234435423665547648

İstəyirəm öz ölkəmin bayrağını

Parça-parça bölük-bölük,
Vətənimi istəmirəm.
Ruspərəst, ermənipərəst,
Vətəndaşdan,
vətən daşı gözləmirəm.
Xalqımı didmələyib,
Didik-didik, məzhəblərə ayırıblar.
Millətçilik, Dövlətçilik,
Şüarı ilə insanların ac şüurunu,
Doyurublar.
Vətənimin qan qoxusu,
Urmiyada, Borçalıda,
İrəvanda,
Təbriz kimi paytaxtımdan
Qan süzülür diyarımda.
Vətənimin başı bölük.
Azərbaycan doğulandan
Yaşı bölük.
Qoltuqlara baş qoymaqdan
usanmadı mənim xalqım,
Öz yurduna, torpağına,
Öz-özünə qənim xalqım.
Bütün ölkə mənimsəyir bu torpağı….
Qarabağı…
Sazişlərə imza atan,
Şərəfsizə şərəf satan,
Vicdansızı istəmirəm.
Şəhidlərin gözlərində yatır həyat.
Həyatsızı,
Ad altında bir adsızı istəmirəm.
Vətənsizlər,
Vətənimə gərək deyil.
Satqın, əyyaş örnək deyil.
İstəmirəm yad ölkənin bayrağını,
Başım üstə dalğalansın.
Parça-parça yaralarım,
Birləşmədən sağalmadan parçalansın.
İstəyirəm öz ölkəmin bayrağını,
Parçalardan bütövlənmiş torpağımı.

* * *

Gətirib dərdimi yuvarlaqlayım,
Başqa dərd içində itib batmasın.
Əvvəlki dərdlərim gedir piyada,
Dərdim, dərdlərimə gedib çatmasın.

Gətirib dərdimi yuvarlaqlayım,
Götürüb dənizə, aparsın sular.
Yoxsa hər gün yeni dərd doğar dərdim,
Yüküm ağırlaşar, dərdim çoxalar.

Gətirib dərdimi yuvarlaqlayım,
İçimdən bu dərdim bir baş yox olsun.
Öldürər dünyamı, əzər dərdlərim,
İçimdə böyüyən dünyam doğulsun.
Gətirib dərdimi yuvarlaqlayım.