Tanınmış şair, “Ulduz” jurnalınının poeziya şöbəsinə rəhbərlik etmiş Fərqanə Mehdinin xatirə gecəsi və xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi şeir müsabiqəsinin qalibi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Arzu Hüseyn olub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar tərəfindən Tanınmış şair, Ulduz jurnalınının poeziya şöbəsinə rəhbərlik etmiş Fərqanə Mehdinin xatirə gecəsi və xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi şeir müsabiqəsində fəal iştirakına görə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri, gənc yazar Nemət Tahir “Fəxrin Fərman” ilə təltif olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Mayın 3-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda, Ulu Öndər Heydər Əliyevin yüz illiyinə həsr olunmuş “Əbədi ömrün yüz ili” kitabının təqdimatı olub.
Kitab AYB-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görüb.
Əvvəlcə nəşrin layihə rəhbəri, tərtibçi və “Ön söz” müəllifi AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli kitab haqqında məlumat verib. Bildirib ki, “Əbədi ömrün yüz ili” bədii-publisistik məqalələr toplusu baxımından çox dəyərli nəşrdir: “Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırladığımız bu kitab haqqında fikir söyləmək çox çətindir. Çünki bu kitaba Azərbaycan Yaziçılar Birliyinin üzvü olan dəyərli söz və bilim adamlarının bədii-publisistik məqalələri, esse və xatirələri daxildir. Yazı müəlliflərinin böyük əksəriyyəti Ulu Öndəri şəxsən tanıdıqlarından onların düşüncələri, xatirələri, bu böyük şəxsiyyət haqqında mülahizə və müşahidələri maraqlı və zəngindir. Ona görə də mən yalnız nəşrə bələdçilik etməyi öz üzərimə götürdüm, düşünürəm ki, gözəl bir kitab ərsəyə gətirə bildik. Kitabın ərsəyə gətirilməsinin əsas təşəbbüskarlarından biri də Anar müəllimdir. Ona görə də həm Anar müəllimə, həm Mədəniyyət Nazirliyinə, həm də bütün zəhməti keçənlərə təşəkkür edirəm. Müəlliflərə xüsusən minnətdarlığımı bildirirəm ki, mövzuya xüsusi həssaslıqla yanaşdılar, çox dəqiqəliklə işləyib bu gözəl kitabı hazırladıq. İlkin olaraq kitab 1000 nüsxə tirajla nəşr olunsa da, bunu artırmağı düşünürük. Bir çox bölgələrdə də bu kitabının təqdimatının keçirilməsi nəzərdə tutulur”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Ulu Öndər Heydər Əliyevi yaxından tanımaq və onun ölkəmiz qarşısındakı misilsiz xidmətlərini daha dərindən anlamaq baxımından kitabın çapını yüksək qiymətləndirib: “Heydər Əliyev incəsənət adamları ilə çox ünsiyyətdə olurdu, o yazıçılara da xüsusi həssaslıqla yanaşırdı. Kitab çox maraqlıdır. Heydər Əliyevlə ünsiyyətdə olan adamların xatirələri xüsusən diqqət çəkir. Ölkədə ədəbi nəslin həyatında, inkişafında Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Kitabın yaradılmasında töhfələrini əsirgəməyən, əməyi keçən müəllifləri təbrik edirəm. Mədəniyyət Nazirliyinə xüsusi minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu, bizim “Heydər Əliyev İli”nə kiçik töhfəmizdir”.
AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib: “Bu çox gözəl təşəbbüsdür və düşünürəm ki, bu kitabın bu cür incəlik və həssaslıqla ərsəyə gətirilməsi Ulu Öndərin əziz xatirəsinə olan dərin ehtiramın göstəricisidir. Ümummilli Lider Heydər Əliyevlə bağlı digər təqdimatlar da gözlənilir”.
