E.H.Axundovanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan III “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəri, Azərbaycanlı şairə, gənc xanım yazar Nigar Arifin şeiri Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində populyar jurnal olan “Al-Yamama”da ərəbcə dərc olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Tarix” qısametrajlı animasiya filmi Xorvatiyada keçirilən 14-cü “VAFI & RAFI – International Children and Youth Animation Film Festival”ının əsas müsabiqə proqramına daxil edilib.
“Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC bildirilib ki, festival bu gündən başlayaraq iyunun 4-dək davam edəcək.
Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi çərçivəsində nazirliyin dəstəyi ilə “OB FILM” tərəfindən istehsal olunmuş “Tarix” qısametrajlı animasiya filminin quruluşçu rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.
Film Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə doğulan, ötən illər ərzində Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən oğlanın hekayəsidir.
Qeyd edək ki, “Tarix” filmi bundan əvvəl Bakıda keçirilən 5-ci “ANIMAFILM International Animation Festival”ında, Hindistanda 19-cu “Aakruti-My Creation International Film Festival”ında (Quarter-Finalist) və Filippində keçirilən “Batangas Balisong Film Festival”ında (Finalist) iştirak edib.
İyunun 2-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Sizi gözləyirik” adlı hesabat konserti təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında keçiriləcək.
Proqram rəngarəng musiqi nömrələri, bir-birindən parlaq səhnə geyimləri ilə zəngindir. Konsertdə “Şəms” uşaq xoru, vokal sinfi, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivləri çıxış edəcəklər.
İyunun 9-da Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” kamera orkestri solistlərinin konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 1997-ci ildə dünyaca məşhur skripka ifaçısı Qidon Kremer tərəfindən yaradılmış “Kremerata Baltika” kamera orkestrinin tərkibinə Latviya, Litva və Estoniyadan olan 23 gənc istedadlı musiqiçi daxildir. Orkestr 1997-ci ildə Avstriyada keçirilən “Lockenhause” festivalında ilk çıxışı ilə dərhal tamaşaçıların rəğbətini qazanıb. “Kremerata Baltika” musiqi kollektivi bu gün Avropanın ən tanınmış orkestrlərindən biri olaraq, 50-dən çox ölkədə mindən çox konsert verib. Musiqiçilər 20-dən çox CD-disk buraxıblar, 2002-ci ildə isə “Qremmi” mükafatına layiq görülüblər.
Bakı konsertinin solistləri litvalı “Kremerata”nın yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Qiyedre Dirvanauskayte olacaq.
Konsertdə, həmçinin Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri çıxış edəcək. Azərbaycan dirijorunu “Kremerata Baltika” ilə yaradıcılıq dostluğu bağlayır. O, məşhur orkestrlə müxtəlif festivallarda mütəmadi olaraq çıxış edir.
Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.
Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, noyabr ayının 20-22-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir.
Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. İştirak etmək istəyənlər noyabrın 10-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər (ərizə, 13×18 ölçüdə 2 rəngli fotoşəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı).
Müsabiqənin təşkilat komitəsi və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.
Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, “lirik pyeslər”in ifası daxildir.
İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni bütöv, yaxud onlardan hissələri ifa edə bilərlər.
Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.
Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.
Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər.
Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.
Artıq bir neçə gündür Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının direktoru, Xalq artisti Yusif Eyvazovun təşəbbüsü ilə məşhur italyan opera müğənnisi Federico Longhin teatrda ustad dərsləri keçir.
AZƏRTAC xəbər verir ki, Federico teatrda öz təcrübəsini bölüşməklə yanaşı, sənət ocağının solistləri ilə fərdi məşğələlər aparır.
Nəticə etibarilə teatrın peşəkar kollektivi öz bilik və bacarıqlarını daha da stimullaşdırır.
Xatırladaq ki, layihə teatrın yaradıcı baxımından kadr potensialının və peşəkarlığın yüksəldilməsinə yönəlib və silsilə şəkildə davam edəcək.