Photo Kenan

HƏM YUNUSSUZ, HƏM RUMİSİZ DÜNYADA

Necə qəlbim alışmasın, yanmasın?!
Necə qəlbim ömrü suçlu sanmasın?!
Necə qəlbim tək Allahı anamsın?!
Həm Yunussuz, həm Rumisiz dünyada?!

Ustadlara mən ehtiram bəslədim,
Cavanları Haqq yoluna səslədim.
Həsrət çəkib mən Mehdini gözlədim,-
Həm Yunussuz, həm Rumisiz dünyada!

Dərinkən bir fəlsəfəni anladım,
Günahlardan öz-özümü danladım,
Həzin-həzin nəğmələrin dinlədim,-
Həm Yunussuz, həm Rumisiz dünyada!

Parça gətir gözlərimi bağlayım,
Dəsmal gətir bir azca mən ağlayım,
Ustadlara bu gün mən yas saxlayım,-
Həm Yunussuz, həm Rumisiz dünyada!

MƏNİM HƏR YAZILAN KÖRPƏ ŞEİRİM

Görəsən, İlahi, xoşbəxtdirmi bəs,
Mənim hər yazılan körpə şeirim.
Kədəri özünə doğma bilibmi,
Mənim hər yazılan körpə şeirim?!

Əhdindən dönməyən qızlara bənzər,
Qəlbi ovsunlayan gözlərə bənzər,
Dodaqdan süzülən sözlərə bənzər,
Mənim hər yazılan körpə şeirim.

Allahdan süzülüb, “Quran”dan keçib,
Kürboyu Muğandan, Arandan keçib,
Metedən bu yana Turandan keçib,
Mənim hər yazılan körpə şeirim.

Bir candan bir ruha hopub gələcək,
Çevrilib tufana qopub gələcək,
Sevgili yarını tapıb gələcək,
Mənim hər yazılan körpə şeirim.

Hökmdar oğludu, böyük saraydı,
Qəlbimə, ruhuma hopan haraydı.
Ömrümə nur saçan günəşdi, aydı,
Mənim hər yazılan körpə şeirim.