Xalq yazıçısı Elçin Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə böyük ehtiramını bildirərək, kitabın əhəmiyyətindən danışıb: “Ulu Öndər Heydər Əliyevin incəsənət, ədəbiyyat adamlarına olan qayğısı danılmazdır. Yaradıcılığı həmin dövrlərə düşən sənət adamlarından elə biri yox idi ki, Heydər Əliyev onun sənəti ilə maraqlanmasın və şəxsən onunla ünsiyyətdə olmasın. Onun şəxsiyyətinin miqyası çox böyükdür. O, bir tərəfdən Mstislav Rostropoviç ilə dostluq edirdi, eyni zamanda aşıq sənətinin inkişafına xidmət edənləri də unutmurdu. Bu da onun daxili aləminin zənginliyinin göstəricisi idi. O, incəsənətin bütün sahələrini duyurdu və qiymətləndirməyi bacarırdı. Ulu Öndər deyirdi ki, gənclik dövründə Naxçıvanda elə tamaşa olmurdu ki, o tamaşaya gedib baxmasın. Heydər Əliyev daxilən sənət eşqi olan zəngin şəxsiyyət idi. O, hətta müxtəlif pyeslərdə, əsərlərdə olan bir çox monoloqları əzbər bilirdi. 10 il mənim onu müşahidə etmək imkanım olub və Ümummilli Lider özü böyük məktəb idi”.
Xalq şairi Nəriman Həsənzadə bu kitabın hazırlanmasının gözəl bir hadisə olduğunu dilə gətirərək, bu təşəbbüsün kitab həvəskarları, oxucular üçün böyük hədiyyə olduğunu vurğulayıb.
Tədbirdə Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Milli Məclisin deputatı Jalə Əliyeva, Xalq yazıçısı Elmira Axundova və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı dövləti qarşısındakı böyük xidmətlərindən danışıb və yeni çap olunan kitab haqqında fikirlərini bölüşüblər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən – İlham Əliyevə” kitabı “Elm” nəşriyyatında çapdan çıxıb.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, kitabda, ilk növbədə, XX əsrin ortalarında “Kitabi–Dədə Qorqud” eposuna Azərbaycan sovet rəhbərliyinin tətbiq etdiyi qadağaların səbəbləri və nəticələri göstərilib. Azərbaycan K(b) P-nın 1951-ci il mayın 24-də keçirilmiş XVIII Qurultayında “Dədə Qorqud” eposunun “Azərbaycan xalqına zidd və zərərli” əsər kimi damğalanması, ədəbi abidənin nasirləri və tədqiqatçılarının cəzalandırılması sənədlər və materiallar əsasında tədqiq edilərək şərh olunub. Bu zəmində akademik İsa Həbibbəyli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Kitabi–Dədə Qorqud” eposunun dünyada təbliğ edilməsində və xalqımıza yenidən çatdırılmasındakı böyük rolu haqqında təhlillər və müqayisələr aparmaqla dahi şəxsiyyətin xidmətlərinin elmi mahiyyətini açıqlayıb.
Kitabda dövlət səviyyəsində və beynəlxalq miqyasda elmi-mədəni tədbirlərin keçirildiyi və epos haqqında mühüm problemlərə həsr edilmiş çoxsaylı monoqrafik tədqiqatların və məqalələrin nəşr olunub ictimaiyyətə çatdırılması nəzərə alınmaqla Heydər Əliyev epoxası Azərbaycan qorqudşünaslığının intibah dövrü kimi səciyyələndirilib. Müəllifin Heydər Əliyev irsindən seçib oxuculara çatdırdığı aşağıdakı sözlər Qorqudşünaslıq elmi üçün epiqraf ola bilər: “Kitabi–Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur, onun Vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.
İsa Həbibbəylinin “Kitabi–Dədə Qorqud” eposu: Heydər Əliyevdən – İlham Əliyevə” kitabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mühüm tarixi əhəmiyyətə malik olan sərəncamları əsasında dövlət səviyyəsində keçirilmiş tədbirlərin əhəmiyyəti elmi-ədəbi cəhətdən dəyərləndirilib. Müəllif, eyni zamanda, Prezident İlham Əliyevin “Kitabi–Dədə Qorqud” haqqındakı qiymətli fikirlərini də sistemli şəkildə elmi-ədəbi mühitin diqqətinə çatdırıb. Beləliklə, “Kitabi–Dədə Qorqud” dastanlarının tədqiqi və təbliği ilə bağlı olan İlham Əliyev dövrü yeni inkişaf mərhələsi adlandırılıb.
Nəşrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin bu möhtəşəm ədəbi abidə haqqında imzaladıqları fərmanlar və sərəncamlar, habelə ölkə rəhbərlərinin müxtəlif vaxtlardakı nitqləri və çıxışlarının mətnləri oxuculara təqdim olunur. Kitabdakı rəsmi sənədlər və dövri mətbuat materialları filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı tərəfindən toplanılıb və tərtib edilib.
“Kitabi–Dədə Qorqud” eposu: Heydər Əliyevdən – İlham Əliyevə” kitabının məsul redaktoru, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır. Kitab tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı Heydər Əliyevdən – İlham Əliyevə” monoqrafiyası “Elm” nəşriyyatında çapdan çıxıb. Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə ithaf olunan nəşr institutun Elmi şurasının qərarı ilə işıq üzü görüb.
İnstitutdan bildirilib ki, kitabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bədii ədəbiyyatda parlaq obrazının yaradılması, müstəqil dövlətçilik ideallarının tərənnümü məsələlərindən bəhs olunur. Monoqrafiyanın ideya müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Kitabda ilk yazı akademik İsa Həbibbəylinin “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” tədqiqatıdır. Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, məsul redaktoru filologiya elmləri doktoru Elnarə Akimovadır.
Kitabda Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənovanın “Beynəlmiləl məfkurədən milli ideyaya doğru: müasir nəsrdə Heydər Əliyev obrazı (bədii-sənədli nəsr və publisistika)”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Uşaq ədəbiyyatında və dramaturgiyada Heydər Əliyevin bədii obrazı”, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərlinin “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, filologiya elmləri doktoru Elnarə Akimovanın “Vətən və dövlət məfkurəsinin intibahı: Heydər Əliyevdən – İlham Əliyevə” məqalələri yer alıb.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 30 sentyabr 2020-ci il tarixli 4 saylı qərarı ilə “Həsən Seyidbəyli həyatı və nəsr yaradıcılığı” kitabı çap edilib. Kitabın müəllifi Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, dosent Baba Babayevdir. Kitab “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Prezidentin Sərəncamına əsasən çap olunub.
“Sənətkarın elmi pasportu – 40” seriyası ilə nəşr olunan monoqrafiyanın elmi məsləhətçisi və “Azərbaycan kinosunun əfsanəsi – Publisist bədii nəsrin yaradıcısı” başlıqlı ön sözün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Kitabın redaktoru filologiya elmləri doktoru Əlizadə Əsgərli, rəyçisi filologiya elmləri doktoru, professor Təyyar Salamoğludur.
Monoqrafiyada görkəmli yazıçı, kinodramaturq, ssenarist, kinorejissor, publisist Həsən Seyidbəylinin çoxcəhətli yaradıcılığı araşdırılır. Kitab “Elm və təhsil” nəşriyyatında çap edilib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Rəhim Əliyevin ideya müəllifliyi və tərtibçiliyi ilə Mir Cəfər Pişəvərinin “Gizli imzalı məqalələr (1945-1946)” kitabı çapdan çıxıb.
İnstitutdan bildirilib ki, Rəhim Əliyev kitaba “M.C.Pişəvəri “Azərbaycan” qəzetində və ya gizli “Novruz” imzası haqqında” adlı geniş “Ön söz” yazıb. Kitabın redaktoru həmin şöbənin böyük elmi işçisi Elmira Bağırovadır. Məqalələri ərəb əlifbasından Hökümə Allahverdiyeva, farscadan İbrahim Quliyev, Yədulla Kənani, Arif İbrahimov, Hökümə Allahverdiyeva və Həsən Səfəri çeviriblər.
Yeni kitabdakı əsas məqalələr M.C.Pişəvərinin açıq imzası ilə ilk dəfə çap olunur və 1945-ci ilin sentyabr-dekabr aylarında yazılıb. M.C.Pişəvərinin “Azərbaycan” qəzetində müxtəlif imzalarla çoxlu məqalələri çıxıb. “Gizli imzalı məqalələr” kitabında ilk dəfə olaraq ancaq “Novruz” gizli imzası ilə səksən il əvvəl dərc edilmiş ana dilində və farsca məqalələrin tərcümələri yer alıb. Yeni nəşrdə, həmçinin M.C.Pişəvərinin Şeyx Məhəmməd Xiyabani haqqında böyük və naməlum araşdırması da verilib.