənin gücü çatmaz. Hər kəs ünsiyyətdə olduğu insanların qəlbinə necə nüfuz edibsə, elə  xatırlanır. Dünyasını dəyişmiş hörmətli şəxs haqqında işlədilən evfemistik bir ifadə var: əbədi və ya əbədilik. Ümummilli lider Heydər Əliyev və orta məktəbdə ona dərs deyən maarif xadimi, elm və din yolçusu Şeyx Məhəmməd Rasizadə əməlləri və xalqa, millətə xidmətləri ilə tariximizdə və könüllərdə əbədiyyən yaşamaq haqqı qazanmışdır. Yunan mütəfəkkiri Platon deyirdi: “Müəllimlik hər şeydən əvvəl bir Tanrı sənətidir”. Müəllimlərin missiyasını yüksək dəyərləndirən pedaqoq-şair Dərgah Mehdiyev yazır:

    Necə müqəddəssən, necə əzizsən,
    Vətənsən, anasan, dilsən, müəllim.
    Əlifba da sənsən, elm də sənsən,
    Kəşflər eyləyən alim də sənsən,
    Əhsən bu qüdrətə, bu ada əhsən,
    Ucaldan, yaradan əlsən, müəllim…

    Ulu öndər Heydər Əliyev Azərbaycan Müəllimlərinin XI qurultayındakı nitqində “…Hər bir müəllim bilməlidir ki, оnun üzərinə düşən vəzifə, оnun dövlət üçün, millət üçün, Аzərbаycаn хаlqı üçün gördüyü iş bütün bаşqа sаhələrdə fəаliyyət göstərən insаnlаrın hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır” demişdir. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən Heydər Əliyev Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimlərin gərgin zəhməti və gündəlik fəaliyyətinin durduğunu vurğulayırdı. Sözsüz ki, Ulu öndərin nəzərdə tutduğu pedaqoqlar sırasında Şeyx Məhəmməd Rasizadənin də məxsusi yeri var.

    Lütviyyə Əsgərzadə
    AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru

    Mənbə: https://medeniyyet.az/

  • Azərbaycanın el şairəsi Sona İNTİZARın “Kitab dolu qadın” adlı ilk şeirlər kitabı işıq üzü görüb

    “Şirvannəşr” tərəfindən Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, istedadlı gənc xanım yazar Sona İNTİZARın “Kitab dolu qadın” adlı ilk şeirlər kitabı işıq üzü görüb.

    Naşir  Azərbaycan Yazıçılar Jurnalistlər Birliklərinin üzvü  şair, nasir Qəşəm İSABƏYLİDİR.

    Kitabın üz qabığının rəssamı isə Zahid MƏMMƏDOVDUR.

    Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktoru Şəfa Vəliyeva, rəyçi Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi Şəfa EYVAZ, tərtibatçısı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzovdur.

    İlk qələm təcrübələrinin toplandığı kitabda həm poeziya, həm nəsr, həm də esselərin yer alması müəllifin istedadından xəbər verən ədəbi faktor kimi qəbul olunmalıdır.

    Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edən Azərbaycanın el şairəsi Sona İntizarın uzunmüddətli gərgin əməyinin nəticəsi kimi qəbul edilən, bədii yaradıcılıq fəaliyyətinin müxtəlif dövrlərində qələmə alınan ədəbi-bədii nümunələri mövzusunun müxtəlifliyi, məzmununun dolğunluğu, ifadə olunan fikirlərin aydınlığı, dilinin sadəliyi və səlisliyi ilə həmyaşıdlarından köklü şəkildə fərqləndirir.

    Kitab müəllifin oxucuları ilə ilk görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alim, tənqidçilər, mütəxəssislər, o cümlədən ədəbiyyat camesi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.