nermin

Dinsiz mühitdə, ailə məfhumu aradan qalxır. Ailəni təşkil edən sədaqət, vəfa, bağlılıq, sevgi və hörmət kimi dəyərlər tamamilə məhv olur. Ailə, cəmiyyətin təməlidir və əgər ailə dağılsa, cəmiyyət də pozular. Dövlət və millət olmağın bir mənası qalmaz, çünki dövləti və milləti təşkil edən bütün mənəvi dəyərlər məhv olar. Dinsiz cəmiyyətdə heç kim bir-birinə hörmət, sevgi və mərhəmət hissi bəsləməz. Çünki bunun üçün bir səbəb olmaz. Nəticədə, sosial anarxiya əmələ gələr. Müxtəlif xalqlara qarşı təcavüzkarlıq mövqeyi formalaşar, işçi müdirinə, müdir işçisinə, ata övlada, övlad ataya qarşı təcavüzkar olar.

Daima qan tökülməyin, bəzi ölkələrdə hər gün gündəmə gələn cinayət xəbərlərinin səbəbi dinsizlikdir. Gözünü qırpmadan, çox adi səbəbdən bir-birini öldürən insanların xəbərləri reytinqlərdə ilk yerlərə yüksəlir. Halbuki, axirətdə hesab verəcəyini bilən insan başqa birinin üzünə silah tutub öldürə bilməz. Allahdan qorxar və pis haqq-hesabdan çəkinər. Allah Quranda insanları fitnə-fəsad törətməkdən belə çəkindirir:
Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır. (Əraf surəsi, 56)
İntiharların bu qədər yayılmasının kökündə də dinsizlik durur. İntihar edən, əslində, cinayət törədir. Ancaq Qurana bağlı bir insan bunu əsla etməz, belə bir fikri ağlından belə keçirməz. İnanan insan ancaq Allah rizası üçün yaşayar və Allahın ona dünyada verdiyi hər cür çətinlik və sıxıntıya səbr edər. Bu səbrin qarşılığını həm dünyada, həm də axirətdə qat-qat alacağını unutmaz.
Dinsiz cəmiyyətdə insanlar bir-birinə insan kimi dəyər verməzlər, çünki özlərini meymundan təkamüllə əmələ gəlmiş varlıq kimi görürlər. Bir insan meymundan təkamüllə törədiyini düşündüyü insana xidmət etmək, ona qulluq etmək istəməz. Bu düşüncəyə malik insanlar bir-birlərinə dəyər verməzlər. Bir-birlərinin sağlamlığını, rahatlığını düşünməzlər. İnsanlara zərər toxunmasından narahat olmaz, buna mane olmağa çalışmazlar.
Quran əxlaqı yaşandıqda dövlətə və millətə böyük zərər verən anarxiya bəlası tamamilə sona çatar. Mənəvi dəyərlərə malik şəxslər dövlətə və millətə sahib çıxarlar və bu dəyərlər üçün hər cür fədakarlıq etməkdən çəkinməzlər. Bu əxlaqa malik insanlar daima ölkənin rifahı və təhlükəsizliyi üçün çalışarlar. Belə cəmiyyətdə hər kəs dövlətin və millətin rifahı üçün çalışar, dövlətə qarşı çıxmaz, əksinə, maddi və mənəvi cəhətdən dəstək olar. Allahdan qorxan insanlardan ibarət cəmiyyətdə cinayət işləri, demək olar baş verməz. İndiki cəmiyyətdə baş verən cinayət hadisələrinin mində biri belə baş verməz. Dövlətin idarə olunması çox asanlaşar. Dövlət anarxiya, terror, fitnə-fəsad, cinayət kimi hadisələrlə məşğul olmayacağı üçün bütün gücünü ölkənin daxili və xarici siyasətinə, rifahının yüksəlməsinə, güclənməsinə, dirçəlməsinə sərf edər. Nəticədə də çox güclü dövlət formalaşar.
Cəmiyyətdə gənclər arasında geniş yayılmış laqeyd xarakterə Quran əxlaqı ilə yaşayan gənclərdə rast gəlinməz. Gəncliyin dinamikliyi, şövqü daima xeyirli işlərə istiqamətləndirilər. Belə bir mühitdə şagird və tələbələr sadəcə sinifdə qalmamaq və ya cəzadan xilas olmaq üçün deyil, şövqlə, istəyərək, dövlətə və millətə fayda vermək üçün təhsillərinə çox əhəmiyyət verərlər. Məktəblərdə intizamsızlıq aradan qalxar. Çox rahat, faydalı təhsil mühiti formalaşar. Müəllim və şagirdlər arasında itaətə, hörmətə və tolerantlığa əsaslanan müştərək iş meydana gələr. Bundan əlavə, şagird və tələbələr dövlətə, polisə qarşı da çox hörmətcil və itaətkar olar, dövrümüzdə tez-tez rast gəlinən tələbə etirazları baş verməz. Çünki bu etirazları tələb edən mühit olmaz.

Nərmin Kərimzadə